PDF Oxu

Siyasət

  • 490

Qarabağın bərpa, yenidənqurma və inkişafı

image

Prezident İlham ƏLİYEV: “İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır”

“44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoymuşdur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25.5 milyard manat vəsait ayrılmışdır”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətində bildirib. Dövlətimizin başçısı bildirib ki, Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənmiş, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıtmışdır. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işləri başladı. Dağıdılmış kəndlərin və şəhərlərin yerində qısa müddətdə "ağıllı kənd"lərin təməli qoyuldu. Əzəli sakinlərimiz doğma torpaqlarına qayıdırlar və Böyük Qayıdış davam etməkdədir. Zəfər qazanmağımızdan 6 il bir müddət keçsə də görülən işlərin miqyası genişdir. Sürətlə aparılan işlər və Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilərə mütəmadi olaraq səfər etməsi, eləcə də imzaladığı sərəncamlar, verdiyi tapşırıq və qərarlar Qarabağ və Şərqi Zəngəzurun sürətlə və keyfiyyətli yenidən qurulmasında özünü göstərir. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Dayanıqlı sülhə, tərəqqiyə əsaslanan Azərbaycan Vətən müharibəsindən ötən müddətdə azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində kifayət qədər layihələri həyata keçirib. Eləcə də nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. “Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir. İndiyədək 1500 kilometrə yaxın yol tikilmiş, 11.7 kilometr uzunluğunda Murovdağ tuneli dünyada mürəkkəb dağlıq şəraitdə həyata keçirilən quruculuq işlərinin mühüm mühəndislik nümunəsinə çevrilmişdir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları istifadəyə verilmişdir. Dəmir yollarının inşası davam etdirilir. Horadiz–Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi kimi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika əlaqələrinin genişlənməsində strateji əhəmiyyət daşıyır”, - deyə Prezident bildirib.

“REGİONDA 40 TƏHSİL VƏ 20 SƏHİYYƏ MÜƏSSİSƏSİ, HABELƏ XANKƏNDİDƏ QARABAĞ UNİVERSİTETİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR”

Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və s. məqsədi ilə müxtəlif layihələr reallaşır. Prezidentin qeyd etdiyi kimi, yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır. Regionda 1 yeni su anbarı tikilmiş və 5 su anbarı bərpa edilmiş, 13 yarımstansiya və ümumi gücü 307 meqavat olan 38 su elektrik stansiyası istismara verilmişdir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi bu infrastrukturun qurulmasında əsas istiqamətlərdən biridir. “İnfrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur. Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlamışdır. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir”, - deyə Cənab İlham Əliyev diqqətə çəkib: “İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir”.

“İŞĞAL DÖVRÜNDƏ 54.3 MİN HEKTAR MEŞƏ SAHƏSİ MƏHV EDİLMİŞ, TORPAQ VƏ SU EHTİYATLARI ÇİRKLƏNDİRİLMİŞDİR”

Meşələrin məhvi təbiətə qarşı terrordur və hər bir insanın onu qoruması üzərimizə məsuliyyət qoyur. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Ölkəmizi, dünyamızı yaşıllıqlara qərq etməliyik. Əbəs deyil ki, müasir dünyamızı narahat edən məsələlər sırasında zəngin və fərqli ətraf mühitin, planetimizin qorunması diqqətdədir. Beynəlxalq ictimaiyyət, siyasi və elmi dairələr ətraf mühitlə bağlı problemlərin həllində maraqlıdırlar. Dünyada yaşayan insanlar ekoloji problemlərə xüsusi önəm verərək planetimizə görə məsuliyyət daşıyırlar. Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyanlar vurulub. 30 ilə yaxın bir zamanda işğalda olan Kəlbəcər, Laçın, Zəngilan kimi ərazilərdə meşələr vəhşicəsinə qırılaraq talan edilmişdir. Orada bitən çox qiymətli palıd, fısdıq, vələs, ağcaqayın, ayı findığı, qoz, şərq çinarı kəsilərək Ermənistana daşınmışdır. Prezident İlham Əliyev qeyd edib ki, regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir: “İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilmiş, torpaq və su ehtiyatları çirkləndirilmişdir. İndiyədək 600 hektar meşə fondu bərpa olunmuşdur. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir. Regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır”.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər