Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Məmmədiyə Məmmədov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İcra Hakimiyyətinin başçısı geniş məruzə ilə çıxış edərək, qeyd edib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli çıxışı həm retrospektiv, həm də gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edir, eyni zamanda milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturlarını və qarşıda duran əsas vəzifələri müəyyənləşdirmişdir. Biz bu gün 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətindən, məcburi köçkün düşərgələrindən, müharibə və siyasi qeyri-sabitlik şəraitindən tamamilə fərqli bir Azərbaycanda yaşayırıq. Ölkəmizin iqtisadi imkanları genişlənib, hərbi gücü artıb, beynəlxalq nüfuzu yüksəlib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub.
Digər çıxış edən natiqlər, bildiriblər ki, Qurultayda səsləndirilən fikirlər onu da göstərdi ki, qarşıda bizi yeni vəzifələr gözləyir. Artıq Azərbaycanın qarşısında yalnız əldə olunmuş Zəfərin nəticələrini qorumaq deyil, həm də güclü iqtisadiyyat, yüksək texnologiyalar, müasir təhsil, informasiya təhlükəsizliyi və milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyət qurmaq kimi mühüm hədəflər dayanır.