Ağdamın azad olunmasına görə medalının təsis edilməsi Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu medal Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və Vətənə bağlılığının rəmzidir. Ağdamın azadlığına görə medalının təsis edilməsi bu tarixi hadisənin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir.
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və böyük mənəvi dəyərlərə malik şəhərlərindən biridir. Uzun illər işğal altında qalan bu torpağın azad olunması xalqımızın yaddaşında xüsusi yer tutur. 2020-ci il noyabrın 20-də Ağdam rayonunun Azərbaycana qaytarılması ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm tarixi hadisə oldu. Bu gün Ağdamın adı yalnız işğal və dağıntılarla deyil, həm də qayıdış, dirçəliş, quruculuq və gələcəyə inamla əlaqələndirilir.
Medalın təsis edilməsinin əsas məqsədlərindən biri Ağdamın azad olunmasında iştirak edən hərbi qulluqçuların xidmətlərini qiymətləndirmək, onların fədakarlığını və qəhrəmanlığını gələcək nəsillərə nümunə göstərməkdir. Bu dövlət təltifi Vətən uğrunda xidmət göstərmiş insanların əməyinə verilən ehtiramın ifadəsidir.
2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Qanunu ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Həmin medalın Əsasnaməsinə əsasən, Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları bu medalla təltif olunurlar. Beləliklə, dövlətimiz Vətən uğrunda xidmət göstərən hərbçilərin qəhrəmanlığını və fədakarlığını xüsusi təltiflə qiymətləndirmişdir.
Medalın üzərində Ağdamın adı və 20 noyabr 2020-ci il tarixi əks olunmuşdur. Medalın ön tərəfində doğan günəşin şüaları fonunda Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgərinin təsviri yer alır. Bu təsvir azadlığı, milli qüruru, dövlət müstəqilliyini və xalqımızın qələbə əzmini ifadə edir.
Bu medalın təsis edilməsi həm də Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələrin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Çünki hər bir dövlət təltifi özündə müəyyən tarixi həqiqətləri, qəhrəmanlıq nümunələrini və milli dəyərləri yaşadır. Ağdamın azad olunmasına görə medal da bu baxımdan xüsusi mənəvi məna kəsb edir.
Ağdamın azad edilməsi ilə əlaqədar təsis olunan bu medal Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli həmrəyliyimizin rəmzlərindən biridir. Bu təltif Vətənə xidmətin, torpağa bağlılığın və dövlətə sədaqətin qiymətləndirilməsinin bariz nümunəsidir. Ağdamın azadlığı uğrunda göstərilən xidmətlər heç vaxt unudulmamalı, bu tarixi hadisə daim ehtiramla xatırlanmalıdır.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin yenidən qurulması, infrastrukturun bərpası, yaşayış məntəqələrinin abadlaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindəndir. Bir zamanlar dağıntılarla üz-üzə qalan Ağdam bu gün yenidən qurulan, inkişaf edən və gələcəyə doğru inamla addımlayan şəhərə çevrilir.
“Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi sadəcə bir dövlət təltifinin yaradılması deyil, həm də tarixi Zəfərə, Vətənə xidmətə və qəhrəmanlığa verilən yüksək qiymətdir. Bu medal Azərbaycanın müstəqillik tarixinin şanlı səhifələrindən birini təcəssüm etdirir. Ağdamın azadlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, bu uğur uğrunda xidmət göstərən insanların fədakarlığı isə gələcək nəsillər üçün örnək olacaqdır.
Bağırova Cəmilə
YAP Ordubad rayon təşkilatında məsləhətçi