Bəzi siyasi görüşlər yalnız iştirakçı dövlətlərin gündəliyindəki məsələlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda, xalqları birləşdirən tarixi bağların müasir geosiyasi reallıqlarda yeni məzmun qazanmasını nümayiş etdirir. Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Türk xalqlarını birləşdirən tarixi köklər, ortaq dil və mədəniyyət, mənəvi yaxınlıq, əsrlər boyu qorunub saxlanılan ənənələr bugünkü əməkdaşlığın ideya əsasını təşkil edir. Bu birlik yalnız keçmişin ortaq xatirələri ilə ölçülmür. Onun əsl gücü tarixi mirasın müasir dövlətçilik maraqları, qarşılıqlı etimad, iqtisadi tərəfdaşlıq və gələcəyə yönəlmiş strateji hədəflərlə uzlaşdırılmasındadır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin hazırkı inkişaf dinamikası da göstərir ki, ortaq tarixi irs müasir dövrdə yeni əməkdaşlıq imkanlarının formalaşmasına ciddi zəmin yaradır. 2026-cı il oktyabrın 8-də Türkmənbaşı şəhərində, “Avaza” kompleksində keçirilən 8-ci Məşvərət görüşü bu baxımdan mühüm siyasi hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan liderlərinin iştirak etdiyi görüş regional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və ortaq maraqların uzlaşdırılması baxımından yeni imkanlar ortaya qoydu. Xüsusilə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ilə keçirilən ilk görüş olması onun siyasi əhəmiyyətini daha da artırdı. Azərbaycanla Mərkəzi Asiya arasında münasibətləri yalnız coğrafi yaxınlıq və iqtisadi maraqlarla izah etmək mümkün deyil. Bu münasibətlərin arxasında ortaq tarixi təcrübə, mədəni irs, mənəvi dəyərlər və xalqlarımızın gələcəyə dair gözləntiləri dayanır. Türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan xalqları bir-birinə bağlayan bu amillər zamanın sınaqlarından keçərək bu gün dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın türk dünyasında tutduğu mövqe onun müstəqil dövlət kimi qazandığı siyasi nüfuz, həyata keçirdiyi çoxşaxəli xarici siyasət və regional təşəbbüslərlə sıx bağlıdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qardaş və dost ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, nəqliyyat və enerji bağlantılarının genişləndirilməsinə ardıcıl töhfələr verir. Burada mühüm məqam ondan ibarətdir ki, türk birliyi yalnız mənəvi şüar olaraq qalmamalı, xalqların rifahına, dövlətlərin iqtisadi imkanlarının genişlənməsinə və regionda sabitliyin möhkəmlənməsinə real təsir göstərməlidir. Türkmənbaşı görüşü də tarixi yaxınlığın konkret siyasi və iqtisadi əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi baxımından diqqət çəkir. Eyni zamanda, bu formatda iştirak edən bütün dövlətləri eyni etnik kimlik çərçivəsində deyil, ortaq regional maraqlar, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında birləşdirən yanaşma xüsusi əhəmiyyət daşıyır.
Görüşün mühüm nəticələrindən biri dövlət başçılarının iki sənədi imzalaması oldu. Bunlar “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”dır. Bu sənədlər siyasi dialoqun davamlılığının təmin edilməsi və çoxtərəfli əməkdaşlığın təşkilati əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Birgə Bəyanat dövlətlərin ümumi mövqelərinin və əməkdaşlıq niyyətlərinin ifadəsi kimi çıxış edirsə, Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar formatın fəaliyyətinin təşkilati çərçivəsinin inkişaf etdirilməsinə xidmət edir. Beləliklə, görüşün nəticələri yalnız diplomatik təmaslarla məhdudlaşmır, qarşılıqlı fəaliyyətin daha sistemli şəkildə davam etdirilməsi üçün zəmin yaradır. Sənədlərin siyasi əhəmiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri regional məsələlərə münasibətdə dialoq və uzlaşmanı ön plana çəkirlər. Müasir dünyada geosiyasi rəqabətin, iqtisadi qeyri-müəyyənliyin və nəqliyyat marşrutları uğrunda mübarizənin gücləndiyi bir şəraitdə dövlətlərin öz maraqlarını qarşılıqlı etimad əsasında uzlaşdırması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Türkmənbaşı görüşü region ölkələrinin əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq potensialdan səmərəli istifadə etmək niyyətinin göstəricisidir. Prezident İlham Əliyevin görüşdəki çıxışında nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşən, Mərkəzi Asiyanı Cənubi Qafqaz və daha geniş beynəlxalq bazarlarla birləşdirən mühüm tranzit imkanlarına malik dövlətdir. Ölkəmizdə dəniz limanlarının, dəmir və avtomobil yollarının, hava nəqliyyatı infrastrukturunun inkişafı bu imkanların reallaşdırılması üçün möhkəm zəmin formalaşdırır. Xəzər dənizi vasitəsilə daşımaların genişləndirilməsi, limanlar arasında əlaqələrin gücləndirilməsi, gömrük və logistika prosedurlarının səmərəliliyinin artırılması Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını yaxşılaşdıra bilər. Azərbaycanın tranzit potensialı isə bu prosesdə ölkəmizin regional əhəmiyyətini daha da artırır. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” təşəbbüsü və Xəzərin dibi ilə fiber-optik xətlərin inkişafı istiqamətində görülən işlər regionun rəqəmsal bağlantı imkanlarını genişləndirmək üçün perspektivlər açır. Energetika sahəsində əməkdaşlıq da eyni dərəcədə əhəmiyyətlidir. Türkmənistan və Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə nəqlinin genişlənməsi, bərpaolunan enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında aparılan işlər regional əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu layihələr qarşılıqlı iqtisadi maraqlarla yanaşı, enerji təhlükəsizliyinin və təchizat marşrutlarının şaxələndirilməsinin möhkəmləndirilməsinə də xidmət edir.
Türkmənbaşı görüşünün əhəmiyyətini yalnız imzalanmış sənədlərin siyasi məzmunu ilə qiymətləndirmək düzgün olmazdı. Əsl nəticə həmin sənədlərin yaratdığı imkanların konkret layihələrə, qarşılıqlı investisiyalara, yeni nəqliyyat əlaqələrinə və iqtisadi əməkdaşlıq mexanizmlərinə çevrilməsi ilə müəyyən olunacaq. Bu baxımdan sənaye kooperasiyasının genişləndirilməsi, birgə istehsal müəssisələrinin yaradılması, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat sahələrində təcrübə mübadiləsi, su ehtiyatlarından səmərəli istifadə və ekoloji problemlərin birgə həlli xüsusi əhəmiyyət daşıyır. Dövlətlərin malik olduğu təbii sərvətlər, insan kapitalı, istehsal imkanları və coğrafi üstünlüklər əlaqələndirildikdə, əməkdaşlığın daha dayanıqlı iqtisadi nəticələr verməsi mümkündür. Digər mühüm məsələ regional təhlükəsizlik və sabitlikdir. İqtisadi inkişaf, nəqliyyat bağlantıları və investisiya mühiti yalnız sülhün, qarşılıqlı etimadın və siyasi sabitliyin mövcud olduğu şəraitdə davamlı xarakter daşıya bilər. Buna görə də dövlət başçıları arasında müntəzəm məsləhətləşmələrin aparılması, regional çağırışlara ortaq yanaşmaların formalaşdırılması və qarşılıqlı maraqların qorunması gələcək əməkdaşlığın əsas şərtlərindən biri olaraq qalır. Türkmənbaşı görüşünün Azərbaycan üçün əhəmiyyətli tərəflərindən biri də ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin daha geniş çoxtərəfli formatda inkişaf etməsidir. Azərbaycanın 2025-ci ilin noyabrında bu Məşvərət formatının tamhüquqlu iştirakçısına çevrilməsi regional əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. 2027-ci ildə Azərbaycanın bu formata ilk dəfə sədrlik edəcək olması isə ölkəmizin üzərinə əlavə siyasi və təşkilati məsuliyyət qoyur. Bu imkan Azərbaycanın regional təşəbbüslərinin genişləndirilməsi, əməkdaşlıq prioritetlərinin əlaqələndirilməsi və qarşılıqlı faydalı layihələrin irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasət və Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli əlaqələri bir-birini tamamlayan istiqamətlər kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm xüsusiyyətlərindən biri tarixi və mədəni yaxınlığı real dövlət maraqları ilə uzlaşdırmaq, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən əməkdaşlıq imkanlarını ardıcıl şəkildə inkişaf etdirməkdir. Türkmənbaşı görüşündə iştirak və əldə olunan razılaşmalar da bu siyasətin regional müstəvidə davam edən istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Tarixi köklər xalqların kimliyini qoruyur, ortaq dəyərlər onları bir-birinə yaxınlaşdırır, müdrik siyasi qərarlar isə həmin yaxınlığı gələcək nəsillər üçün real imkanlara çevirir. Türk dünyasının birliyi də məhz bu üç amilin vəhdəti ilə daha güclü məzmun qazana bilər. Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yalnız ənənəvi dostluq və qardaşlıq çərçivəsində deyil, həm də iqtisadi, nəqliyyat, enerji və siyasi əməkdaşlıq müstəvisində inkişaf etdiyini göstərdi. İmzalanan sənədlər isə bu əlaqələrin davamlılığının və təşkilati əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün əsas məsələ ortaq tarixi irsi müasir inkişafın hərəkətverici qüvvəsinə çevirməkdir. Xalqlarımız arasında mənəvi bağların qorunması, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətləri olmalıdır. Azərbaycan bu prosesdə öz coğrafi mövqeyi, iqtisadi imkanları, diplomatik təcrübəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi məqsədyönlü xarici siyasəti sayəsində mühüm rol oynayır. Türkmənbaşı görüşünün əsas siyasi mesajı da məhz budur - ortaq tarixdən güc alan birlik yalnız bu günün maraqlarına xidmət etməklə kifayətlənməməli, gələcək nəsillər üçün daha təhlükəsiz, sabit və firavan regionun qurulmasına töhfə verməlidir.
David Həsənov
YAP Naxçıvan şəhər təşkilatının əməkdaşı