PDF Oxu

Siyasət

  • 738

Məktəblərdə vahid geyim tələbləri: dünyəvilik, nizam-intizam və hüquqi çərçivə - ŞƏRH

image

Azərbaycan Respublikasında təhsil sisteminin müasirləşdirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması və məktəb mühitində sağlam sosial-psixoloji atmosferin formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar hüquqi və institusional yanaşmanın təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan, dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün geyim tələblərinə dair vahid yanaşmanın təmin edilməsi məktəbdaxili nizam-intizamın, təşkilati idarəetmənin və pedaqoji etikanın gücləndirilməsinə xidmət edən mühüm addımdır. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi beynəlxalq təcrübədə geniş tətbiq olunan, şagirdlər arasında sosial bərabərliyi təmin edən, psixoloji təzyiqləri aradan qaldıran və diqqəti vasitəsiz olaraq təhsilin məzmununa yönəldən səmərəli idarəetmə mexanizmidir. Təhsil idarəçiliyi çərçivəsində tətbiq edilən bu yeniliklər məktəbin korporativ mədəniyyətini formalaşdırmaqla yanaşı, tədris ocağının nizamlı və işgüzar mühitini qoruyub saxlayır.
Təhsil müəssisələrində geyim tələblərinin müəyyənləşdirilməsi möhkəm hüquqi baza üzərində qurulmuşdur. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.2-1-ci maddəsinə əsasən, ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri millilik və dünyəvilikdir. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması, onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılmasını və inkişaf etdirilməsini tələb edir. Eyni zamanda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə uyğun olaraq, valideynlər övladlarını öz dini əqidələrinə uyğun tərbiyə etmək hüququna malik olsalar da, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır və onların dini tərbiyəsi fiziki, psixi sağlığına mənfi təsir göstərməməlidir. Bu hüquqi çərçivə məktəbin betərəf, bərabər imkanlar sunan və dünyəvi xarakterini tam qorumağa yönəlmişdir.
Dövlət ümumi təhsil müəssisələrində nizam-intizamın daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nə mühüm əlavə və dəqiqləşdirmələr edilmişdir. Yeni tələblərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Bununla yanaşı, normativ aktda milli-mənəvi irsə hörmət də öz əksini tapmışdır; belə ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən təntənəli tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə olunmasına icazə verilir. Valideynlər və ya digər qanuni nümayəndələr övladları tərəfindən müəyyən olunmuş geyim forması tələblərinə tam riayət edilməsini təmin etmək hüquqi və mənəvi məsuliyyəti daşıyırlar.
Təhsil mühitində nümayiş etdirilən nümunəvi davranış və xarici görkəmin tamamlayıcısı kimi təhsilverənlərin geyim qaydaları da xüsusi tənzimlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər" müəllim heyətinin işgüzar imicini və peşəkar standartlarını müəyyənləşdirir. Qərara əsasən, təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, habelə məktəbi təmsil etdikləri məktəbdənkənar rəsmi və təntənəli tədbirlərdə bu tələblərə ciddi riayət etməlidirlər. Təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalı, geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə tam cavab verməlidir.
Pedaqoji fəaliyyətin və tədris olunan fənlərin spesifikası nəzərə alınaraq, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı təhsilverənlər tədris məşğələsinin xarakterinə və iş şartlarına uyğun funksional, rahat və xüsusi geyimlərdən istifadə edə bilərlər. Şagirdlərdə olduğu kimi, müəllimlər üçün də Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı rəsmi tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyim elementlərindən istifadəyə şərait yaradılır. Bu qaydalar məktəbdə nümunəvi müəllim obrazını formalaşdırmaqla şagirdlər üçün intizam, estetika və peşəkarlıq baxımından canlı nümunə yaradır.
Ümumilikdə, 2026-cı ildə qəbul edilmiş bu normativ-hüquqi aktlar dövlət ümumi təhsil müəssisələrində vahid korporativ mühitin, dünyəvi təhsil prinsiplərinin və yüksək məktəbdaxili intizamın təmin olunmasına istiqamətlənmişdir. Təhsilalanlar və təhsilverənlər üçün müəyyən edilən geyim standartları sosial bərabərliyi koruyur, diskriminasiya halların qarşısını alır, təhsil iştirakçılarının məsuliyyətini artırır və məktəbin cəmiyyətdəki nüfuzunu yüksəldir. Hüquqi çərçivənin və institusional idarəetmənin bu şəkildə dəqiqləşdirilməsi Azərbaycan təhsilinin milli dəyərlərə və beynəlxalq standartlara söykənərək davamlı inkişafına mühüm töhfə verir.

Könül İsmayılova
YAP Ordubad rayon təşkilatının fəalı,1 nömrəli məktəbin direktoru

Digər xəbərlər