12 oktyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet keçirilən yüksək səviyyəli görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər. Azərbaycan dövlət başçısı öz bəyanatında iki ölkə arasında mövcud olan siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq etdiklərini və beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiklərini vurğulamışdır. İlham Əliyev, həmçinin rəsmi Bakı və Pnompenin ticarət-iqtisadi, investisiya və logistika sahələrindəki potensialı dəyərləndirməli və bu istiqamətdə birgə addımlar atmalı olduqlarını mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyev hər iki ölkənin sülh və təhlükəsizliyi inkişafın əsas şərti hesab etdiyini qeyd edərək bildirmişdir ki, təhlükəsizlik beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında təmin olunmalıdır. Azərbaycanın 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa etdiyini xatırladan dövlət başçısı hazırda azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işlərinin getdiyini, Böyük Qayıdış proqramı çərçivəsində artıq 100 minə yaxın insanın həmin bölgələrdə yaşayıb-çalışdığını bildirmişdir. Bu mənada Azərbaycanın və Kambocanın tarixdə oxşar çətinliklərlə üzləşdiyini, lakin beynəlxalq hüquqa sadiqliyin hər iki dövləti birləşdirdiyini xüsusi vurğulamışdır.
Kamboca Baş naziri Hun Manet isə Azərbaycana dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək təhsil, müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli layihələrin genişləndirilməsini və özəl sektorlar arasında birbaşa əlaqələrin qurulmasının önəmini qeyd etmişdir. O, təhsil sahəsində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını çatdırmışdır. Bəyanatın sonunda Kamboca Baş naziri ölkəsinin Kralı Norodom Sihamoninin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdıraraq onu Kambocaya rəsmi səfərə dəvət etdiyini bəyan etmişdir.
Görüşün ən diqqətçəkən iqtisadi-loqistik məqamlarından biri hava nəqliyyatının inkişafı ilə bağlı olub. Baş nazir Hun Manet mətbuata açıqlamasında iki ölkənin müvafiq mülki aviasiya qurumları arasında məsləhətləşmələrin aparıldığını bildirib. İki ölkə arasında hava əlaqəsi haqqında sazişin imzalanması və birbaşa reyslərin təşkili imkanlarının araşdırılması qərara alınıb ki, bu da gələcəkdə turizm və biznes sektorunun canlanmasına birbaşa xidmət edəcək.
Çoxtərəfli platformalarda əməkdaşlıq çərçivəsində Kamboca Baş naziri ölkəsinin Azərbaycanı tam dəstəklədiyini bildirib. O, rəsmi Pnompenin Azərbaycanın Asiyanın parlamentlərarası ittifaqına müşahidəçi qismində qoşulma təşəbbüsünü fəal şəkildə dəstəklədiyini bəyan edib.
Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi