Son illərdə Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Bu siyasətin mühüm komponentlərindən biri də Azərbaycan ilə Türkmənistan arasında formalaşan çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıqdır. Tarixi, mədəni və dil baxımından bir-birinə yaxın olan bu iki dövlətin münasibətləri artıq təkcə dostluq zəminində deyil, həm də konkret geosiyasi və iqtisadi maraqlar üzərində inkişaf edir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. 2002-ci ilin avqustunda isə Azərbaycanın Aşqabadda səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq, müttəfiqlik və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəldib.
Prezident cənab İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmişdir. Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bildirib ki, son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi-ticari əməkdaşlığın gücləndiyini, qarşılıqlı investisiyaların artdığını, birgə layihələrin həyata keçirildiyini qeyd edib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ötən il 50 faizdən çox artdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”. Həmçinin birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd eən ölkə başçısı vurğulayıb ki, biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat, yaşıl enerji və rəqəmsal innovasiyalar sahəsində əməkdaşlığı dərinləşdirərək regionun strateji əhəmiyyətini artırır. Məşvərət görüşünün yekununda imzalanan Birgə Bəyannamədə Azərbaycanın bu platformada tamhüquqlu iştirakı və 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək AQEM-in 7-ci Sammitinə hazırlıq yüksək qiymətləndirilib. sənəddə tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək, suverenlik və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında regional təhlükəsizliyi təmin etmək, eləcə də terrorizm, mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq, qanunsuz miqrasiya və transsərhəd fövqəladə hallarla mübarizə sahəsində fəaliyyətlərini genişləndirmək əzmində olduqlarını təsdiqləyiblər. Eləcə də nəqliyyat sahəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri də daxil olmaqla, tranzit-nəqliyyat infrastrukturunun inkişafı prioritet elan edilib. Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı