PDF Oxu

Siyasət

  • 1 322

Azərbaycan–Kamboca: əməkdaşlığın yeni istiqamətləri

image

Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərini, Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi strategiyasını və beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelini aydın şəkildə nümayiş etdirir. Səfər iki ölkə arasında mövcud siyasi dialoqun yeni mərhələyə yüksəldilməsi, iqtisadi münasibətlərin konkret məzmunla zənginləşdirilməsi və əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Kamboca coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə, suverenliyə hörmətə, dövlətlərin ərazi bütövlüyü prinsipinə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlıq üçün ortaq mövqelərə malikdirlər. Cənab Prezidentin bəyanatında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində formalaşmış siyasi münasibətlərə xüsusi diqqət yetirilməsi bu əməkdaşlığın institusional əsaslarının möhkəmliyini göstərir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dayanıqlılığı yalnız coğrafi yaxınlıq və ənənəvi siyasi təmaslarla müəyyən olunmur. Ortaq maraqlar, beynəlxalq hüquqa münasibət, çoxtərəfli diplomatiyada qarşılıqlı dəstək və yeni əməkdaşlıq imkanlarından səmərəli istifadə də mühüm rol oynayır. Bu baxımdan Azərbaycan–Kamboca münasibətləri müxtəlif regionları təmsil edən dövlətlər arasında qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafı üçün əlverişli imkanlar yaradır. Prezident cənab İlham Əliyevin bəyanatında ikitərəfli əlaqələrin intensivləşdirilməsinə dair razılaşmanın vurğulanması siyasi dialoqun praktik nəticələrlə tamamlanmasının vacibliyini ortaya qoyur. Diplomatik münasibətlərin inkişafı yalnız yüksək səviyyəli görüşlərlə məhdudlaşmamalı, müntəzəm məsləhətləşmələr, sahəvi əməkdaşlıq mexanizmləri və konkret layihələrlə möhkəmləndirilməlidir. Bu mənada Kamboca Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha sistemli və nəticəyönümlü əsasda inkişaf etdirilməsi üçün əhəmiyyətli siyasi zəmin formalaşdırır. İkitərəfli münasibətlərin iqtisadi ölçüsü xüsusi diqqətə layiqdir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan və Kamboca arasında ticarət dövriyyəsinin mövcud səviyyəsi potensial imkanları tam əks etdirmir. Lakin bu vəziyyət eyni zamanda yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün geniş imkanların mövcudluğundan xəbər verir. Əsas məsələ siyasi iradəni konkret iqtisadi təşəbbüslərə çevirmək, biznes dairələri arasında əlaqələri genişləndirmək və qarşılıqlı investisiyalar üçün əlverişli mühit yaratmaqdır. Bu məqsədlə birgə işçi qrupunun yaradılması mühüm praktik addımdır. Belə mexanizmlər ticarət və investisiya sahələrində mövcud maneələrin müəyyənləşdirilməsinə, sahibkarların ehtiyaclarının öyrənilməsinə və prioritet layihələrin hazırlanmasına şərait yaradır. Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə keçirilən biznes forumu da məhz bu baxımdan əhəmiyyətlidir. Forumun əsas potensialı tərəflərin bir-birinin iqtisadi imkanları, istehsal potensialı, bazar tələbləri və investisiya prioritetləri barədə daha dolğun məlumat əldə etməsindədir. Cənab Prezidentin məsafə amilinin müasir dünyada əvvəlki dövrlərlə müqayisədə ciddi maneə olmadığını, əsas məsələlərdən birinin məlumat çatışmazlığı olduğunu vurğulaması iqtisadi diplomatiyanın mahiyyətini ifadə edir. Qlobal iqtisadi əlaqələrin genişləndiyi şəraitdə informasiya mübadiləsi, institusional təmaslar, rəqəmsal həllər və birbaşa biznes əlaqələri coğrafi məsafənin təsirini əhəmiyyətli dərəcədə azalda bilər. Bu baxımdan iki ölkənin sahibkarları arasında davamlı kommunikasiya kanallarının yaradılması, qarşılıqlı biznes missiyalarının təşkili və birgə layihələrin təşviqi xüsusi əhəmiyyət daşıyır. Sənayenin müxtəlif sahələrində birgə istehsal müəssisələrinin yaradılması imkanlarının müzakirə edilməsi də əməkdaşlığın uzunmüddətli iqtisadi əsaslarının formalaşdırılması baxımından perspektivlidir. İkitərəfli əlaqələrin yalnız hazır məhsul ticarəti ilə məhdudlaşmaması, istehsal, texnologiya, təcrübə və bilik mübadiləsini əhatə etməsi tərəfdaşlığın əlavə dəyərini artırar. Bunun üçün konkret sahələr üzrə iqtisadi təhlillərin aparılması, bazar tələbatının qiymətləndirilməsi və sahibkarların təşəbbüslərinin institusional səviyyədə dəstəklənməsi vacibdir. Turizm və nəqliyyat sahələri də Azərbaycan–Kamboca münasibətlərinin şaxələndirilməsi üçün mühüm istiqamətlər sırasındadır. Turizm əlaqələrinin inkişafı xalqlar arasında qarşılıqlı tanışlığı artırmaqla yanaşı, xidmət sektoru, sahibkarlıq və mədəni mübadilə üçün yeni imkanlar yarada bilər. Nəqliyyat sahəsində əməkdaşlıq isə logistika marşrutları, yükdaşımalar və beynəlxalq bazarlara çıxış imkanları baxımından qarşılıqlı maraq doğurur. Bu istiqamətlərdə əldə olunacaq nəticələr iki ölkənin iqtisadi münasibətlərinin daha geniş regional və qlobal əlaqələr sisteminə inteqrasiyasına töhfə verə bilər. Təhsil sahəsində əməkdaşlığın bərpası və genişləndirilməsi isə münasibətlərin humanitar ölçüsünü gücləndirən mühüm amildir. Prezident cənab İlham Əliyevin bəyanatında sovet dövründə yüzlərlə Kamboca vətəndaşının Azərbaycanda təhsil alması faktının xatırladılması iki ölkə arasında mövcud tarixi əlaqələrin davamlılığını göstərir. Bu ənənənin müasir dövrün tələblərinə uyğun şəkildə yenidən canlandırılması qarşılıqlı tələbə mübadiləsi, ali təhsil müəssisələri arasında tərəfdaşlıq, elmi əməkdaşlıq və birgə təhsil proqramları vasitəsilə mümkün ola bilər. Təhsil əlaqələrinin əhəmiyyəti yalnız akademik biliklərin ötürülməsi ilə məhdudlaşmır. Xarici ölkələrdə təhsil alan gənclər gələcəkdə müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərərək dövlətlər arasında humanitar, elmi və iqtisadi əlaqələrin inkişafına töhfə verirlər. Bu baxımdan Azərbaycan və Kamboca arasında təhsil imkanlarının genişləndirilməsi uzunmüddətli perspektivdə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edə bilər. Cənab Prezidentin bəyanatında rəqəmsal transformasiya və Azərbaycanın “ASAN xidmət” modelinə göstərilən marağın xüsusi qeyd olunması da diqqətəlayiqdir. “ASAN xidmət” dövlət xidmətlərinin vətəndaşlara daha əlçatan, operativ və şəffaf şəkildə təqdim edilməsinə yönəlmiş idarəetmə modelidir. Onun beynəlxalq səviyyədə maraq doğurması Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübənin paylaşılması üçün əlavə imkanlar yaradır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, inzibati prosedurların sadələşdirilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsi müasir idarəetmənin əsas prioritetlərindəndir. Kambocanın bu sahədə Azərbaycan təcrübəsinə maraq göstərməsi dövlətlərarası əməkdaşlığın yalnız iqtisadi və siyasi istiqamətlərlə məhdudlaşmadığını, institusional təcrübə mübadiləsini də əhatə etdiyini göstərir. Belə əməkdaşlıq qarşılıqlı öyrənmə və praktiki nəticələr əsasında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edə bilər. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də parlamentlərarası əlaqələrdir. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi qanunverici orqanlar arasında dialoqun inkişafı üçün institusional imkan yaradır. Parlament diplomatiyası hökumətlərarası münasibətləri tamamlayır, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və qanunvericilik sahəsində təcrübə mübadiləsinə şərait yaradır.
Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi isə Cənub-Şərqi Asiya ilə əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu fakt Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin xüsusi yer tutduğunu və ölkəmizin müxtəlif regional platformalarda iştirak imkanlarını genişləndirməyə çalışdığını nümayiş etdirir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi, beynəlxalq nəqliyyat və logistika layihələrində iştirakı, eləcə də çoxtərəfli diplomatiyaya verdiyi önəm Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafını daha da aktuallaşdırır. Parlamentlərarası münasibətlərin dərinləşdirilməsi bu çərçivədə xüsusi əhəmiyyət kəsb edir. Dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlər və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq iki ölkənin mövqelərinin daha yaxından anlaşılmasına imkan verir. Bu əlaqələr siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, humanitar və institusional əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi üçün əlavə platforma rolunu oynaya bilər. Səfər zamanı müzakirə olunan məsələlər sırasında mina problemi xüsusi yer tutur. Azərbaycan və Kambocanın bu sahədə oxşar humanitar çağırışlarla üzləşməsi təcrübə mübadiləsini və praktiki əməkdaşlığı zəruri edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra Ermənistanın işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 400-dən çox insan həlak olmuş və ya xəsarət almışdır. Bu rəqəm mina təhlükəsinin ölkəmiz üçün nə qədər ciddi və uzunmüddətli problem olduğunu göstərir. Minalar yalnız insanların həyatına və sağlamlığına birbaşa təhlükə yaratmır, həm də azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətinə, iqtisadi fəaliyyətin genişləndirilməsinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına təsir göstərir. Buna görə də minatəmizləmə fəaliyyəti Azərbaycanın postmünaqişə dövründə qarşısında duran əsas humanitar və inkişaf prioritetlərindən biridir. Kambocanın mina təhlükəsi ilə mübarizə sahəsində topladığı təcrübə ilə Azərbaycanın praktiki biliklərinin qarşılıqlı paylaşılması, mütəxəssislərin hazırlanması, texniki imkanların öyrənilməsi və maarifləndirmə tədbirlərinin təşkili əməkdaşlığın konkret nəticələr verə biləcəyi istiqamətlərdəndir. Bu sahədə beynəlxalq tərəfdaşlığın gücləndirilməsi insan həyatının qorunmasına, təhlükəsiz yaşayış mühitinin yaradılmasına və postmünaqişə ərazilərinin sosial-iqtisadi dirçəlişinə xidmət edir.
Prezident cənab İlham Əliyevin bəyanatında sülh və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılması Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərini bir daha ön plana çıxarır. Dövlət başçısının vurğuladığı kimi, dayanıqlı sülh beynəlxalq hüquq normalarına, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır. Bu yanaşma dövlətlərin müstəqilliyinə hörmətin, sərhədlərin toxunulmazlığının və beynəlxalq münasibətlərdə hüquqi məsuliyyətin qorunmasının vacibliyini ifadə edir. Azərbaycan 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu gün ölkənin bütün ərazilərində dövlət suverenliyinin təmin olunması, azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparılması, “Böyük Qayıdış” Proqramının həyata keçirilməsi münaqişədən sonrakı inkişaf mərhələsinin əsas istiqamətləridir. Artıq həmin ərazilərdə insanların yaşaması və işləməsi qayıdış prosesinin real nəticələrini göstərir. Bununla yanaşı, infrastrukturun qurulması, məşğulluğun təmin edilməsi və təhlükəsiz yaşayış şəraitinin yaradılması uzunmüddətli və ardıcıl fəaliyyət tələb edir. Azərbaycanın təcrübəsi göstərir ki, sülhün davamlılığı yalnız hərbi-siyasi nəticələrlə deyil, həm də hüquqi prinsiplərə hörmət, təhlükəsizliyin təmin olunması və münaqişədən zərər çəkmiş ərazilərin bərpası ilə ölçülür. Bu baxımdan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyəti Azərbaycan–Kamboca dialoqunda ortaq yanaşmaların formalaşmasına imkan verir.
Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində əldə olunmuş razılaşmalar iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açır. Siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, təhsil və turizm sahələrində tərəfdaşlığın inkişafı, rəqəmsal idarəetmə təcrübəsinin paylaşılması və mina təhlükəsinə qarşı birgə səylərin gücləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.
Səfərin əhəmiyyəti ondan ibarətdir ki, tərəflər mövcud siyasi münasibətləri konkret fəaliyyət sahələri ilə zənginləşdirmək niyyətlərini ifadə ediblər. Qarşıdakı mərhələdə əsas vəzifə əldə edilmiş razılaşmaların ardıcıl icrasını təmin etmək, biznes dairələri arasında birbaşa əlaqələri gücləndirmək və müəyyənləşdirilmiş prioritetlər üzrə praktiki nəticələr əldə etməkdir.
Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, beynəlxalq təşkilatlarda fəal iştirakı və müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığa verdiyi önəm Kamboca ilə münasibətlərin inkişafı üçün də əlverişli zəmin yaradır. Bu tərəfdaşlığın dərinləşməsi yalnız ikitərəfli əlaqələrə deyil, həm də Asiya ilə daha geniş siyasi, iqtisadi və humanitar münasibətlərin inkişafına töhfə verə bilər. Beləliklə, Prezident cənab İlham Əliyevin bəyanatı Azərbaycan–Kamboca münasibətlərinin mövcud potensialını, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın perspektivlərini və siyasi dialoqun konkret nəticələrlə möhkəmləndirilməsinin strateji əhəmiyyətini ortaya qoyur.

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Digər xəbərlər