Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya regionu ilə əlaqələrin
genişləndirilməsi xüsusi prioritet istiqamətə çevrilmişdir. Bu siyasət çərçivəsində
region ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin
genişləndirilməsi və çoxtərəfli əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi
əhəmiyyət daşıyır. Türkmənistanla münasibətlərin inkişafı da bu kontekstdə mühüm
yer tutur. Xəzər dənizinin iki sahilində yerləşən Azərbaycan və Türkmənistan arasında
siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
regional əlaqələrin inkişafına əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri Türkmənistanın
Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət
Başçılarının 8-ci Məşvərət görüşündəki proqram xarakterli çıxışı bu əlaqələrin yalnız
ikitərəfli deyil, həm də çoxtərəfli formatda yeni bir geosiyasi reallıq yaratdığını nümayiş etdirir. Azərbaycanın ötən il bu formatın tamhüquqlu üzvü olması regionun iqtisadi və təhlükəsizlik memarlığında ölkəmizin rolunu daha da möhkəmləndirib.
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatı ilk dəfə 2018-ci ildə
Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün
keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın
mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata
tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət Görüşü formatı ilə
əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib.
Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla
əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının
müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. “Son illərdə Azərbaycanın Mərkəzi
Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib”. Bu barədə Prezident İlham
Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə
çıxışı zamanı bildirib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan
dövlətimizin başçısı qarşılıqlı yüksəksəviyyəli səfərlərin müntəzəm hal aldığını qeyd
edib.
Təkcə son bir ildə Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə beş
qarşılıqlı səfərin reallaşması siyasi dialoqun intensivliyindən xəbər verir. Bu dinamizm
özünü təkcə rəsmi protokollarda deyil, həm də mənəvi müstəvidə büruzə verir.
Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşası, eləcə də digər qardaş
dövlətlərin – Özbəkistanın Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı
adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa
etməsi azad olunmuş ərazilərin bərpasında türk dünyasının sarsılmaz həmrəyliyinin
rəmzidir.
Dövlətimizin başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin
ötən il 50 faizdən çox artdığini bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin
kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan
Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu
fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə o əlavə edib.
Mərkəzi Asiya ölkələri ilə logistika əməkdaşlığının daha da inkişaf etdirilməsi yük
axınlarının Azərbaycan üzərindən Avropa istiqamətində artmasına şərait yaradacaq.
Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa
bazarlarına çıxışında Azərbaycan mühüm tranzit qapıdır. Bu ölkələrin ixrac potensialı
artdıqca, Orta Dəhliz vasitəsilə daşınacaq yüklərin həcminin də yüksəlməsi gözlənilir.
Bu isə Azərbaycanın tranzit və logistika imkanlarını daha da artıracaq.
Avropa İttifaqının Orta Dəhlizə artan marağı Azərbaycanın nəqliyyat sektorunda yeni
investisiya və əməkdaşlıq imkanları yarada bilər. Onun fikrincə, Avropa ilə Mərkəzi
Asiya arasında ticarət dövriyyəsinin genişlənməsi Azərbaycan üçün yalnız tranzit
gəlirlərinin artması deyil, həm də logistika, anbar, multimodal daşımalar və rəqəmsal
nəqliyyat xidmətlərinin inkişafı baxımından yeni perspektivlər açır.
Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi üçün marşrut boyunca yerləşən
ölkələrin vahid yanaşma nümayiş etdirməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan
Azərbaycanın Mərkəzi Asiya dövlətləri və Türkiyə ilə əməkdaşlığı Orta Dəhlizin
Avropa istiqamətində daha səmərəli və dayanıqlı nəqliyyat marşrutuna çevrilməsinə
xidmət edə bilər.
Azərbaycanın Mərkəzi Asiya ilə nəqliyyat əlaqələrinin inkişafında rolu yalnız
infrastruktur imkanları ilə məhdudlaşmır. Xəzərin iki sahilində yerləşən dövlətlərin
eyni əməkdaşlıq platformasında təmsil olunması Mərkəzi Asiya ilə Cənubi Qafqaz
arasında əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün əlavə imkanlar
yaradır. Bu da regionlararası ticarət və logistika zəncirlərinin daha sıx
əlaqələndirilməsinə şərait yarada bilər. Mərkəzi Asiya və Azərbaycanın əsas logistika
və enerji inkişaf mərkəzləri kimi rolu durmadan artır, Asiya və Avropadakı
tərəfdaşlarla əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycanın Mərkəzi Asiya
dövlətləri ilə əlaqələrinin genişləndirilməsi xarici siyasətinin mühüm istiqamətlərindən
birini təşkil edir. Bu siyasət çərçivəsində region ölkələri ilə siyasi dialoqun
gücləndirilməsi, qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi və çoxtərəfli
əməkdaşlıq mexanizmlərində fəal iştirak xüsusi əhəmiyyət daşıyır. Türkmənistanla
münasibətlərin inkişafı da bu kontekstdə mühüm yer tutur.
Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı