PDF Oxu

Siyasət

  • 518

Məktəbdə vahid dəyərlərin vizual ifadəsi: ideoloji təhlükəsizlik və sosial bərabərlik kontekstində

image

Pedaqoqun nüfuzu onun biliyi qədər, həm də yaratdığı mühitin səliqəsi, daxili intizamı və korporativ mədəniyyəti ilə ölçülür.
Müasir dünyada baş verən qlobal ideoloji ziddiyyətlər, xüsusilə internet və sosial media üzərindən gələn kiberhücumlar, ideoloji təxribatlar cəmiyyətlərimizə yad olan dəyərlərin təbliğini asanlaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında vurğuladığı kimi, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Xüsusilə dünyagörüşü hələ formalaşmaqda olan gəncləri, uşaqları xarici mərkəzlərin idarə etdiyi ziyanlı ideoloji təbliğatdan qorumaq bu gün təhsilin ən mühüm vəzifələrindən birinə çevrilmişdir.
"Bəs bu təhdidlərin qarşısını almaq üçün məktəbdə hansı addımlar atılmalıdır?"
Cavab yalnız tədris olunan biliklərdə deyil, həm də məktəbin daxili nizam-intizamında, korporativ mühitində və dünyəvilik prinsipinin gözlənilməsində gizlənir. "Ümumi təhsil haqqında" Qanuna əsasən, dünyəvilik təhsil dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Məktəb təkcə bilik ötürən məkan deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, uşaqları birgə yaşamağa hazırlayan sosial institutdur.
Direktoru olduğum Milli Qəhrəman Rafiq Nəsrəddinovun adını daşıyan 39 nömrəli tam orta məktəb öz 60 ildən artıq fəaliyyəti dövründə həmişə milli-mənəvi dəyərlərə sadiqliyi və dünyəvi təhsil prinsiplərini ön plana çəkmişdir. Milli Qəhrəmanımızın irsi və onun büstünün məktəbimizin həyətində ucalması şagirdlərimiz üçün ən böyük vətənpərvərlik nümunəsidir. 2018-2019-cu dərs ilində əsaslı təmir edilərək ən müasir avadanlıqlarla təmin edilən məktəb binası, STEAM laboratoriyası, müasir akt zalı, oxu zalı, idman zalı və informatika kabinetləri şagirdlərin hərtərəfli formalaşmasına xidmət edir. "İKT-İRS" layihəsi ilə qrant qazanması və "Ən yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olması məktəbimizin keyfiyyət yönümlü təhsil fəlsəfəsinin sübutudur. Lakin ən müasir infrastruktur belə daxili nizam-intizam və dünyəvi dəyərlər olmadan tamamlana bilməz.
Vahid Məktəbli Forması – Sosial Bərabərlik Rəmzi
Qeyd etmək vacibdir ki, təhsilin dünyəvi xarakter daşıması heç bir halda dini-mənəvi dəyərlərin inkarı deyil. Azərbaycan modeli milli-mənəvi irsin qorunması ilə dünyəvi dövlətçilik prinsiplərinin unikal vəhdətinə əsaslanır. Ölkəmizdə dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Təkcə son illərdə Heydər Əliyev Fondunun və dövlətin dəstəyi ilə istər bölgələrimizdə, istərsə də işğaldan azad olunmuş tarixi torpaqlarımızda – Şuşada, Ağdamda, Zəngilanda onlarla məscid və ziyarətgah bərpa edilib, yeni ibadət ocaqları istifadəyə verilib.
Lakin məktəb mühiti xüsusi həssaslığa malikdir. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təhsilin təməl prinsiplərindən biri millilik və dünyəvilikdir. Məktəbdə dünyəvi mühitin qorunması uşağın hər növ kənar ideoloji təsir və təzyiqlərdən uzaq, azad və obyektiv dünyagörüşünə malik fərd kimi yetişməsinə xidmət edir.
Vahid Məktəbli Forması: Sosial Bərabərlik və Kollektiv Kimlik
Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli Qərarı ilə təhsilalanların geyim formalarına dair yeni tələblərin müəyyən edilməsi məhz bu sosial bərabərliyin və dünyəviliyin təmin olunmasına yönəlmişdir.
Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri" dünyəvi təhsilin prinsipial bir elementidir. Bu, sadəcə bir geyim məsələsi deyil; bu, təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir.
Vahid məktəbli forması:
Sosial-iqtisadi fərqləri aradan qaldırır: Şagirdlərin valideynlərinin maddi imkanlarından asılı olmayaraq, özlərini bərabər hiss etmələrinə şərait yaradır, ayrı-seçkilik risklərini azaldır.
Kollektivə aidiyyət hissi yaradır: Şagirdlərdə məktəb kimliyini, məsuliyyəti və komanda ruhunu gücləndirir.
Daxili nizam-intizamı gücləndirir: Məktəbdə dar geyim, dizdən yuxarı ətək, zinət əşyaları və qeyri-adi saç düzümləri kimi şagirdin diqqətini dərsdən yayındıran elementlərin qarşısını alır.
Müəllimin Görünüşü – İşgüzar Mühit və Nüfuz
Təhsilverənlər üçün vahid geyim tələbləri (Nazirlər Kabinetinin 2026-cı il 6 oktyabr tarixli Qərarı) də məktəbin ümumi korporativ mədəniyyətinin ayrılmaz hissəsidir. Müəllimin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Bu, müəllimin pedaqoji nüfuzunun qorunmasına və şagirdlərdə geyimə, üsluba, davranış normalarına düzgün münasibətin formalaşmasına təsir edən vacib amildir. Şagirdlər məktəbli forması geyinirsə, müəllimlər üçün də dress-kod tələbləri yanaşması məktəbin ümumi korporativ mədəniyyətinin vizual ifadəsinə çevrilir. Eyni zamanda, milli-mənəvi dəyərlərin təbliği məqsədilə Pedaqoji Şuranın qərarı ilə tarixi və mədəni tədbirlərdə milli geyim elementlərindən istifadəyə tam şərait yaradılır.
Yekun
Bir məktəb rəhbəri olaraq əminəm ki, nizam-intizam, vahid forma və dünyəvi təhsil prinsipləri məktəb mühitində peşəkar iş mühitinin davamlılığını dəstəkləyir. Məktəbdaxili nizam-intizam və geyim standartları inzibati məcburiyyət deyil, təlim-tərbiyə mühitinin keyfiyyət göstəricisidir. Bizim məqsədimiz valideynlərimizlə, pedaqoji kollektivimizlə sıx əməkdaşlıq şəraitində bu qaydaların mahiyyətini düzgün izah etmək, maarifləndirmə işini ön plana çəkməkdir. Şagirdlərimizi yad və zərərli ideoloji təsirlərdən qorumaq, onlarda milli-mənəvi dəyərlərlə dünyəvi, demokratik prinsiplərin vəhdətini formalaşdırmaq yalnız bu yolla biz müstəqil Azərbaycanın ideoloji təhlükəsizliyini təmin edən, savadlı, vətənpərvər gənc nəsil yetişdirə bilərik.
Biz sağlam, savadlı, milli köklərinə bağlı, eyni zamanda müasir dünyagörüşlü və ideoloji təsirlərdən azad gənclik yetişdirmək istəyiriksə, təhsil ocaqlarımızda nizam-intizamı, bərabərliyi və dünyəviliyi göz bəbəyimiz kimi qorumalıyıq. Çünki güclü məktəb – güclü dövlət deməkdir!
Tahirə Şükürova
Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumitəhsil məktəbinin direktoru, Qabaqcıl təhsil işçisi,YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Digər xəbərlər