Təhsil hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas sahələrdən biridir. Məktəb isə yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, eyni zamanda şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin aşılandığı, davranış mədəniyyətinin və ictimai məsuliyyət hissinin inkişaf etdirildiyi mühüm tərbiyə ocağıdır. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi məktəb həyatının təşkili, sağlam təhsil mühitinin yaradılması və vahid qaydaların təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı ildə qüvvəyə minən qanunvericilik dəyişiklikləri dövlət ümumi təhsil müəssisələrində geyim məsələsinə münasibətdə məsuliyyət və tələbləri daha aydın şəkildə müəyyənləşdirib. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyən edilməsi Nazirlər Kabinetinin səlahiyyətinə aid edilib. Eyni zamanda, valideynlərin övladlarının geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etmək məsuliyyəti də qanunvericilikdə təsbit olunub.
Bu dəyişikliklər məktəbdə geyim məsələsinin şəxsi seçimdən daha geniş məna daşıdığını, onun təhsil müəssisəsinin daxili nizam-intizamı və ümumi işgüzar mühiti ilə əlaqəli olduğunu göstərir.
Vahid məktəbli formasının tətbiqində başlıca məqsədlərdən biri şagirdlər arasında bərabərlik hissinin gücləndirilməsidir. Məktəb mühitində uşaqların geyimlərinə görə fərqləndirilməməsi, diqqətin onların geyim markalarına və maddi imkanlarına deyil, biliklərinə, davranışlarına və nailiyyətlərinə yönəldilməsi vacibdir.
Vahid forma şagirdlərdə kollektivə mənsubluq hissini gücləndirir, məktəbin ümumi görünüşünə səliqə və nizam gətirir. Eyni zamanda, uşaqların məktəbə müəyyən məsuliyyət və intizam anlayışı ilə yanaşmasına kömək edir. Məktəbli formasının geyinilməsi şagirdə gündəlik həyatında məktəbin özünəməxsus qaydaları olduğunu və həmin qaydalara hörmətlə yanaşmağın vacibliyini aşılayır.
Əlbəttə, vahid forma təhsilin keyfiyyətini öz-özlüyündə yüksəltmir. Lakin o, düzgün pedaqoji yanaşma və məktəb-valideyn əməkdaşlığı ilə birləşdikdə nizamlı, sağlam və bərabər təhsil mühitinin formalaşmasına müsbət təsir göstərə bilər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş məktəbli geyim formalarının təsvirlərinə 2026-cı ilin sentyabrında dəyişikliklər edilib. Yeni tələblərə görə, müəyyən edilmiş formanın vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilmir. Milli tarix və mədəniyyətlə bağlı tədbirlərdə isə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər.
Məktəbdə geyim məsələsi yalnız şagirdlərlə məhdudlaşmır. Müəllim də təhsil mühitinin əsas iştirakçısı, şagirdlər üçün davranış və ünsiyyət nümunəsidir. Onun peşəkar görünüşü, danışıq tərzi, davranışı və insanlarla münasibəti pedaqoji nüfuzunun formalaşmasında mühüm rol oynayır.
2026-cı il oktyabrın 6-da Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı ayrıca tələbləri təsdiq edib. Bu qərar müəllimlərin xarici görünüşünün pedaqoji fəaliyyətin xarakterinə və məktəbin işgüzar mühitinə uyğun olmasının hüquqi əsasını möhkəmləndirir
Müəllimin geyimi səliqəli, təmiz, münasib və peşəkar fəaliyyətə uyğun olmalıdır. Burada əsas məqsəd müəllimlərin fərdi xüsusiyyətlərini aradan qaldırmaq deyil, məktəb mühitinə uyğun ümumi peşəkar standartların qorunmasıdır. Müəllimin geyimi şagirdlərin diqqətini dərsin məzmunundan yayındırmamalı, tədris prosesinin ciddiliyinə və məktəbin nüfuzuna uyğun olmalıdır. Pedaqoji fəaliyyət yalnız dərs izah etməkdən ibarət deyil. Müəllim öz davranışı və gündəlik münasibətləri ilə şagirdlərə məsuliyyət, qarşılıqlı hörmət, səliqə və mədəniyyət nümunəsi göstərir. Bu səbəbdən müəllim geyiminə dair tələblərin tətbiqi məktəbdə vahid yanaşmanın formalaşmasına xidmət edir.
Geyimlə bağlı tələblərin uğurlu tətbiqi üçün yalnız normativ sənədlərin qəbul edilməsi kifayət deyil. Məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər bu prosesdə birgə məsuliyyət daşımalıdırlar.Məktəb rəhbərliyi müəyyən edilmiş qaydaların izahına, icrasına nəzarətə və yaranan məsələlərin qanunvericiliyə uyğun həllinə diqqət yetirməlidir. Pedaqoji Şura isə məktəbli formasına dair məsələləri müvafiq qaydada müzakirə edərək qərarlar qəbul etməlidir. Valideynlər uşaqların müəyyən olunmuş formada dərsə gəlməsinə nəzarət etməli, onlarda məktəb qaydalarına hörmət münasibəti formalaşdırmalıdırlar.
Bu prosesdə uşaqlarla maarifləndirici söhbətlərin aparılması xüsusi əhəmiyyət daşıyır. Şagirdlərə qaydalara əməl etməyin səbəbləri izah edilməli, tələblər qorxu və təzyiq vasitəsi kimi deyil, məktəb həyatının normal təşkili üçün zəruri qaydalar kimi təqdim olunmalıdır. Maddi çətinlik yaşayan ailələrə münasibətdə də həssaslıq və anlayış göstərilməlidir. Məktəbli formasının məqsədi şagirdi təhsildən uzaqlaşdırmaq və ya onu ictimai qınaqla üz-üzə qoymaq deyil. Əksinə, hər bir uşağın təhsil hüququnun qorunması və bərabər imkanların təmin olunması əsas prinsip olaraq qalmalıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 9 oktyabr 2026-cı il tarixli məlumatında dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlərin təşkil ediləcəyi bildirilib. Monitorinqlər şagirdlərin vahid məktəbli forması və təhsilverənlərin geyim qaydalarının icra vəziyyətini əhatə edir. Həmin məlumatda nəzarətin məktəb rəhbərliyi tərəfindən həyata keçirildiyi, müvafiq məsələlərin Pedaqoji Şurada müzakirə edildiyi və şagirdlərin müəyyən olunmuş formada dərsə davamiyyətinin valideynlərin birbaşa məsuliyyəti olduğu vurğulanır. Geyimlə bağlı qaydaların tətbiqində əsas diqqət cəzalandırmaya deyil, maarifləndirməyə, məsuliyyətin artırılmasına və qaydalara könüllü riayət vərdişinin formalaşdırılmasına yönəldilməlidir. Şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmalı, yaranan anlaşılmazlıqlar ilk növbədə izah və dialoq yolu ilə həll edilməlidir.
Məktəb yalnız bilik verən müəssisə deyil, həm də gələcəyin məsuliyyətli vətəndaşlarını yetişdirən ictimai mühitdir. Bu mühitdə qaydalara hörmət, intizam, qarşılıqlı anlaşma və bərabərlik mühüm yer tutur. Vahid məktəbli forması və müəllimlərin peşəkar geyim standartları da həmin məqsədlərə xidmət edən vasitələrdən biridir.
Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin düzgün və ardıcıl tətbiqi məktəbdə nizam-intizamın möhkəmlənməsinə, sağlam işgüzar mühitin yaranmasına və təhsil iştirakçıları arasında qarşılıqlı hörmətin artmasına töhfə verə bilər. Əsas məsələ qaydaların formal şəkildə deyil, onların mahiyyəti dərk edilərək həyata keçirilməsidir. Məktəb, ailə və cəmiyyət bu istiqamətdə birgə fəaliyyət göstərdikdə, təhsil müəssisələri həm bilik, həm də mədəniyyət və məsuliyyət nümunəsinə çevrilə bilər.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı