PDF Oxu

Siyasət

  • 888

Məktəbli geyimindən ideoloji təhlükəsizliyə: milli dəyərlər, intizam və dünyəvi təhsil prinsipləri - ŞƏRH

image

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər müasir dövrdə Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən birini – ideoloji təhlükəsizliyin qorunmasını və gənc nəslin milli dövlətçilik ruhunda yetişdirilməsini bir daha gündəmə gətirir. Dövlət başçısının vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Bu təhlükəsizliyin təmin olunmasında isə təhsil, bilik, vətənpərvərlik və milli dəyərlərə bağlılıq xüsusi yer tutur.

Məhz bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər yalnız zahiri görünüş məsələsi kimi deyil, məktəb mədəniyyətinin, intizamın, peşə məsuliyyətinin və vahid təhsil mühitinin formalaşdırılması kontekstində qiymətləndirilməlidir.
Məktəbin əsas missiyası şagirdlərə bilik verməklə yanaşı, onları müstəqil düşünən, vətənini sevən, milli kimliyini dərk edən, qanunlara hörmətlə yanaşan və cəmiyyət qarşısında məsuliyyətini anlayan vətəndaşlar kimi yetişdirməkdir. İnformasiya axınının sürətləndiyi, sosial şəbəkələr vasitəsilə müxtəlif ideoloji təsirlərin yayıldığı müasir dünyada bu vəzifənin əhəmiyyəti daha da artır.
Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışında təhsilin və vətənpərvərliyin ideoloji təxribatlara qarşı mühüm vasitələr kimi vurğulanması məktəblərin üzərinə düşən məsuliyyəti aydın göstərir. Savadlı, milli dəyərlərinə bağlı və analitik düşünməyi bacaran gənc yalan məlumatları, manipulyasiyanı və zərərli çağırışları daha düzgün qiymətləndirə bilər. Deməli, ideoloji təhlükəsizlik ilk növbədə keyfiyyətli təhsil, sağlam düşüncə və güclü vətəndaşlıq mövqeyi ilə təmin olunur.
Şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə gəlməsi məktəbdə vahidlik və nizam-intizamın qorunmasına xidmət edir. Məktəbli geyiminin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasının qarşısını almaq, kollektivə mənsubiyyət hissini gücləndirmək və tədris mühitinə uyğun davranış mədəniyyəti formalaşdırmaqdır.
Bu tələblərə əməl olunması yalnız məktəbin deyil, ailənin də məsuliyyətidir. Valideynlərin uşaqlara qaydaların mahiyyətini izah etməsi, onlarda məsuliyyət və özünənəzarət vərdişləri yaratması vacibdir.
Müəllim məktəbdə yalnız bilik mənbəyi deyil, həm də davranış, ünsiyyət və peşə mədəniyyəti nümunəsidir. Onun geyimi pedaqoji fəaliyyətin xarakterinə, işgüzar mühitə və peşə etikasına uyğun olmalıdır.
Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin təsdiq edilməsi bu sahədə vahid yanaşmanın formalaşdırılması baxımından mühüm addımdır. Qaydaların aydın və ardıcıl tətbiqi məktəblərdə sağlam iş mühitinin möhkəmləndirilməsinə, peşə məsuliyyətinin artırılmasına və idarəetmədə vahidliyin təmin olunmasına xidmət etməlidir.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa 7 iyul 2026-cı il tarixli dəyişikliklərlə millilik və dünyəvilik prinsipi ayrıca təsbit edilib, dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimlə bağlı tələblərə riayət etməsi qanunvericilikdə əksini tapıb.
Bu hüquqi çərçivənin mahiyyəti məktəbdə ümumi qaydaların təmin olunması ilə yanaşı, milli və ümumbəşəri dəyərlərin vəhdətinin qorunmasından ibarətdir. Dünyəvi təhsil dini etiqad azadlığına hörmətlə yanaşan, lakin tədris prosesini elmi biliklər və ümumi təhsil standartları əsasında təşkil edən sistemdir.
Şagirdlərdə media savadlılığı, tənqidi düşüncə, milli tarixə maraq və hüquqi biliklər inkişaf etdirilməlidir. Radikalizmə, dini dözümsüzlüyə, zorakılığa və cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş çağırışlara qarşı mübarizənin əsas vasitəsi düzgün məlumatlandırma və sağlam dünyagörüşünün formalaşdırılmasıdır.
Bu prosesdə müəllimlərin, valideynlərin, məktəb rəhbərliklərinin və aidiyyəti dövlət qurumlarının əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Məqsəd gəncləri bilik, inam, məsuliyyət və milli həmrəylik ruhunda yetişdirmək olmalıdır.
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydaları məktəbdə intizamın, vahidliyin, peşə mədəniyyətinin və sağlam təhsil mühitinin təmin olunmasının mühüm elementlərindəndir.
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlərdən irəli gələn əsas nəticə budur: dövlətin ideoloji dayanıqlığı savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərinə bağlı və müstəqil düşünən vətəndaşların yetişdirilməsi ilə möhkəmlənir. Məktəb bu məqsədə xidmət edən ən mühüm institutlardan biridir. Milli dəyərlərə sədaqət, dünyəvilik, hüquqa hörmət və insan ləyaqətinin qorunması arasında düzgün tarazlığın yaradılması həm təhsilimizin keyfiyyətinə, həm də Azərbaycanın gələcək inkişafına xidmət edir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər