Müasir dövrdə ideoloji təhlükəsizliyin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin dövlətçilik ruhunda tərbiyəsi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdəndir. İnformasiya müharibələrinin və müxtəlif ideoloji təsirlərin gücləndiyi şəraitdə milli birliyin qorunması xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin milli maraqlarının qorunması və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli kimliyimizin qorunmasına və cəmiyyətin sağlam ideoloji əsaslar üzərində inkişafına xidmət edir.
Bu istiqamətdə təhsil müəssisələrinin üzərinə mühüm məsuliyyət düşür. Məktəb yalnız bilik mənbəyi deyil, həm də intizamın, məsuliyyətin, qanunlara hörmətin və vətənpərvərlik ruhunun formalaşdığı mühitdir. Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin və müəllimlərin geyimi ilə bağlı müəyyən edilmiş tələblər vahid təhsil mühitinin və məktəb intizamının qorunmasının mühüm elementlərindəndir.
Son dövrlərdə baş örtüyü, o cümlədən hicabla bağlı müzakirələr fonunda dövlətin müəyyən etdiyi qaydaların hüquqi əsaslarının düzgün anlaşılması xüsusi əhəmiyyət daşıyır. Dünyəvi təhsil prinsiplərinə və geyim tələblərinə münasibət qüvvədə olan qanunvericilik çərçivəsində formalaşmalıdır. Bu məsələnin yanlış təqdim olunmasına və dini həssaslıqlardan istifadə etməklə cəmiyyətdə qarşıdurma yaradılmasına yol verilməməsi ideoloji təhlükəsizliyin mühüm istiqamətlərindəndir.
Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tolerantlıq ənənələri və dövlətçilik düşüncəsi cəmiyyətimizin əsas dayaqlarıdır. Bu dəyərlərin qorunması, gənclərin sağlam dünyagörüşündə yetişməsi və qanunlara hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.
Beləliklə, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, milli dəyərlərin qorunması və təhsil mühitində intizamın təmin olunması Azərbaycanın müstəqil gələcəyinə xidmət edən mühüm amillərdir.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri