PDF Oxu

Siyasət

  • 834

Azərbaycan və Kamboca münasibətlərində yüksəliş dövri: iqtisadi əməkdaşlığın yeni prioritetləri - ŞƏRH

image

Azərbaycan Respublikasının xarici siyasət prioritetləri sırasında coğrafi şaxələndirmə və yeni inkişaf edən regional bazarlarla iqtisadi-ticarət tərəfdaşlığının qurulması xüsusi dinamizmi ilə seçilir. Son illərdə Cənub-Şərqi Asiya regionu və ASEAN hövzəsi ölkələri ilə münasibətlərin dərinləşdirilməsi Bakının Asiya istiqamətində yürütdüyü fəal diplomatik xəttin aparıcı sütunlarından birinə çevrilmişdir. Bu çərçivədə Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında ikitərəfli münasibətləri keyfiyyətcə yeni müstəviyə daşımışdır. Dövlət başçısının xüsusi olaraq vurğuladığı "İkitərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq" fikri, sadəcə diplomatik nəzakət deyil, yaxın gələcəkdə reallaşacaq iqtisadi strategiyanın və konkret hədəflərin anonsudur. Siyasi iradənin möhkəm olması, hər iki dövlətin beynəlxalq platformalarda — BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurası (AQEMŞ) çərçivəsində bir-birini ardıcıl dəstəkləməsi artıq praktiki iqtisadi dividendlər mərhələsinə keçidi şərtləndirir.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin mövcud həcmi tərəflərin iqtisadi potensialı ilə müqayisədə kifayət qədər kiçikdir və məhz bu amil ticarətin kəskin artırılması üçün geniş imkanlar pencərəsi açır. Prezident İlham Əliyevin ifadə etdiyi canlanma, ilk növbədə, qarşılıqlı mal mübadiləsinin çeşidinin şaxələndirilməsi və strukturunun zənginləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycanın güclü neft-kimya sənayesi, mineral gübrə (xüsusilə karbamid və azot gübrələri) və plastik xammal istehsalı Kambocanın dinamik inkişaf edən kənd təsərrüfatı sektoru üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın kənd təsərrüfatı texnologiyaları, emal olunmuş qida məhsulları, meyvə-tərəvəz konservləri, fındıq və şərabçılıq məhsulları Kamboca bazarında özünəməxsus mövqe tutmaq imkanına malikdir. Əvəzində isə, dünyanın aparıcı premium düyü və təbii kauçuk istehsalçılarından olan Kambocadan Azərbaycanın ərzaq təhlükəsizliyi və sənaye ehtiyacları üçün keyfiyyətli xammal və məhsul idxalı təmin edilə bilər. Həmçinin Kambocanın qlobal miqyasda rəqabətqabiliyyətli tekstil və geyim sənayesi Azərbaycanın istehlak bazarında böyük maraq kəsb edir.
Ticarət əlaqələrinin sürətlə canlanması üçün institusional və hüquqi alətlərin formalaşdırılması kəskin zərurətdir. Dövlət başçısının bəyanatında öz əksini tapan əsas fəaliyyət xətlərindən biri tərəflər arasında sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və iqtisadi-ticarət əməkdaşlığı haqqında çərçivə sazişlərinin imzalanması, habelə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasıdır. Hüquqi çərçivənin təmin olunması, özəl sektor nümayəndələrinin və biznes dairələrinin təmaslarını stimullaşdıracaq, Bakı və Pnompen şəhərlərində biznes forumların, ticarət missiyalarının keçirilməsinə geniş yol açacaqdır. İş adamları arasında birbaşa B2B görüşlərinin təşkili ticarət dövriyyəsinin kəskin artımını təmin edən əsas hərəkətverici qüvvəyə çevriləcəkdir.
Ticarət mübadiləsi ilə yanaşı, investisiya qoyuluşları da nəzərdə tutulan canlanmanın ayrılmaz hissəsidir. Azərbaycanın böyük maliyyə imkanlarına və xarici layihələrdə geniş investisiya təcrübəsinə malik olması Kambocanın sürətlə böyüyən Asiya bazarında mövqelərini gücləndirmək istəyi ilə üst-üstə düşür. Azərbaycanın enerji sektoru, xüsusən SOCAR-ın beynəlxalq təcrübəsi Kambocanın energetika infrastrukturunun və neft emalı sahəsinin modernləşdirilməsində iştirak imkanlarını yaradır. Bərpa olunan enerji, infrastruktur, kənd təsərrüfatı məhsullarının birgə emalı və logistika sahələrinə qarşılıqlı sərmayə qoyuluşu hər iki tərəf üçün yüksək gəlirlilik və iqtisadi sabitlik vəd edir. Kambocada yaradıla biləcək müştərək istehsal müəssisələri təkcə yerli bazara deyil, ASEAN məkanına, Azərbaycandakı müəssisələr isə Mərkəzi Asiya və Qafqaz regionuna çıxış imkanı əldə edə bilər.
Ticarət əlaqələrindəki gözlənilən canlanmanın rəvan və səmərəli həyata keçirilməsində logistika və nəqliyyat dəhlizləri həlledici rol oynayır. Azərbaycanın geostrateji mövqeyi, müasir nəqliyyat infrastrukturuna, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və geniş dəmir yolu şəbəkəsinə sahib olması ölkəmizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin qovşağına çevirmişdir. Kamboca məhsullarının Mərkəzi Asiya, Avropa və Qara dəniz hövzəsi bazarlarına çatdırılmasında Azərbaycan ərazisi ən əlverişli və təhlükəsiz tranzit marşrutu kimi çıxış edir. Eyni zamanda Azərbaycan tərəfi özünün brend xidməti olan "ASAN Xidmət" və rəqəmsal idarəetmə təcrübəsini Kamboca ilə bölüşməyə hazır olduğunu bəyan etmişdir ki, bu da iki ölkə arasında gömrük, ticarət və dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, prosedurların sadələşdirilməsinə xidmət edəcəkdir.
Tarixi baxımdan hər iki ölkə bənzər çətinliklərlə, suverenlik və ərazi bütövlüyü mübarizəsi ilə üzləşmiş, beynəlxalq hüququn aliliyinə sadiqlik göstərmişdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng bərpa və quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icrası Azərbaycanın iqtisadi gücünü və müstəqil inkişaf modelini nümayiş etdirir. Prezident İlham Əliyev və Baş nazir Hun Manet tərəfindən ifadə olunan siyasi iradə, dövlətlərimiz arasında müəyyənləşdirilən strateji xətt ikitərəfli ticarət əlaqələrində gözlənilən böyük canlanmanın real zəminlərə söykəndiyini göstərir. Yaxın illərdə atılacaq praktiki addımlar, imzalanacaq sazişlər və həyata keçiriləcək birgə layihələr Azərbaycan-Kamboca tərəfdaşlığını həm siyasi, həm də iqtisadi müstəvidə nümunəvi səviyyəyə ucaldacaqdır.

Bilqeys Əkbərova
YAP Ordubad rayon təşkilatı üzrə 1 nömrəli məktəb ƏPT sədri

Digər xəbərlər