PDF Oxu

Siyasət

  • 344

Ağdam yenidən qurulur, doğma sakinlərinə qovuşur

Ağdam yenidən qurulur, doğma sakinlərinə qovuşur

20 Noyabr – Ağdam Şəhəri Günüdür
Azərbaycan tarixinin ən ağır sınaqlarından keçmiş, uzun illər erməni işğalının acı nəticələrini yaşamış Ağdam bu gün özünün yeni inkişaf və quruculuq dövrünü yaşayır. 20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın yaddaşında həm tarixi ədalətin bərpasının, həm də doğma torpaqlara Böyük Qayıdışın rəmzi kimi xüsusi yer tutur.
2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfər nəticəsində Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu. İşğal illərində şəhər və kəndlərimizin məruz qaldığı dağıntılar, tarixi-mədəni abidələrimizin vandalizmə məruz qalması Ağdamın faciəli taleyinin acı səhifələridir. Lakin Azərbaycan dövləti bu torpaqları yenidən dirçəltmək, şəhər və kəndlərimizi əvvəlkindən də gözəl görkəmdə qurmaq əzmini ortaya qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin mühüm istiqamətlərindən biri də Ağdamın yenidən qurulmasıdır. Dövlət başçısının təsdiq etdiyi Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan əsasında şəhərdə müasir yaşayış məhəllələri, inzibati binalar, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri, yollar və digər infrastruktur obyektləri inşa olunur. Ağdam gələcəkdə ölkəmizin ən böyük və müasir şəhərlərindən birinə çevrilmək istiqamətində inamla irəliləyir.
Bu gün görülən işlərin ən sevindirici tərəfi isə doğma sakinlərin öz yurdlarına qayıtmasıdır. 2025-ci il martın 27-dən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. Artıq uzun illər doğma torpaqlarından uzaqda yaşayan ailələr öz evlərinə dönür, yeni mənzillərində məskunlaşır, şəhərin həyatına yenidən qovuşurlar. 2026-cı il sentyabrın 1-də Ağdam şəhərinə daha 117 ailənin, 362 nəfərin köçürülməsi ilə şəhərdə məskunlaşan ailələrin sayı 1048-ə çatıb.
Ağdam rayonunun kəndlərində də məskunlaşma və quruculuq prosesi davam edir. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin sakinlərinin doğma yurdlarına qayıtması Böyük Qayıdışın mühüm nailiyyətlərindəndir. Eyni zamanda Eyvazxanbəyli və Baş Qərvənd kəndlərində bərpa-quruculuq işləri aparılır. Bu yaşayış məntəqələrinin də sakinlərinin qayıdışı üçün şərait yaradılması nəzərdə tutulur. Beləliklə, Ağdamın təkcə şəhəri deyil, kəndləri də yenidən həyatla dolur.
2026-cı il noyabrın 17-də açıqlanan məlumatlara görə, Ağdam rayonunda 8300 nəfər yaşayır. Bu göstərici rayonun işğaldan azad edilmiş ərazilərimiz arasında ən çox məskunlaşma qeydə alınan ünvanlardan birinə çevrildiyini göstərir. Bu, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin, yaradılan infrastrukturun və insanların doğma yurda qayıtmaq arzusunun real nəticəsidir.
Ağdamda həyata keçirilən quruculuq işləri yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Burada yollar, elektrik, su və qaz təchizatı sistemləri yenidən qurulur, nəqliyyat infrastrukturu inkişaf etdirilir, məktəblər, sosial və mədəniyyət obyektləri istifadəyə verilir. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu və avtovağzal kompleksi, Ağdam İmarət Kompleksinin bərpası, yeni istehsal və xidmət sahələrinin yaradılması şəhərin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir.
Ağdamın dirçəlişi həm də Azərbaycanın iqtisadi gücünün, quruculuq imkanlarının və milli iradəsinin təzahürüdür. Burada yaradılan yeni iş yerləri, sahibkarlıq imkanları, müasir yaşayış və sosial şərait insanların öz doğma yurdlarında rahat yaşamasına, işləməsinə və gələcək planlarını gerçəkləşdirməsinə geniş imkanlar açır. Əsas məqsəd qayıdan əhalinin yalnız mənzillə deyil, davamlı məşğulluq, keyfiyyətli təhsil, səhiyyə və digər zəruri xidmətlərlə təmin edilməsidir.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bir daha qeyd etmək lazımdır ki, bu tarixi nailiyyətin əsasında Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Ağdamın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların qanı bahasına qazanılmış Zəfər bu gün quruculuq və qayıdış sevinci ilə davam edir.
Əminliklə demək olar ki, yaxın illərdə Ağdam şəhəri və onun kəndləri daha da inkişaf edəcək, doğma sakinlərinin qayıdışı genişlənəcək, Qarabağın bu qədim yurdu yenidən Azərbaycanın ən gözəl yaşayış və iqtisadi mərkəzlərindən birinə çevriləcək. Ağdamın hər küçəsində, hər yeni tikilidə, hər qayıdan ailənin sevincində Azərbaycanın Zəfəri və dövlətimizin gücü yaşayır.
Ağdam yenidən qurulur, Ağdam yenidən yaşayır! Doğma yurda Böyük Qayıdış davam edir!

Ehtibar İsmayılov
YAP Ordubad rayon təşkilatının sədri

Digər xəbərlər