Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin may ayında qurulmuş və ötən 30 ildən artıq dövr ərzində əsasən beynəlxalq platformalarda qarşılıqlı dəstək müstəvisində davam etmişdir. Səfər çərçivəsində prezidentlərin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında səsləndirilən fikirlər, imzalanan sənədlər yeni mərhələyə daxil olan Azərbaycan-Laos əməkdaşlığının gələcəyi barədə aydın təsəvvür yaratdı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında siyasi müstəvidə əlaqələrimizin çox uğurla inkişaf etdiyini önə çəkərək eyni mənzərəni iqtisadi sahədə də görmək istəyimizi ifadə etdi. Aparılan fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Göstərişlər verildi ki, iqtisadi, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım kimi dəyərləndirilir.Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, milyardlarla dollar səviyyəsində olan sərmayələr həm imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Laos arasında siyasi əlaqələrin daha da gücləndirilməsi səfərin ən mühüm nəticəsi kimi qeyd edilir. İki dövlət dost ölkələrdir və beynəlxalq arenada fəal əməkdaşlıq edirlər. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin mübasibətlərinin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm addımlarla yadda qaldı. Nəzərə alsaq ki, oktyabrın 15-də Azərbaycanın ev sahibliyi edəcək AQEM Zirvə görüşündə Laos Prezidenti də iştirak edəcək, bu, diplomatik münasibətlərimizin qurulduğu 30 ildən artıq dövrdə iki ölkənin bir-birinə olan inamının, etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür.
Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu gün sülh, təhlükəsizlik amilləri həm ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Laos Prezidenti ilə mətbuata bəyanatında sülhə gedən yoldan bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki, bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.
Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuata bəyanatında Prezident İlham Əliyev hazırda Azərbaycan-Laos əməkdaşlığının əhatə etdiyi sahələrdən, onların daha da inkişafına yönələn addımlardan və yeni istiqamətlərdən bəhs etdi. Vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladan Prezident İlham Əliyev bu çağırışı etdi ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycanda görəcəyimizə əminik. Parlamentlərarası əlaqələr də inkişaf edir. Hər iki ölkədə dostluq qrupları yaradılıb ki, bu da özlüyündə bir göstəricidir. Çünki Azərbaycan bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edir. Hakim partiyalarımız arasında da əlaqələr uğurla inkişaf edir. Bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. İki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən bəhs edərkən nəqliyyat və bağlantılar xüsusi qeyd edilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, malik olduğu nəqliyyat imkanları tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.
Milli Məclisin deputatı əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından da bəhs edib. Bildirib ki, Prezident İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit tərəfindən “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edildi, həmçinin iki ölkə arasında vizasız rejim və kənd təsərrüfatı sahəsində sənədlər imzalandı. Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətini dəyişməz prinsipləri həm ikitərəfli əlaqələrinin inkişafında, həm də beynəlxalq təşkilatlar daxilində mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın inkişaf strategiyasının zamanın tələblərinə uyğun təkmilləşməsi ölkəmizdə olan bu və ya digər ölkələrin dövlət və hökumət nümayəndələrini, xarici qonaqları müsbət mənada təəccübləndirir. Azərbaycan sabitliyi, təhlükəsizliyi ilə yanaşı, daim dinamik inkişafı, yenilikləri ilə diqqətdədir. Laos Prezidenti mətbuata bəyanatında Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək bu məqamı da xüsusi vurğuladı ki, çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.