14 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı 02 oktyabr 2026-cı il tarixdə Bakı şəhərində keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən Qurultay həm partiyanın keçdiyi yola bir daha nəzər salmaq, görülmüş işləri qiymətləndirmək, həm də təşkilatın qarşısında dayanan yeni vəzifələri müəyyənləşdirmək üçün mühüm bir platforma oldu. VIII Qurultayın əsas özəlliklərindən biri ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən Yeni Azərbaycan Partiyasının ilk qurultayı olmasıdır.
Daha sonra çıxış edən natiqlər – Qurultay nümayəndəsi Solmaz Nağıyeva, “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, partiya fəalları Leyla Bayramova, Günay Qədiməliyeva və Rüfət Axundov bildiriblər ki, Yeni Azərbaycan Partiyası VIII qurultayını Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi dövrdə keçirdi. Bu, partiyanın tarixinə qürurverici səhifə kimi yazıldı. Bundan öncə, 2021-ci ilin 5 mart tarixində YAP VII qurultayını tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirmişdir. Partiyanın yaranmasından şanlı Qələbəmizə qədər dövr üçün qarşıya qoyulan bütün vəzifələr yerinə yetirildi. VII qurultaydan sonra “Biz birlikdə güclüyük!” çağırışı ilə ictimaiyyətə təqdim edilən yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində mühüm addımlar atılıb. Bu birlik, həmrəylik hər bir hədəfin gerçəkləşdirilməsini şərtləndirən əsas amillərdəndir.