Prezident İlham Əliyev dünən Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib. Əvvəlcə dövlətimizin başçısı konfrans çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.
Prezident İlham Əliyevə Dövlət Proqramı icrasının ikinci ilində regionların sosial-iqtisadi inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızın ayrı-ayrı iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş və silsilə tədbirlər reallaşdırılıb. Regionlarda kənd təsərrüfatı ilə yanaşı, sənayedə də əsaslı irəliləyişə nail olunmuş, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib.
Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün sistemli və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapıb. Sərgi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq keyfiyyətin başlıca meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır. İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara dövlət qayğısının artırılması hesabına regionların inkişafı sürətlənir. 2011-ci ildə və növbəti illərdə də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin yüksəldilməsi təşkil edəcək. Sonra konfrans öz işinə başladı.
Dövlətimizin başçısı konfransı giriş nitqi ilə açdı. Dövlət başçısı öz çıxışında diqqətə çatdırdı ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edilməsi, demək olar ki, ölkəmizin inkişafında çox mühüm rol oynayıb. Proqramın icrası nəticəsində bölgələrdə böyük quruculuq işləri aparılıb, yüz minlərlə yeni iş yeri açılıb, yeni sənaye müəssisələri yaradılıb. Prezident vurğuladı ki, regionların inkişafı və canlanması məhz Proqramın qəbul edilməsi ilə bilavasitə bağlı olmuşdur:
"Onu da qeyd etmək istəyirəm ki, 2004-2008-ci illərdə Proqrama əlavələr də, düzəlişlər də edildi. Çünki sürətli inkişafımız çox böyük templərlə ölçülürdü. O illərdə orta hesabla ümumi daxili məhsul 20 faizdən çox səviyyəsində idi. Belə olan halda, büdcəyə gələn əlavə gəlirlər əlbəttə ki, Proqrama edilmiş düzəlişlərə öz təsirini göstərmişdir. Bütövlükdə deyə bilərəm ki, 2004-2008-ci illəri əhatə edən Proqram artıqlaması ilə icra edildi, proqramın icrası nəticəsində ölkəmizin inkişafı və iqtisadiyyatımızın şaxələndirilməsi işində böyük və uğurlu addımlar atıldı.
2009-2013-cü illəri əhatə edən Proqram da uğurla icra edilir. Artıq iki ildir ki, Proqram icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Beləliklə, deyə bilərəm ki, əgər 2009-2010-cu illərdə - dünya üçün ən ağır illər ərzində iqtisadiyyatımız artmışsa, bundan sonrakı dövrdə şübhəsiz, inkişafımız daha da sürətlə gedəcəkdir.
Ümumi daxili məhsulun artması, əlbəttə ki, çox sevindirici haldır. Amma o da vacibdir ki, iqtisadiyyatımızın hər bir sahəsi inkişaf etsin, ölkədə sənayeləşmə prosesi sürətlə getsin. Kiçik və orta sahibkarlıq inkişaf etsin. Bu məqsədlə, dövlət tərəfindən atılan addımlar bəhrəsini verməkdədir. Dövlət büdcəmiz artır. Müqayisə üçün deyə bilərəm ki, 2004-cü illə müqayisədə builki dövlət büdcəmiz 12 dəfə böyükdür. Bu gün dövlət büdcəmiz 16 milyard dollar səviyyəsindədir və çox güman ki, il ərzində büdcə xərcləri daha da arta bilər. Çünki büdcədə neftin qiyməti 60 dollardan hesablanıbdır. Hazırda neftin qiyməti demək olar ki, o rəqəmdən iki dəfə çoxdur."
Daha sonra ölkə Prezidenti bildirib ki, ölkə qarşısında duran təxirəsalınmaz məsələlər öz həllini tapır və tapacaqdır. 2013-cü ilə qədər ikinci proqramın icrası hesabına ölkə qarşısında duran əsas iqtisadi, sosial və infrastruktur məsələləri öz həllini tapmalıdır. Hər halda Dövlət Proqramında bütün bu məsələlər öz əksini tapıb:
"Əslində bu proqram ölkə iqtisadiyyatının və bütövlükdə ölkəmizin inkişafı üçün əsas sənəd kimi qəbul edilibdir. Bu proqramda bütün vəzifələr, icra mexanizmləri, maliyyə resursları göstərilib. İcra müddəti də vardır. Beləliklə, yerlərdə və dövlət qurumlarının bilavasitə iştirakı ilə bu Proqramın tam şəkildə icrasına biz nail olmalıyıq. Bu məqsədlə bu gün biz proqramın keçənilki nəticələrini müzakirə edəcəyik.
2004-2008-ci illərdə Azərbaycana böyük həcmdə investisiyalar qoyulmuşdur. Çox sevindirici haldır ki, son ildə qoyulan investisiyaların böyük əksəriyyəti daxili investisiyalardır. Artıq daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu onu göstərir ki, bir tərəfdən Azərbaycan dövlətinin gücü artıb, digər tərəfdən investisiyaların müəyyən hissəsi özəl sektor tərəfindən qoyulur. Özəl sektor da Azərbaycanda gedən uğurlu proseslərdən bəhrələnir. O cümlədən dövlət tərəfindən verilmiş sifarişləri icra edərkən özəl şirkətlər güclənir, əlavə maliyyə vəsaiti əldə edir. O vəsaiti yenidən ölkə iqtisadiyyatına investisiya şəklində qoyur və beləliklə, həm şirkətlər güclənir, həm ölkə iqtisadiyyatı üçün əlavə investisiya mənbəyi yaradılır.
Bu gün də demək istəyirəm ki, biz ölkəmizin gələcək inkişafı üçün xarici bazarlara daha da böyük diqqət göstərməliyik. Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu prosesi uğurla gedir. Təkcə keçən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulmuşdur və bu çox böyük rəqəmdir. Bu il də sərmayə qoyulacaqdır. Azərbaycan xarici sərmayələrin qorunması işində böyük və uğurlu yol keçmişdir. Bu sərmayələr Azərbaycanda qorunur. Biz elə etməliyik ki, ölkəmizdə biznes mühitini daha da sağlamlaşdıraq, daha da yaxşılaşdıraq. Bu gün biz bu barədə danışacağıq. Bütün bu işlərlə bərabər, biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət özünü müxtəlif istiqamətlərdə büruzə verir. Təkcə maaş və pensiyaların artımı ilə biz öz fəaliyyətimizi məhdudlaşdırmırıq, eyni zamanda, sosial infrastrukturun yaradılması işində böyük sərmayələr qoyulur. Son 6-7 il ərzində ölkəmizdə 2 mindən artıq məktəb, 400-ə yaxın tibb müəssisəsi, 29 Olimpiya İdman Mərkəzi tikilib və bu proses davam etdirilir. Bölgələrdə sosial infrastrukturun, xüsusilə səhiyyə sahəsində sosial infrastrukturun yaradılması böyük məna daşıyır və biz növbəti illərdə həm dövlət büdcəsindən, həm başqa mənbələrdən bu sahədəki fəaliyyətimizi daha da gücləndirəcəyik."
Prezident İlham Əliyev daha sonra qeyd edib ki, dövlət tərəfindən sahibkarlığın inkişafına çox güclü dəstək vardır. Prezident qeyd edib ki, bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər.Dövlət başçısı diqqətə çatdırıb ki, bu gün iqtisadiyyatımızın böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır:
"Azərbaycan dövləti, bir daha demək istəyirəm ki, öz tərəfindən bütün lazımi tədbirləri görür, siyasi dəstək verilir, iqtisadi vasitələrlə kömək göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. O kreditlərin verilməsi demək olar ki, özəl sektorun inkişafına çox böyük təkan verdi. Kreditlərin 80 faizi regionlara verilir. Bu da bizim siyasətimizi və niyyətimizi göstərir.
Çox sevindirici hal ondan ibarətdir ki, kreditlər qayıdır. Özəl sektor burada böyük məsuliyyət göstərir. Əlbəttə ki, kreditlər veriləndə onlar təhlil edilir, özəl qurumların imkanları araşdırılır və o şirkətlər seçilir ki, onlar bu işə məsuliyyətlə yanaşırlar. Ancaq yenə də deyirəm, ola bilərdi ki, hansısa kreditlər qayıtmasın və burada problemlər yarana bilərdi. Çox sevindirici haldır ki, kreditlər qayıdıb və artıq qayıtmış kreditlərin hesabına o vəsait yenə kreditləşməyə yönəldilir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kredit veriləcəkdir. Beləliklə, bir neçə ildən sonra qayıdacaq kreditlərin məbləği daha da böyük olacaq və nə qədər qayıtsa yenə də bütün o məbləğ kreditləşməyə yönəldiləcəkdir.
Biz kreditləri verməklə həm özəl sektora dəstək oluruq, həm də ölkə iqtisadiyyatının inkişafına təkan veririk. Bu il və bundan sonrakı illərdə bu kreditləri ölkəmizin inkişafı üçün daha da vacib olan sahələrə verəcəyik. Burada həm özəl sektorun maraqları, həm dövlət maraqları bir-biri ilə üst-üstə düşməlidir ki, həm ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və həm də özəl sektor güclənsin.
Biz dünya praktikasını yaxşı bilirik. Dünyada gedən prosesləri də izləyirik. Görürük ki, özəl sahibkarlığın inkişafı ölkələrin ümumi inkişafını təmin edir. Düzdür, Azərbaycanın zəngin neft-qaz ehtiyatları var və düşünülmüş neft strategiyamız vardır. Bu strategiya artıq öz bəhrəsini verir. İqtisadiyyatımızın şaxələndirilməsi işində bu amil deyə bilərəm ki, çox vacib rol oynayıb. Əgər maliyyə resurslarımız olmasaydı, biz xarici maliyyə qurumlarının kreditlərinə daha çox bel bağlamış olardıq. Bəzi hallarda o kreditlərin alınmasında problemlər də yaranır. Yəni ki, enerji sektoru, neft-qaz sənayesi bizim üçün çox böyük dəstəkdir. Ancaq təkcə bu sahə inkişaf etməklə ölkə hərtərəfli inkişaf edə bilməz. Bu bizim üçün böyük maliyyə mənbəyidir. Bu, şübhəsiz, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən amillərdən biridir.
Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön planına çıxıbdır. Azərbaycan isə artıq bütün lazımi tədbirləri vaxtında görübdür. Zəngin neft yataqlarımız, qaz yataqlarımız aşkarlanıb. Çoxşaxəli boru kəməri infrastrukturumuz vardı ki, resurslarımızı istənilən istiqamətə nəql edə bilər və əslində nəql edir. Bu gün bu reallıqdır. Biz artıq tam hazırlıqlı vəziyyətdəyik. Biz bütün lazımi işləri görmüşük və böyük sərmayələrin qoyuluşuna da hazırıq."
Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, sahibkarlığın inkişafı əslində çox böyük islahat deməkdir. O islahat Azərbaycanda uğurla aparılır vəiqtisadiyyatımızın mütləq əksəriyyəti özəl sektorda formalaşır:
"İndi xarici bazarlarda neftin qiyməti 110 dolları ötübdür. Bəziləri Azərbaycanda buna sevinə bilərlər. Amma burada sevinmək üçün heç bir əsas yoxdur. Neftin 100 dollardan çox olan qiyməti böyük problemlər yaradacaqdır. O cümlədən bizim üçün də problemlər yarada bilər. Çünki hələ ki, biz müəyyən dərəcədə idxaldan asılıyıq. Neftin bahalaşması istehsal olunan bütün başqa məhsulların bahalaşmasına gətirib çıxaracaq və o məhsul Azərbaycana idxal ediləndə artıq onun qiyməti daha da yüksək olacaqdır. Ona görə indi siyasi proseslər belə cərəyan edir ki, gələcək inkişafı, dünyada gedən prosesləri proqnozlaşdırmaq bir qədər çətindir. Ona görə biz öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməliyik. Necə ki, enerji təhlükəsizliyimizi artıqlaması ilə təmin etmişik. Bu gün Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və bu rol daha da artacaqdır. Nəqliyyat təhlükəsizliyini təmin edirik. Bu gün bütün yollar Azərbaycandan keçir. Bizim coğrafi vəziyyətimiz belədir. Biz güclü nəqliyyat infrastrukturu yaradırıq. Artıq bu biz həm əlavə iqtisadi, həm də siyasi dividendlər gətirir. Azərbaycanda ərzaq təhlükəsizliyi də mütləq təmin edilməlidir. Bu barədə biz bu gün danışacağıq.
Deyə bilərəm ki, bütün bu məsələlər çox böyük məna daşıyır. Bir daha demək istəyirəm ki, biz sadəcə olaraq hansısa qısamüddətli inkişaf planının icrası ilə deyil, ölkəmizin uzunmüddətli strategiyasının hazırlanması ilə məşğuluq. Bu gün, 10 ildən, 20 ildən sonra nələr baş verəcək? Azərbaycan hər bir çağırışa, hər bir vəziyyətə hazır olmalıdır. Bizim imkanlarımız vardır. Bununla bərabər, bizim düşünülmüş siyasətimiz vardır. Biz dünyada gedən prosesləri izləyirik, bilirik. Azərbaycan bu gün regionun sabitliyi, iqtisadi və siyasi sabitliyin möhkəmləndirilməsi üçün çox mühüm ölkəyə çevrilibdir. Biz bunu siyasətimiz, apardığımız islahatlar, düşünülmüş addımlarımızla etmişik. Bu gün Azərbaycan regional faktor kimi dünya tərəfindən qəbul edilir. Azərbaycanın təsir imkanları artır. Azərbaycanın gücü artır. Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bütün bu reallıqlara çatmaq üçün mühüm rol oynamışdır. Eyni zamanda, islahatlar, ölkəmizin liberallaşması, xoşagəlməz hallara qarşı ciddi mübarizə, bizim strateji xəttimizdir."
Konfransda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Sumqayıt Texnologiyalar Parkı idarə heyətinin üzvü Zaur Məmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, "Elba" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Elçin Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Dövlət Proqramının icrası ilə bağlı görülən işlərdən danışıblar. Vurğulanıb ki, Dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il ərzində 4300-ə yaxın yeni müəssisə yaradılmış, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılmışdır. Ötən il xüsusilə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 9 faizə enmişdir. Təsadüfi deyil ki, 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir. Göründüyü kimi, Dövlət proqramı ilə müəyyən edilmiş tədbirlər nəzərdə tutulmuş cədvəl üzrə uğurla icra olunmuş və Proqramın tam və keyfiyyətli yerinə yetirilməsi üçün bütün imkanlar mövcuddur. Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə verilmiş, 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti materiallarının istehsalı zavodlarının və digər müəssisələrin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə olunur. Ümumiyyətlə, il ərzində, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kreditlər verilmişdir. Müasir texnologiyaların tətbiqi ilə aqrar sektorun inkişafında mühüm rolu olan, ildə 20 min ton quş əti, 60 mln damazlıq, 17 mln əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksi güzəştli kreditlər hesabına maliyyələşdirilmişdir. Sahibkarlığa, xüsusilə də kiçik sahibkarlığa dövlət dəstəyi tədbirləri çərçivəsində il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilmiş, 195-2 telefon məlumat mərkəzi və elektron ticarət portalı yaradılmış, vergi ödəyicilərinə xidmətin təkmilləşdirilməsi məqsədi ilə əlavə 10 vergi terminalı tikilmişdir. Eyni zamanda, Azərbaycan İnvestisiya Şirkətinin tərəfdaşlığı ilə istixana komplekslərinin, toxumçuluq bazasının yaradılması, heyvandarlıq, süd məhsulları, duz və digər ərzaq məhsullarının istehsalının təşkili ilə bağlı bir sıra səmərəli layihələr həyata keçirilmişdir.
Prezident İlham Əliyev yekun nitqi ilə çıxış edərək qarşıda duran vəzifələr və görüləcək işlərlə bağlı fikirlərini bildirib, müvafiq qurumların rəhbərlərinə tövsiyyə və tapşırıqlarını verib. Ölkə Prezidenti bir daha qeyd edib ki, ilin sonuna qədər proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilməlidir. Prezident diqqətə çatdırıb ki, 2011-ci ildə sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya idman kompleksləri tikiləcək, yol tikintisinə diqqət göstəriləcəkdir. Demək olar ki, əsas magistral yollarımız, - artıq orada gedən tikinti işləri ya başa çatıb, ya başa çatmaq üzrədir,- Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən yollar yaxın zamanlarda tam şəkildə hazır olacaq və beləliklə, ölkəmizin inkişafı üçün çox vacib olan məsələ öz həllini tapacaqdır.