XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didgün düşən yüz minlərlə azərbaycanlının otuz ilə yaxın davam edən həsrəti, beynəlxalq hüququn ikili standartlarla üzləşdiyi reallıqlar 2020-ci ilin payızında birdəfəlik dəyişdi. 44 günlük Vətən müharibəsi sadəcə hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin suverenliyinin bərpası istiqamətində atılmış tarixi bir addım idi. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsi, dəmir yumruq kimi birləşən xalqımızın gücü və rəşadətli Ordumuzun döyüş meydanında yazdığı şanlı tarix bu qələbəni təmin etdi. Bu tarixi zəfərin kulminasiyası və hüquqi təsbiti olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat regionda yeni geosiyasi nizamın təməlini qoydu. Bəyanatın hərbi-siyasi gücünü, real təsirini və Prezident İlham Əliyevin diktə edən tərəf olaraq apardığı uğurlu siyasəti anlamaq üçün onun ən parlaq nümunəsinə – Ağdam rayonunun bir güllə atılmadan azad edilməsinə nəzər salmaq kifayətdir.
İllər boyu ATƏT-in Minsk qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının məşhur dörd qətnaməsinin kağız üzərində qalmasına göz yumurdular. Lakin Prezident İlham Əliyevin qətiyyətli liderliyi, həm döyüş meydanında, həm də informasiya müharibəsində dünyaya nümayiş etdirdiyi prinsipial mövqe bu status-kvonu darmadağın etdi. Dövlət başçısının qətiyyəti sayəsində imzalanan 10 noyabr Bəyanatı hərbi əməliyyatların dayandırılması haqqında sadə sənəd deyil, təcavüzkar Ermənistanın kapitulyasiya aktı idi. Bu sənəd Azərbaycanın döyüş meydanında əldə etdiyi üstünlüyün diplomatik müstəvidə hüquqi təsdiqi olmaqla yanaşı, Prezident İlham Əliyevin siyasi müdrikliyinin və düşmənə torpaqları mərhələli şəkildə boşaltmağı məcbur edən dəmir mexanizminin təntənəsi idi.
Bəyanatın reallıqda necə işlədiyini və Prezident İlham Əliyevin hərbi-diplomatik strategiyasının nə qədər qüsursuz olduğunu göstərən ən bariz nümunə 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun azad olunması oldu. Sənədin şərtlərinə əsasən, Ağdam hər hansı hərbi toqquşma baş vermədən, Ermənistan Silahlı Qüvvələrinin həmin ərazini tərk etməsi yolu ilə Azərbaycana təhvil verilməli idi. Ermənistan tərəfi hər vəchlə bu prosesi ləngitməyə, müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışsa da, Prezident İlham Əliyevin sərt siyasi təzyiqi, ordumuzun yenidən hücuma keçməyə hər an hazır olması və Ali Baş Komandanın qətiyyətli mövqeyi düşməni geri çəkilməyə məcbur etdi. Nəticədə, noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusu üçrəngli bayrağımızı qədim torpağımızda ucaltdı. Bu, qan tökülmədən, məhz dövlət başçımızın uzaqgörən siyasəti və güclü hərbi qüdrət sayəsində əldə edilən nadir strateji zəfərlərdən biri idi.
Ağdamın azad edilməsi xalqımızda sonsuz qürur və sevinc yaratmaqla yanaşı, işğalçının otuz il ərzində törətdiyi hədsiz dağıntıların miqyasını da bütün çılpaqlığı ilə ortaya qoydu. Evləri yerlə-yeksan edilmiş, mədəniyyət abidələri, qəbiristanlıqlar və dini ocaqlar təhqir olunmuş Ağdam şəhəri dünya mətbuatı tərəfindən haqlı olaraq "Qafqazın Xirosiması" adlandırıldı. Lakin 10 noyabr Bəyanatının verdiyi hüquqi güvən və Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu torpaqlarda başladılan miqyaslı bərpa-quruculuq işləri sayəsində bu gün həmin xarabalıqların yerində möhtəşəm dirçəliş dövrü yaşanır. Dövlət başçısının təməlini qoyduğu Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri müasir standartlara uyğun olaraq yenidən qurulur.
Bütün bunlardan aydın görünür ki, 10 noyabr 2020-ci il tarixli Bəyanat Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqlı davasının diplomatik zirvəsi, Ağdamın işğaldan azad edilməsi isə bu sənədin arxasında duran qətiyyətli hərbi-siyasi gücün təntənəsidir. Bu gün Ağdamda dalğalanan bayraq həm şəhidlərimizin qanının, həm də Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinin əbədi abidəsidir.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri