Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir
On doqquz il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran Xocalı soyqırımını törətmişlər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.
Sonra dövlətimizin başçısı abidənin yerləşdiyi parkda görülmüş abadlıq və yenidənqurma işləri ilə tanış oldu.