Ukraynalı yazıçı Viktor Kaçmarikin “Heydər Əliyev. Azərbaycan Liderlik Fenomeninin gerçək tarixi” adlı kitabının birinci cildi olan “Heydər Əliyev – ata. Onun Azərbaycanı – ömrü qədər uzun tarix” əsərində müəllif əsərin ümumi ruhunda, həm də ayrı-ayrı hissələrində Azərbaycana və Dahi Heydər Əliyev şəxsiyyətinə münasibətini açıq şəkildə ortaya qoyub.
Kitab bir əcnəbi müəllifin bütün növ oxucuya ünvanlanmış səmimi bir dəvətdir. Müəllif bu kitabı niyə yazdığını, oxucunu nələrin gözlədiyini və mövzuya hansı mövqedən yanaşdığını çox maraqlı və yadda qalan mətnlərlə izah edir.
Müəllif ön sözdə kitabın onun həyatında planlaşdırılmamış, ilk dəfə yazdığı əsər olduğunu bildirir ki, bu da nəşrə təbiilik və inandırıcılıq gətirir.
Əsərin mərkəzində üç əsas mövzu dayanır: Azərbaycan və onun xalqı haqqında təəssüratlar, Dahi Heydər Əliyevin sadə ailədən çıxaraq ölkə və dünya tarixinə daxil olan şəxsiyyət kimi təqdimatı və həmçinin Əliyevlər dövründə siyasi varislik ideyası.
Müəllif bir neçə cilddən ibarət olacaq kitabda oxucunun Heydər Əliyevin həyat yolu, onun ictimai nüfuzu, eləcə də Zərifə xanımla sevgi hekayəsi barədə də məlumat alacağını da vurğulayır.
Şəxsi həyat xəttinin siyasi lider obrazı ilə yanaşı verilməsi uğurlu seçimdir, çünki bu, tarixi şəxsiyyəti yalnız dövlət xadimi kimi deyil, dəyərli və gözəl bir insan kimi də təqdim etməyə imkan yaradır. Belə yanaşma geniş oxucu kütləsinin marağını artırır və kitabı daha yaxın və oxunaqlı edir.
Kitabın ən maraqlı cəhətlərindən biri müəllifin kənar və obyektiv müşahidəçi mövqeyidir. O, Azərbaycana turist kimi gəlib, ölkəni öz gözləri ilə görməyə və insanlarla birbaşa ünsiyyət qurmağa çalışdığını bildirir. “Başqalarının şərhləri ilə deyil, şəxsi müşahidə ilə öyrənmək” prinsipi mətnə canlılıq verir. Xüsusilə uydurulmuş ritorikadan uzaq, rəğbətlə yazılmış bu baxış ölkəni tanımayan və ya az tanıyan oxucu üçün çox cəlbedicidir.
Müəllif adi insanlarla söhbətlərdən əldə etdiyi təəssüratları bizlərlə sevə-sevə paylaşır. Bu söhbətlərdə Heydər Əliyevin təcrübəli siyasətçi, xalq arasında böyük nüfuza malik lider və ictimai-siyasi sabitliyin bərpasında rol oynayan şəxs kimi xatırlanması müəllifin kitabının əsas ideya xəttini formalaşdırır.
Ukraynalı yazıçı oxucuya göstərir ki, kitabın qəhrəmanı müəllifin gözündə təkcə rəsmi siyasi tarixin deyil, xalqın gündəlik yaddaşının da bir hissəsidir. Bu cür “aşağıdan” gələn səslər tarixi şəxsiyyətə insani ölçü qazandırır və əsəri rəsmi təqdimatdan fərqləndirir.
Əsərin güclü tərəflərindən biri Azərbaycanın bir çox cəhətdən cazibədar ölkə kimi təsvir olunmasıdır. Müəllif Xəzər dənizinin, Qafqaz yaylalarının, tarixi yerlərin, xalça toxuculuğu ənənəsinin, neft və qaz sərvətlərinin, Bakının memarlığının və sahil bulvarının gözəlliyindən söz açır.
Bakının sahil hissəsini gündüz Barselonaya, axşam isə işıqlı Honkonqa bənzətməsi sadə, lakin təsirli bədii müqayisədir və oxucunun təsəvvüründə canlı şəkil yaradır. Təyyarə ilə Bakıya yaxınlaşarkən Xəzərdəki neft qurğularının, ardınca qumsal rəngli köhnə şəhərin görünməsi təsviri də mətnə kinematoqrafik xarakter qatır.
Müəllif xalqımızın qonaqpərvərliyini, səmimiyyətini, valideynlərə, ailəyə və yaxınlara dərin hörmətlə yanaşmasını xüsusi vurğulayır. Bərbər epizodu, Xəzər sahilində qarğıdalı satan şəxslə dialoq kimi qısa əhvalatlar mətni quru təsvirdən çıxarır, yumor və insani isti ünsiyyət ünsürləri gətirir. Bu epizodlar həm də xalqın xoş münasibətini göstərən canlı detallardır.
Ukraynalı müəllifin Azərbaycan və Ukrayna arasında insani, mədəni yaxınlıq hissini, sovet dövrünün ortaq xatirələrini xatırlatması da mətnə qəlbə yaxın ton verir.
Müəllifin azərbaycanlılara aid qeyd etdiyi “Vətən üçün lazım olanda silah götürməyi bacaran, qürurlu və dözümlü Xalq” ifadəsi də onun xalqa hörmətini ortaya qoyur. Kitab Azərbaycanı tanıtmaq istəyən, ona dostluq nəzəri ilə baxan müəllifin səsini eşitdirir.
Kitabda səmimilik, emosional tona yer verən müəllif, oxucu ilə “sən-mən” məsafəsini azaldır, ona dostcasına müraciət edir. Belə üslub isə geniş oxucu auditoriyası üçün də əlçatandır və əsərin populyar səciyyə daşıması üçün Azərbaycanı və Heydər Əliyevi az tanıyan xarici oxuculara üstünlük qazandırır.
Heydər Əliyevin 1993–2003-cü illərdə, İlham Əliyevin isə 2003-cü ildən Azərbaycan Prezidenti olması faktı müəllifin marağını doğuran əsas məqam kimi təqdim olunur. Müəllif bu məsələni öz yolu ilə araşdırır və xalq arasında dolaşan fikirləri toplayır.
Onun təqdim etdiyi mənzərəyə görə, Heydər Əliyev təcrübəsi, böyük nüfuzu və sabitlik gətirmək bacarığı ilə, İlham Əliyev isə atasının əsasını qoyduğu işin layiqli davamçısıdır. Müəllif ənənəvi Şərq cəmiyyətlərində ata-oğul münasibətinə, böyüklərə hörmətə və ailə dəyərlərinə verilən əhəmiyyəti də bu izahın mədəni konteksti kimi göstərir. Bu aspekt oxucuya Azərbaycanın ictimai-mədəni dəyərləri barədə əlavə düşüncə üçün zəmin verir.
Müəllifin “oğul atanın işinə cavabdehdir” fikrini məsəlin yeni şəkildə yozumu kimi təqdim etməsi də yaradıcı və yaddaqalan formulədir. Bu ifadə kitabın əsas ideyalarından birini – nəsillər arasında davamlılıq anlayışını – sadə dillə ifadə edir.
Ukraynalı müəllifin Azərbaycan mövzusuna müraciət etməsi iki xalq arasında insani maraq və qarşılıqlı hörmət baxımından da diqqətəlayiqdir. Bundan əlavə, müəllifin şəxsi səyahət təcrübəsini, adi insanlarla ünsiyyətini və emosional təəssüratlarını mətnə daxil etməsi kitaba bir növ memuar xarakteri qazandırır. Belə əsərlər oxucuya mövzunu yalnız faktlar çərçivəsində deyil, canlı insan münasibətləri və yaşanmış hisslər vasitəsilə qavramağa imkan verir. Bu baxımdan əsər rəğbətli və dostcasına ab-hava yaradır.
Viktor Kaçmarik Azərbaycana və Heydər Əliyev şəxsiyyətinə marağını açıq ifadə edir, şəxsi müşahidələrini bölüşür və oxucunu mövzuya dəvət edir.
Kitabın güclü tərəfləri onun oxunaqlılığı, bədii təsvirlərinin təsir gücü, xalqa, ölkəyə və onun fenomenal liderinə göstərilən hörmət, eləcə də oxucu ilə yaradılan isti ünsiyyətdir.
Asif ƏSGƏRLİ
YAP İdarə Heyətinin üzvü