PDF Oxu

Siyasət

  • 541

Milli-mənəvi dəyərlərimizin qorunması və gənclərimizin gələcəyi hər birimizin məsuliyyətidir - ŞƏRH

image

Bu gün dünyada baş verən proseslər bir daha göstərir ki, dövlətlərin gücü yalnız onların iqtisadi imkanları, hərbi qüdrəti və beynəlxalq nüfuzu ilə deyil, eyni zamanda milli kimliyini qoruyub saxlamaq, gələcək nəsilləri sağlam düşüncəli və vətənpərvər ruhda yetişdirmək bacarığı ilə ölçülür. Bu baxımdan milli-mənəvi dəyərlərimizin qorunması, ailə institutunun möhkəmləndirilməsi və gənclərimizin düzgün istiqamətdə formalaşması hər birimizin üzərinə mühüm məsuliyyət qoyur.
Bu gün xarici mərkəzlər tərəfindən idarə olunan bəzi media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat aparılaraq vətəndaşlarımızın, xüsusilə də dünyagörüşü hələ formalaşmaqda olan uşaqların və gənclərin düşüncələrinə təsir göstərilməsinə cəhdlər edilir. Müxtəlif üsullarla təqdim olunan belə məlumatlar bəzən cəmiyyətin dəyərlərinə, ailə münasibətlərinə, milli kimliyə və gənclərin dünyagörüşünə mənfi təsir göstərə bilər.
Lakin hesab edirəm ki, bu məsələyə yanaşarkən əsas məqsədimiz qorxu yaratmaq və ya insanları bir-birinə qarşı qoymaq deyil. Əksinə, maarifləndirməni gücləndirmək, sağlam düşüncəni təşviq etmək, gənclərimizə düzgün seçim etmək bacarığı aşılamaq və onları informasiya qarşısında daha məsuliyyətli olmağa yönəltmək olmalıdır. Çünki düşünən, araşdıran, həqiqətlə yanlış məlumatı ayırd etməyi bacaran gənci hər hansı ziyanlı təbliğatın təsiri altına salmaq daha çətindir.
Milli-mənəvi dəyərlərimizi qorumaq başqalarının dəyərlərinə hörmətsizlik etmək demək deyil. Azərbaycan xalqı tarix boyu müxtəlif mədəniyyətlərə, dinlərə və xalqlara hörmətlə yanaşmağı bacarıb. Ölkəmizin zəngin tarixi və multikultural ənənələri də bunun bariz nümunəsidir. Biz öz milli kimliyimizi qorumaqla yanaşı, başqa xalqların inanclarına və mədəniyyətlərinə də hörmət etməliyik. Əsas məsələ cəmiyyətimizdə qarşılıqlı anlayışı qorumaq, fikir ayrılıqlarını düşmənçiliyə çevirməmək və insanları ortaq dəyərlər ətrafında birləşdirməkdir.
Bu gün ailənin, məktəbin və cəmiyyətin üzərinə düşən vəzifələr də məhz bu məqsədə xidmət etməlidir. Valideynlər övladlarının virtual aləmdə qarşılaşdıqları məlumatlara diqqət yetirməli, müəllimlər şagirdlərdə müstəqil düşüncə və təhlil bacarıqlarını inkişaf etdirməli, aidiyyəti qurumlar isə maarifləndirici fəaliyyətlərini daha da gücləndirməlidirlər. Gənclərlə sadəcə qadağalar dili ilə danışmaq kifayət deyil. Onları dinləmək, suallarına əsaslandırılmış cavablar vermək və düzgün seçim etmələri üçün etibarlı informasiya ilə təmin etmək lazımdır.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ənənələrinin qorunması, milli kimliyimizin yaşadılması və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsi bu gün də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin, suverenliyinin və milli maraqlarının qorunması istiqamətində həyata keçirilən siyasətin davamlılığı baxımından da sağlam düşüncəli, savadlı və məsuliyyətli gəncliyin yetişməsi vacibdir.Vətənini sevmək yalnız onu sözlə ifadə etmək deyil. Vətənə sevgi, eyni zamanda, onun insanlarına hörmət etmək, qanunlara riayət etmək, milli dəyərləri yaşatmaq, təhsilə və elmə önəm vermək, cəmiyyətin inkişafına töhfə verməkdir. Gənclərimiz bilməlidirlər ki, müasir dünyada uğur qazanmaq üçün həm milli köklərimizə bağlı olmalı, həm də elmin, texnologiyanın və müasir düşüncənin imkanlarından düzgün istifadə etməliyik.Azərbaycan xalqı tarixinin ən çətin dövrlərində birlik və həmrəylik nümayiş etdirərək öz gücünü ortaya qoyub. Vətən müharibəsində əldə etdiyimiz Zəfər də xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təcəssümü oldu. Bu birliyi qorumaq, gələcək nəsillərə ötürmək və gənclərimizi dövlətinə, xalqına və insanlığa faydalı vətəndaşlar kimi yetişdirmək hamımızın ortaq vəzifəsidir.Mən hesab edirəm ki, bu gün cəmiyyət olaraq bir-birimizi ittiham etməkdənsə, bir-birimizi anlamağa, gənclərimizi mühakimə etməkdənsə, onlara düzgün yol göstərməyə daha çox ehtiyacımız var. Milli-mənəvi dəyərlərimizin gücü də məhz bundadır: bizi birləşdirməkdə, ailələrimizi möhkəmləndirməkdə və gələcəyimizə inam yaratmaqda.
Unutmamalıyıq ki, dövlətin gələcəyi onun gənclərinin düşüncəsində, ailənin gələcəyi övladlarına verdiyi tərbiyədə, xalqın gələcəyi isə öz dəyərlərinə necə sahib çıxmasında formalaşır. Buna görə də milli kimliyimizi, mənəvi dəyərlərimizi və cəmiyyətimizdəki həmrəyliyi qorumaq yalnız dövlətin deyil, hər bir ailənin, hər bir müəllimin, hər bir ziyalının və hər bir vətəndaşın məsuliyyətidir.Gəlin, fərqli fikirlərə hörmət edərək, milli dəyərlərimizə sahib çıxaraq və gənclərimizə sağlam gələcək bəxş etmək üçün birlikdə çalışaq. Çünki güclü dövlətin təməli savadlı gənclik, möhkəm ailə, milli birlik və qarşılıqlı hörmətdir.

Əlisoy Əli

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər