PDF Oxu

Siyasət

  • 522

Düzgün qərar və parlaq gələcək - ŞƏRH

image

Gələcəyimizi sağlam düşünürüksə, ilk növbədə təhsilimizə önəm verməliyik. Ölkəmizin inkişafı üçün təhsil əsas prioritetdir. Lakin çox əfsuslar olsun ki, bəziləri Azərbaycanın gələcəyi olan balaca vətəndaşlarımızı əllərində oyuncaq edib, gələcəyimizə kölgə salmaq istəyirlər. Dövlətlə dövlətçilik etmək olmaz. Dövlətin verdiyi qanunlara, qərarlara hər kəs hörmətlə yanaşmalıdır və hər kəs bu qərarlara riayət etməlidir. Bunun üçün biz övladlarımızın gələcəyini düşünməliyik. Onları elmdən və təhsildən yayındırıb gələcəyimizi qaranlığa yuvarlada bilmərik.

Dövlətimizin ümumtəhsil müəssisələrində müəllim və şagirdlərin geyimi ilə bağlı verdiyi qərar və geyim tələblərinin normativ əsaslarla müəyyən edilməsi vahid yanaşmanın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Məhz bu qərarlar bizim parlaq gələcəyimizə xidmət edir.

Təbii ki, təhsil müəssisəsi təkcə bilik və bacarıqların formalaşdırıldığı məkan deyildir, eyni zamanda, davranış, etika mədəniyyətinin, sosial məsuliyyətin və qarşılıqlı hörmət prinsiplərinin inkişaf etdiyi əsas ictimai mühitdir. Təhsil alanların geyim forması ilə bağlı tələblərin əsas məqsədlərindən biri məktəbdə vahid geyim yanaşmasını formalaşdırmaqdır. Bu qaydaların həyata keçirilməsində məktəb rəhbərliyi və valideyn məsuliyyəti önəm daşımalıdır. Nəticə etibarı ilə onu qeyd edə bilərik ki, geyim mədəniyyəti ilə bağlı tələblərin düzgün tətbiqi məktəblərin təhsil mühitinin keyfiyyətinin yüksəldilməsinə böyük örnək olacaqdır. Qısası, Nazirlər Kabinetinin verdiyi bu qərar çox təqdirəlayiq bir qərardır. Bununla da, verilmiş qərar şagirdlərin arasında sosial bərabərsizliyin və ayrı seçkiliyin tam aradan qaldırılmasını hədəfləyir.

Bunun üçün dövlətimizin verdiyi qanunlara, qəbul edilmiş qərarlara əməl etmək hər kəsin borcudur. İctimai asayişi pozanlarla iş aparmaq dövlət orqanlarının vəzifəsidir. Təbliğat-təşviqat və maarifləndirmə yolu ilə anlaşılmasa, güc strukturumuzun köməyi ilə məsələ kökündən həll olunmalıdır.

Yekun olaraq onu bildirim ki, bizi xalq olaraq, millət olaraq yüksək arenalarda tanıdan Ali Baş Komandanımız cənab İlham Əliyev və onun apardığı uğurlu, sağlam siyasəti oldu. Bizim bu siyasəti dəstəkləməyimiz hər birimizin vətəndaş olaraq borcudur.

Sonda nəyi qeyd etmək istərdim: Böyük yazıçımız İsmayıl Şıxlının təbirincə desək, “sapı özümüzdən olan baltalar olmayaq!”.

Əliəskərova Nuray

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər