Prezident İlham Əliyev oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata bəyanatında iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərindən söz açıb. Dövlət başçısı bildirib ki, qəbul edilmiş Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və ikitərəfli münasibətlərin daha da dərinləşməsi üçün mühüm zəmin yaradır.
Məlum olduğu kimi, Azərbaycan ilə Laos arasında diplomatik münasibətlər 30 ildən artıqdır uğurla inkişaf edir. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. Parlamentlərarası əlaqələr və hakim partiyalar arasında əməkdaşlıq da genişlənir. Hər iki ölkədə bu ölçüdə dostluq qruplarının yaradılması və səfər çərçivəsində Laos prezidentinin Milli Məclisdə parlament rəhbərliyi ilə görüşü qarşılıqlı münasibətlərin inkişafının göstəricisidir.
Dövlət başçısı iqtisadi əməkdaşlığın mövcud potensialına uyğun səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb. Çünki, hazırkı ticarət dövriyyəsi nə iki ölkənin imkanlarını, nə də əməkdaşlığı genişləndirmək niyyətini tam əks etdirir. Bu məqsədlə iqtisadi və ticarət əlaqələrinin intensivləşdirilməsi barədə müvafiq göstərişlər verilib. Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumunun işgüzar əlaqələrin inkişafına mühüm töhfə verəcəyi şübhəsizdir. Azərbaycan tərəfi Laos tərəfindən təqdim edilən konkret investisiya layihələrini nəzərdən keçirməyə hazırdır.
Cənab İlham Əliyev Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun ilbəil genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan sərmayələri yeni iş yerlərinin açılmasına və istehsal sahələrinin formalaşmasına imkan yaradır. Bu təcrübənin Laosla ikitərəfli əməkdaşlıq çərçivəsində də tətbiqi qarşılıqlı fayda verə bilər.
Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunan ölkəmizin rəhbəri Laos və Azərbaycan arasında təhsil əlaqələrinin bərpasının əhəmiyyətini vurğulayıb. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladan dövlət başçısı bu ənənənin davam etdirilməsini təklif edib. Bunun üçün təqaüd mexanizmlərinin yaradılması da nəzərdə tutulur.
Bəyanatda mina problemi də xüsusi yer tutub. Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazilərində bir milyondan çox minanın basdırıldığını, son 5-6 il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həyatını itirdiyini və ya ağır yaralandığını bildirib. Laosun da bu problemlə üzləşdiyini qeyd edən dövlət başçısı təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və mütəxəssislər üçün treninqlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da müzakirə olunan əsas istiqamətlərdən olub. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişafı nəticəsində Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna qoşulmaq imkanları yarana bilər. Azərbaycan isə əsas nəqliyyat-logistika layihələrini reallaşdıraraq yeni yük mənbələrinin cəlb edilməsi və daşımaların həcminin artırılması istiqamətində fəaliyyət göstərir. Tərəflər həyata keçirilən layihələrin gələcəkdə yükdaşımaların genişlənməsinə töhfə verəcəyinə ümid edirlər.
Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Prezident İlham Əliyev vurğulayıb ki, konkret addımlar atıldığı təqdirdə bu istiqamətlərin hər biri üzrə müsbət nəticələr əldə etmək mümkündür. Bunun üçün həm potensial, həm də qarşılıqlı siyasi iradə mövcuddur.
Dövlətimizin başçısı Laosu Azərbaycanın dost ölkəsi kimi xarakterizə edib və Prezident Thonqlun Sisulitin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərdə xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, bu səfər Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Onun oktyabrın 15-də Zirvə görüşündə iştirakının da ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyi gözlənilir.
Beləliklə, Azərbaycan və Laos arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, təhsil və humanitar əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat və investisiya sahələrində yeni imkanların reallaşdırılması ikitərəfli münasibətlərin əsas prioritetləri kimi müəyyənləşir. Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat isə bu istiqamətlər üzrə gələcək fəaliyyət üçün mühüm yol xəritəsidir.
Əli Hüseynli
Milli Məclisin deputatı