14 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Beyləqan şəhər” və “Beyləqan şəhər 3 saylı” Ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan hadisələrdən biri kimi ölkənin yeni inkişaf mərhələsinin xüsusiyyətlərini əks etdirir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu mərhələdə dövlətin qarşısında duran vəzifələr dəyişən geosiyasi şəraitə uyğunlaşmaq, əldə olunmuş tarixi nailiyyətləri qorumaq və ölkənin dayanıqlı inkişafını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında VII Qurultayla müqayisə aparılması siyasi proseslərin davamlılığını göstərir. VII Qurultay Vətən müharibəsindəki Zəfərdən qısa müddət sonra keçirilmiş və ölkənin yeni reallıqlar şəraitində fəaliyyət göstərməyə başladığı dövrə təsadüf etmişdi. VIII Qurultay isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilərək daha fərqli vəzifələrin müəyyənləşdirilməsi üçün imkan yaratdı.
Bu dövrdə dövlətin qarşısında duran məsələlər daha geniş məzmun kəsb edir. Azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi əsas prioritetlər sırasındadır. Bu istiqamətlərdə uğur əldə etmək üçün siyasi sabitliyin, institusional səmərəliliyin və cəmiyyətin fəal iştirakının təmin edilməsi vacibdir.
Tədbirdə Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qurultay nümayəndəsi Xəyalə Kərimova, YAP Beyləqan rayon təşkilatının “Beyləqan şəhər” Ərazi partiya təşkilatının sədri Marat Əsgərov, YAP Beyləqan rayon təşkilatının “Beyləqan şəhər 3 saylı” Ərazi partiya təşkilatının sədri Zərifə Məmmədova çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətində dövlətçilik ideyalarının cəmiyyətə çatdırılması, vətəndaşların ictimai-siyasi proseslərdə iştirakının təşviqi və milli həmrəyliyin qorunması mühüm yer tutur. Müasir dövrdə partiyanın qarşısında duran vəzifələr ölkənin inkişaf gündəliyi ilə əlaqələndirilməli, gənclərin ictimai fəallığının artırılması, sosial problemlərin həllinə dəstək və regional inkişaf məsələləri diqqətdə saxlanılmalıdır.
Dövlətin gücü yalnız hərbi və iqtisadi imkanlarla ölçülmür. Güclü institutlar, məsuliyyətli idarəetmə, qanunun aliliyi, vətəndaşların rifahı və cəmiyyətin gələcəyə inamı da dayanıqlı dövlətçiliyin əsas göstəriciləridir. Buna görə də Azərbaycanın yeni mərhələdə qarşısında duran hədəflər tarixi Zəfərin yaratdığı imkanların hərtərəfli inkişafla tamamlanmasını nəzərdə tutur.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan həm əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi, həm də gələcək vəzifələrin müəyyənləşdirilməsi üçün əhəmiyyətli siyasi hadisədir.