17 Oktyabr – Füzuli şəhərinin düşmən tapdağından azad edildiyi, tarixi ədalətin, milli qürurun və zəfər ruhunun bərpa olunduğu şərəfli bir gündür. 2020-ci ilin zəfər payızında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 illik həsrətə son qoyaraq Füzuli torpağını yenidən öz həqiqi sahiblərinə qaytardı. Füzulinin azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişatında həm hərbi-strateji, həm də mənəvi baxımdan həlledici dönüş nöqtələrindən biri oldu.
Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun zəngin tarixi-mədəni irsi, qədim abidələri, yaşayış məntəqələri, sosial infrastrukturu və zəngin təbiəti sistemli şəkildə ağır dağıntılara məruz qalmışdı. İşğaldan əvvəl özünün kənd təsərrüfatı, mədəniyyəti və mühüm coğrafi mövqeyi ilə seçilən Füzuli şəhəri və onun onlarca kəndi tamamilə viran edilərək xarabalığa, "ruhlar şəhəri"nə çevrilmişdi. Məscidlər, qəbiristanlıqlar, tarixi karvansaralar və mədəniyyət ocaqları təhqir olunmuş, talan edilmişdi.
Bununla yanaşı, düşmən Füzuli istiqamətində 30 ilə yaxın bir müddətdə son dərəcə mürəkkəb, keçilməz hesab edilən müdafiə xətləri qurmuşdu. İllər boyunca mühəndis-istehkam baxımından möhkəmləndirilmiş, minatəmizləmə baxımından təhlükəli zonalara çevrilmiş və "Oanyan xətti" adlandırılan bu çoxpilləli baryerlər düşmənin hərbi rəhbərliyi tərəfindən yarılamaz hesab olunurdu.
Vətən müharibəsinin ilk günlərindən etibarən Azərbaycan Ordusu Füzuli cəbhəsində genişmiqyaslı və yüksək dəqiqlikli hücum əməliyyatlarına başladı. Sıldırım qayalıqlar, mürəkkəb dağlıq və düzənlik relyef, həmçinin düşmənin strateji yüksəkliklərdə mövqelənməsi əməliyyatın icrasını son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan əsgər və zabitlərinin nümayiş etdirdiyi misilsiz şücaət, yüksək peşəkarlıq və sarsılmaz Vətən sevgisi bütün bu maneələri dəf etdi. Hərbçilərimiz həyatları bahasına düşmənin illərlə qurduğu möhkəmləndirilmiş istehkamları darmadağın edərək addım-addım irəlilədilər.
Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin en çətin, qanlı və eyni zamanda şanlı əməliyyatlarından biri kimi tarixə düşdü. Düşmən böyük canlı qüvvə və hərbi texnika itkisi verərək pərişan halda geri çəkilməyə məcbur edildi. 2020-ci il oktyabrın 17-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad olunduğu müjdəsini verdi. Bu xəbər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı və bütün xalqımıza sonsuz sevinc, qürur və zəfər həyəcanı bəxş etdi.
Füzulinin azad edilməsi strateji baxımdan müharibənin gələcək taleyini böyük ölçüdə müəyyənləşdirdi. Bu qələbə Azərbaycan Ordusuna Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində geniş manevr imkanları yaratdı. Ən əsası isə Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi üçün həlledici hərbi platforma formalaşdırdı. Düşmənin döyüş ruhu tamamilə qırıldı, müqavimət gücü sarsıldı və erməni ordusunda kütləvi fərarilik halları baş qaldırdı.
Müharibədən dərhal sonra Füzulidə yeni bir mərhələ – sürətli bərpa, quruculuq və dirçəliş dövrü başladı. Şəhər azad edildikdən cəmi 9 ay sonra istifadəyə verilən və müasir standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı bölgənin "Qarabağın hava qapısı"na çevrilməsinin və Azərbaycanın iqtisadi gücünün parlaq rəmzi oldu. Bu gün Füzulidə müasir infrastrukturlar, ağıllı kənd və şəhər konsepsiyasına uyğun yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, sənaye parkları və magistral yollar inşa olunur.
"Böyük Qayıdış" proqramı çərçivəsində on illərlə doğma torpaqlarının həsrətini çəkən füzulilər artıq öz ata-baba ocaqlarına geri dönür, doğma diyarda yeni həyat qururlar. Dağıdılmış "ruhlar şəhəri" bu gün sürətlə inkişaf edən, müasir və abad bir məkana çevrilməkdədir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 17 Oktyabrın "Füzuli Şəhəri Günü" kimi təsis edilməsi bu tarihi Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərə qəhrəmanlıq irsi kimi ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Füzuli bu gün təkcə keçmişin ağrı-acılarını geridə qoyan bir cənnət məkan deyil, həm də Azərbaycan dövlətinin sarsılmaz iradəsinin, milli birliyinin və parlaq gələcəyinin canlı timsalıdır. 17 Oktyabr – rəşadətin, milli qürurun və doğma torpağa əbədi qayıdışın təntənəsidir.
Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi