PDF Oxu

Siyasət

  • 650

Təhsilverənlərin geyim mədəniyyəti: peşəkarlıq, nümunəvilik və məktəb mühitində vahid yanaşma

image

Müəllimin geyimi onun peşəyə münasibətini, məsuliyyət hissini və təmsil etdiyi təhsil müəssisəsinə hörmətini ifadə edən amillərdən biridir. İşgüzar üslub pedaqoqun peşəkar mövqeyini ön plana çıxarır, məktəbdə ciddi və məqsədyönlü tədris mühitinin qorunmasına kömək edir. Sadə, səliqəli və münasib geyim müəllimin həm şagirdlərlə, həm də valideynlərlə ünsiyyətində peşəkar təəssürat yaradır.
Burada əsas məqsəd müəllimlərin fərdi üslubunu məhdudlaşdırmaq deyil, onların geyim seçimində təhsil müəssisəsinin xüsusiyyətlərinə, pedaqoji fəaliyyətin tələblərinə və ümumi işgüzar normalara uyğunluğu təmin etməkdir. Geyim rahatlığı, səliqəliliyi və funksionallığı ilə müəllimin gündəlik fəaliyyətinə dəstək verməlidir. Ümumtəhsil müəssisələrində şagirdlərin vahid məktəbli formasından istifadə etməsi məktəbdaxili nizam-intizamın və ümumi məktəb mədəniyyətinin formalaşmasına xidmət edir. Eyni yanaşmanın müəllimlərin geyimində də işgüzar standartlar əsasında tətbiqi məktəbin təşkilati dəyərlərini və korporativ mədəniyyətini gücləndirə bilər.
Vahid yanaşma müəllim kollektivində həmrəyliyin, komanda ruhunun və ortaq məsuliyyət hissinin inkişafına müsbət təsir göstərir. Müəllimlərin səliqəli və işgüzar görünüşü təhsil müəssisəsinin ictimai nüfuzunu artırır, məktəbin daxili qaydalarına hörmət və kollektiv məsuliyyət anlayışlarını möhkəmləndirir.
Bununla yanaşı, geyim tələblərinin tətbiqində pedaqoji fəaliyyətin xüsusiyyətləri, müəllimlərin rahatlığı və iş şəraiti nəzərə alınmalıdır. Belə yanaşma vahid standartların formal tələb olaraq qalmasının qarşısını alır, onların məktəb həyatının təbii və qəbul edilən hissəsinə çevrilməsinə şərait yaradır. Şagirdlər müəllimlərin yalnız dərsdə söylədiklərini deyil, onların gündəlik davranışlarını, ünsiyyət tərzini, geyim seçimini və insanlarla münasibətini də müşahidə edirlər. Buna görə də müəllimin xarici görünüşü şagirdlərdə səliqə, zövq, məsuliyyət və ictimai mühitə uyğun davranış haqqında təsəvvürlərin formalaşmasına təsir göstərir. Sadə və diqqəti yayındırmayan geyim şagirdlərin diqqətinin dərs prosesinə yönəlməsinə kömək edir. Eyni zamanda, müəllimin geyimi onun hərəkət imkanlarını məhdudlaşdırmamalı, dərsin təşkilinə və şagirdlərlə səmərəli ünsiyyətinə mane olmamalıdır. Deməli, işgüzar geyim həm estetik, həm də funksional tələblərə cavab verməlidir.
Bu mənada müəllimin şəxsi nümunəsi tərbiyə prosesinin mühüm vasitələrindən biridir. Məktəbdə geyim mədəniyyətinə düzgün münasibətin formalaşdırılması şagirdlərin gələcək həyatında da səliqəli görünüşə, peşəkar ünsiyyətə və sosial məsuliyyətə hörmətlə yanaşmasına zəmin yaradır. Təhsil müəssisəsində idarəetmənin səmərəliliyi yalnız dərs cədvəlinin, tədris planlarının və daxili intizam qaydalarının düzgün təşkilindən ibarət deyil. Məktəbin ümumi mədəniyyəti, kollektivin davranış normaları və peşəkar münasibətləri də idarəetmə keyfiyyətinə təsir edən mühüm amillərdir.
Müəllimlərin geyiminə dair tələblərin aydın, anlaşılan və vahid prinsiplər əsasında müəyyənləşdirilməsi məktəbdə təşkilati intizamın güclənməsinə kömək edir. Bu tələblərin müəllimlərə düzgün izah olunması, tətbiq zamanı obyektivliyin qorunması və qarşılıqlı hörmət prinsipinə əsaslanılması xüsusilə vacibdir. Qaydaların məqsədi cəzalandırmaq deyil, peşəkar mühiti inkişaf etdirmək və ümumi məsuliyyət hissini artırmaq olmalıdır.
Müəllimlərin geyim mədəniyyətinə riayət etməsi məktəbin cəmiyyət qarşısında təqdimatına, valideynlərin təhsil müəssisəsinə münasibətinə və kollektivin peşəkar nüfuzuna müsbət təsir göstərə bilər.
Təhsilverənlər üçün geyim tələbləri məktəbdə peşəkarlığın, səliqəliliyin, intizamın və qarşılıqlı hörmətin təşviqinə yönəlmiş mühüm yanaşmalardan biridir. İşgüzar geyim mədəniyyəti müəllimin pedaqoji nüfuzunun qorunmasına, məktəbdə sağlam tədris mühitinin formalaşmasına və şagirdlərdə düzgün davranış vərdişlərinin inkişafına töhfə verir.
Unutmaq olmaz ki, müəllimin əsas üstünlüyü onun biliyi, pedaqoji bacarığı, mənəvi keyfiyyətləri və şagirdlərə göstərdiyi nümunədir. Geyim isə bu peşəkar keyfiyyətləri tamamlayan, müəllimin təhsil mühitindəki mövqeyini və məsuliyyətini ifadə edən amillərdən biridir.
Məhz buna görə də təhsilverənlərin geyiminə dair vahid yanaşmanın tətbiqi formal tələb kimi deyil, müasir məktəb mədəniyyətinin, peşəkar etikanın və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına xidmət edən ümumi dəyər kimi qəbul edilməlidir.

Namiq Rəcəbov
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon sektorunun müdri, Kəlbəcər Təhsil sektoru Ərazi Partiya Təşkilatının sədri