Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən, cəmiyyətin intellektual potensialını və milli-mənəvi dəyərlərini formalaşdıran mühüm sahədir. Bu baxımdan ümumi təhsil müəssisələrində sağlam mənəvi mühitin yaradılması, nizam-intizamın möhkəmləndirilməsi, şagirdlərdə məsuliyyət və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi də məhz bu məqsədlərə xidmət edən mühüm addımlardandır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin ideoloji təhlükəsizliyinin təmin olunmasının, milli maraqların qorunmasının və gənc nəslin düzgün dünyagörüşünə malik vətəndaşlar kimi yetişdirilməsinin vacibliyini bir daha ortaya qoyur. Dövlət başçısı ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayaraq təhsilin və vətənpərvərliyin zərərli ideoloji təsirlərə qarşı əsas müdafiə vasitələri olduğunu qeyd etmişdir. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı fonunda uşaqların və gənclərin müxtəlif informasiya və ideoloji təsirlərdən qorunması, onlarda tənqidi düşüncə, milli kimlik və dövlətçilik şüurunun formalaşdırılması daha böyük aktuallıq kəsb edir.
Məktəb yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, həm də şəxsiyyətin formalaşdığı, sosial münasibətlərin və davranış mədəniyyətinin inkişaf etdiyi mühüm ictimai institutdur. Bu səbəbdən məktəbdə müəyyən edilmiş geyim qaydalarına əməl olunması təhsilalanların kollektivə aidlik hissinin güclənməsinə, məktəbdaxili intizamın qorunmasına və şagirdlər arasında bərabər münasibətlərin formalaşmasına kömək edir. Vahid məktəbli forması ailələrin sosial-iqtisadi imkanları ilə bağlı fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, uşaqların özlərini eyni kollektivin bərabərhüquqlu üzvləri kimi hiss etmələrinə şərait yaradır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarının geyim formalarına dair tələblər təkmilləşdirilmişdir. Qərara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. Eyni zamanda, xalqımızın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə pedaqoji şuranın qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə olunması nəzərdə tutulur. Valideynlərin və digər qanuni nümayəndələrin üzərinə də uşaqların geyim qaydalarına riayət etməsini təmin etmək məsuliyyəti düşür.
Məktəbdə vahid geyim mədəniyyətinin formalaşması yalnız şagirdlərlə məhdudlaşmır. Müəllimlərin zahiri görünüşü, davranışı və peşəkar ünsiyyət mədəniyyəti də təhsil mühitinin keyfiyyətinə təsir göstərən amillərdəndir. Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” bu sahədə vahid yanaşmanın təmin edilməsinə və məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına yönəlib.
Müəyyən edilmiş tələblərə görə, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Geyimin forması və ölçüsü müəllimin əmək funksiyalarının icrasına mane olmamalı, pedaqoji fəaliyyətin xarakterinə uyğun seçilməlidir. Müvafiq fənlərin tədrisi zamanı isə iş şəraitinin xüsusiyyətləri nəzərə alınaraq funksional və rahat geyimlərdən istifadə edilə bilər. Müəllimin səliqəli və peşəkar görünüşü şagirdlərdə davranış mədəniyyətinə, məsuliyyətə və təhsil prosesinə hörmət münasibətinin formalaşmasına müsbət təsir göstərir.
Bu tələblərin mahiyyəti geyimi məqsədə çevirmək deyil, təhsil müəssisəsində peşəkarlığı, qarşılıqlı hörməti və vahid təşkilati mədəniyyəti gücləndirməkdir. Müəllim və şagirdlərin müəyyən edilmiş qaydalara əməl etməsi məktəbin daxili nizam-intizamının qorunmasına, tədris prosesinin səmərəliliyinə və sağlam kollektiv münasibətlərə xidmət edir. Eyni zamanda, qaydaların tətbiqində aydınlıq, ardıcıllıq və qanunvericiliyin tələblərinə uyğunluq mühüm şərtdir.
Bu məsələdə hüquqi əsaslar da xüsusi əhəmiyyət daşıyır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi millilik və dünyəvilik müəyyən edilmişdir. Dünyəvi təhsil milli-mənəvi dəyərlərdən uzaqlaşmaq deyil, milli irsin qorunmasını, elmi biliklərin mənimsənilməsini və hər bir şagirdin azad düşüncəli şəxsiyyət kimi formalaşmasını təmin edən yanaşmadır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsi də uşaqların dini etiqad azadlığı ilə bağlı hüquq və təminatları müəyyən edir, onların dinə etiqad etməyə məcbur edilməsini qadağan edir. Deməli, uşaqların hüquqlarının qorunması, dini və dünyəvi prinsiplər arasında qanunvericiliyə uyğun tarazlığın saxlanılması təhsil mühitinin əsas vəzifələrindəndir.
Azərbaycan tarixən müxtəlif dinlərin və mədəniyyətlərin yanaşı yaşadığı, qarşılıqlı hörmət və tolerantlıq ənənələrinin formalaşdığı ölkədir. Dövlətimiz dini etiqad azadlığına hörmətlə yanaşır, milli-mənəvi irsin qorunmasına xüsusi diqqət yetirir. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası, məscidlərin yenidən qurulması və dini-mədəni irsin dirçəldilməsi bu siyasətin mühüm təzahürlərindəndir. Bununla yanaşı, dövlət ümumi təhsilinin dünyəvi xarakterinin qorunması, məktəblərdə vahid qaydaların tətbiqi və uşaqların hər cür məcburi ideoloji təsirdən müdafiəsi də eyni dərəcədə vacibdir. Burada əsas məqsəd hər hansı dini inanca qarşı münasibət formalaşdırmaq deyil, təhsil prosesinin qanunla müəyyən edilmiş prinsiplər əsasında təşkilini təmin etməkdir.
Məktəblərdə geyimlə bağlı tələblərin ardıcıl tətbiqi, şagirdlərin və müəllimlərin bu qaydalar barədə maarifləndirilməsi, valideynlərlə əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Məktəb rəhbərliyi, pedaqoji kollektiv və valideynlər birgə fəaliyyət göstərərək uşaqlarda qanunlara hörmət, intizam, məsuliyyət, milli kimlik və vətənpərvərlik kimi keyfiyyətləri inkişaf etdirməlidirlər. Qaydalara münasibətdə izah və maarifləndirmə əsas yer tutmalı, hər bir məsələ hüquqi çərçivədə və uşaqların mənafeyi nəzərə alınmaqla həll edilməlidir.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tələblər məktəbdaxili intizamın möhkəmləndirilməsi, bərabər və sağlam təhsil mühitinin yaradılması, peşəkar davranış mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, milli-mənəvi dəyərlərə bağlı, müasir biliklərə yiyələnmiş və vətənpərvər gəncliyin yetişdirilməsi dövlətimizin strateji hədəfləri ilə uzlaşır. Güclü təhsil, sağlam dünyagörüşü və milli həmrəylik isə Azərbaycanın ideoloji təhlükəsizliyinin və davamlı inkişafının əsas dayaqlarıdır.
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı