PDF Oxu

Siyasət

  • 580

Məktəbli geyimi – vahid təhsil mühitinin və intizamın göstəricisi - ŞƏRH

image

Cəmiyyətin inkişafında mühüm rol oynayan təhsil sistemi yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb həm də uşaqlara nizam-intizamı, məsuliyyəti, qarşılıqlı hörməti və ictimai qaydalara əməl etməyi öyrədən mühüm tərbiyə ocağıdır. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı müəyyən edilmiş tələblər təhsil mühitinin təşkili baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasında ümumi təhsil sahəsində qəbul edilən normativ sənədlər məktəblərdə geyim qaydalarına riayət olunmasını nəzərdə tutur. “Ümumi təhsil haqqında” Qanuna 7 iyul 2026-cı ildə edilmiş dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanlar, həm də təhsilverənlər geyimlə bağlı tələblərə əməl etməlidirlər. Şagirdlərin geyim formalarının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsi ilə bağlı məhdudiyyətlər də müəyyən edilib. Bu qaydalar təhsil müəssisələrində vahid yanaşmanın təmin edilməsinə xidmət edir.
Məktəbli formasının əsas məqsədlərindən biri şagirdlər arasında zahiri fərqlərin və maddi imkanlardan irəli gələn ayrı-seçkiliyin təsirini azaltmaq, diqqəti geyimdən daha çox təhsilə, biliyə və şəxsi inkişafa yönəltməkdir. Məktəbdə əsas meyar şagirdin hansı geyimdə olması deyil, onun dərslərə münasibəti, davranışı, biliyi və gələcək üçün qazandığı bacarıqlar olmalıdır.
Son dövrlərdə baş örtüyü ilə bağlı müzakirələrin artması isə mövzuya daha diqqətli və həssas yanaşılmasını zəruri edir. Bir tərəfdən, məktəb rəhbərliyi qüvvədə olan geyim qaydalarının icrasını təmin etməlidir. Digər tərəfdən, dini inancları ilə bağlı sualları olan valideynlərin və şagirdlərin müraciətləri dinlənilməli, məsələlər təhqirə, qarşıdurmaya və ayrı-seçkiliyə yol verilmədən izah olunmalıdır.
Burada vacib məsələ qaydalara riayət edilməsini hansısa dini inancın və ya insanın şəxsiyyətinin hədəfə alınmasına çevirməməkdir. Dünyəvi təhsil sistemi dini etiqadın şəxsi və ictimai həyatda mövcudluğunu inkar etmək demək deyil. Eyni zamanda, dövlət məktəbində təhsil prosesinin müəyyən edilmiş ümumi qaydalar əsasında təşkil olunması zərurəti də nəzərə alınmalıdır.
Unutmamalıyıq ki, təhsilin əsas məqsədi savadlı, düşünən, məsuliyyətli vətəndaş yetişdirməkdir. Məktəbdə vahid geyim qaydalarına əməl olunması ilə yanaşı, hörmət, anlayış və bərabər münasibət prinsipləri də qorunmalıdır. Qanunun tələbləri ilə insan ləyaqətinə hörmət bir-birinə qarşı qoyulmamalı, təhsil mühitində nizam-intizam və sağlam ictimai münasibətlər birlikdə təmin edilməlidir.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər