Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin ideoloji təhlükəsizliyinin təmin edilməsi, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin sağlam dünya görüşünün formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin təsir imkanlarının genişlənməsi və müxtəlif ideoloji təhdidlərin artması cəmiyyətin, xüsusilə uşaqların və gənclərin zərərli təsirlərdən qorunmasını aktual vəzifələrdən birinə çevirir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğuladığı kimi, ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər vacibdir. Dövlətimizin müstəqilliyinin, milli maraqlarımızın və cəmiyyətdəki birliyin qorunması üçün savadlı, bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gənc nəslin yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan təhsil sistemi yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, həm də vətəndaşlıq mövqeyinin, dövlətçilik düşüncəsinin və sağlam dünya görüşünün formalaşdığı mühüm ictimai institutdur.
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi məktəbdaxili nizam-intizamın, vahid təşkilati mühitin və peşəkar münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Bu tələblər məktəbdə təhsil prosesinin daha sistemli təşkilinə, qarşılıqlı hörmət və məsuliyyət mühitinin gücləndirilməsinə, şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısının alınmasına kömək edir.
Vahid məktəbli forması şagirdlərdə məktəbə aidlik hissini, kollektiv məsuliyyəti və daxili qaydalara hörməti gücləndirən amillərdən biridir. Ailələrin maddi imkanları və sosial vəziyyətləri fərqli olsa da, məktəb mühitində hər bir şagirdin bərabərhüquqlu iştirakçı kimi qəbul olunması vacibdir. Geyimlə bağlı vahid yanaşma dəbə, geyimin qiymətinə və tez-tez dəyişdirilməsinə həddindən artıq marağın azalmasına, diqqətin isə təhsilə yönəlməsinə şərait yaradır.
Təhsilverənlərin geyiminə dair tələblər də məktəbdə peşəkar iş mühitinin formalaşmasına xidmət edir. Müəllimin sadə, təmiz, səliqəli və işgüzar üslubda geyinməsi onun pedaqoji fəaliyyətinin xarakterinə uyğun olmaqla yanaşı, şagirdlərdə davranış mədəniyyətinə və peşəkar ünsiyyət normalarına hörmətin formalaşmasına müsbət təsir göstərir. Bununla belə, geyim müəllimin əmək funksiyasının icrasına mane olmamalı, tədris olunan fənnin xüsusiyyətlərinə və iş şəraitinə uyğun olmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə təhsilalanların geyim formalarına dair tələblərə, eləcə də 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli Qərarı ilə təhsilverənlərin geyimi ilə bağlı tələblərə dair vahid hüquqi çərçivə müəyyənləşdirilmişdir. Bu sənədlər məktəblərdə geyim qaydalarının ardıcıl tətbiqinə və təhsil mühitində vahid yanaşmanın formalaşdırılmasına istiqamətlənib.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununda ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi millilik və dünyəvilik müəyyən edilib. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsi isə uşaqların dini etiqada məcbur edilməsini qadağan edir və dini tərbiyənin onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməsini tələb edir. Bu hüquqi prinsiplər uşaqların hüquqlarının qorunması, təhsil prosesində bərabər imkanların yaradılması və dünyəvi təhsil mühitinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məktəblərdə geyim qaydalarının tətbiqi hüquqi normalara, uşaqların hüquqlarına və ləyaqətinə hörmət əsasında həyata keçirilməlidir. Bu prosesdə məktəb rəhbərliyinin, müəllimlərin və valideynlərin üzərinə mühüm məsuliyyət düşür. Maarifləndirmə, qarşılıqlı anlaşma və qanunvericiliyin tələblərinin düzgün izahı qaydaların səmərəli tətbiqinin əsas şərtlərindəndir.
Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, zəngin dini-mədəni irsə və yüksək tolerantlıq ənənələrinə malikdir. Dövlət tərəfindən dini ibadət azadlığının təmin edilməsi, məscidlərin və ziyarətgahların bərpası, dini icmalara dəstək göstərilməsi milli-mənəvi dəyərlərin qorunmasına verilən önəmin göstəricisidir.
Son illərdə ölkəmizin müxtəlif bölgələrində məscidlərin təmiri, bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Şuşa şəhərində Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı və Mamayı məscidləri, Ağdam şəhərində Cümə məscidi, Zəngilan şəhər məscidi və digər dini abidələrdə aparılan bərpa işləri tarixi-mədəni irsimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası xalqımızın dini-mənəvi yaddaşının dirçəldilməsi və həmin ərazilərin yenidən qurulması prosesinin mühüm istiqamətlərindən biridir.
Dövlətin dini sahəyə qayğısı din xadimlərinə maddi dəstək göstərilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi və dini təhsilin inkişafı ilə də özünü göstərir. Azərbaycan İlahiyyat İnstitutunda bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilin təşkili, tələbələr üçün təqaüd proqramlarının yaradılması, din xadimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə həyata keçirilən layihələr bu sahədə peşəkar kadr potensialının gücləndirilməsinə xidmət edir.
Azərbaycanın beynəlxalq miqyasda dinlərarası dialoqun və İslam həmrəyliyinin təşviqinə verdiyi töhfələr də diqqətəlayiqdir. COP29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin görüşü və digər beynəlxalq tədbirlər ölkəmizin qarşılıqlı hörmət, tolerantlıq və dinc birgəyaşayış prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Müasir dövrdə informasiya məkanında yayılan yanlış məlumatlar, radikal ideoloji çağırışlar və uşaqların dünyagörüşünə təsir göstərməyə yönəlmiş manipulyativ məzmunlar cəmiyyət qarşısında yeni çağırışlar yaradır. Bu çağırışlara qarşı ən səmərəli vasitələrdən biri keyfiyyətli təhsil, elmi biliklərin artırılması, media savadlılığının inkişafı və milli-mənəvi dəyərlərin düzgün təbliğidir.
Bu məsələdə dini etiqad azadlığı ilə uşaqların hüquqlarının qorunması, dünyəvi təhsil prinsipləri və qanunun aliliyi arasında hüquqi tarazlığın saxlanılması vacibdir. Dini inanclarına görə heç kəsə ayrı-seçkilik edilməməli, eyni zamanda uşaqlar hər hansı dini və ya ideoloji baxışa məcbur edilməməlidirlər. Maarifləndirmə fəaliyyəti ayrı-seçkilik və qarşıdurma yaratmaq əvəzinə, qarşılıqlı hörmətə, qanunlara əməl olunmasına və sağlam düşüncənin formalaşmasına yönəlməlidir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri