Oktyabrın 14-də “H.Cavid pr. 25” ünvanı üzrə (Azərbaycan Texniki Universiteti) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və tələbələr iştirak ediblər.
Müşavirədən əvvəl universitetin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları, müəllim-tələbə heyətini və partiya fəallarını salamlayaraq texniki təhsilin flaqmanı olan universitetdə keçirilən bu tədbirin mühüm əhəmiyyət daşıdığını bildirib. V.Vəliyev diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək strategiyasını müəyyən edən tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual çıxışı elmi-texniki potensialın gücləndirilməsi, mühəndis kadrlarının hazırlanması və ali təhsil sisteminin rəqəmsal transformasiyası baxımından aydın yol xəritəsidir. Rektor vurğulayıb ki, AzTU sənayenin müasir tələblərinə cavab verən, innovativ təfəkkürlü və vətənpərvər gənclər yetişdirmək istiqamətində addımlarını sürətləndirib. Universitetin elmi-pedaqoji kollektivi cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə sadiqdir və partiya ideallarının gənclər arasında təbliğində hər zaman fəal olacaqdır.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn prioritet məsələlər, postmüharibə dövrünün yeni reallıqları və ali texniki təhsil müəssisələrinin qarşısında duran ideoloji-strateji hədəflər barədə geniş, ətraflı məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin siyasi sabitliyinin, iqtisadi və texnoloji inkişafının əsas siyasi sütunu olmuşdur. Ulu Öndərin uzaqgörən siyasi kursunu uğurla sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, hərbi-sənaye kompleksinin modernləşdirilməsi və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması Müzəffər Ali Baş Komandanın liderliyinin və Yeni Azərbaycan Partiyasının uğurlu siyasətinin əyani təzahürüdür. B.Nəbiyev xüsusi olaraq vurğulayıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar ali məktəblərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdə müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi texnoloji müstəqillikdən və güclü mühəndis kadrlarının varlığından bilavasitə asılıdır. Azərbaycan Texniki Universitetində təhsil alan tələbə-gənclər ölkəmizin gələcək sənaye, İKT və hərbi-texniki elitasını təşkil edirlər. Gənc mütəxəssislərin yüksək ixtisasla yanaşı, dərin vətənpərvərlik hissinə, milli-mənəvi dəyərlərə və sarsılmaz dövlətçilik təfəkkürünə malik olması əsas şərtlərdəndir. YAP Yasamal rayon təşkilatının sədri əminliyini ifadə edib ki, Azərbaycan Texniki Universitetinin ərazi partiya təşkilatı gənclərin partiya həyatına cəlb olunmasında, sosial-ictimai fəallığının artırılmasında və cənab Prezident İlham Əliyevin ideyalarının təbliğində hər zaman ön sıralarda olacaqdır. YAP Yasamal rayon təşkilatı universitetin partiya fəalları və gənc mühəndisləri ilə sıx əməkdaşlığı ardıcıl olaraq davam etdirəcəkdir.
Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Əfsun Sucayev partyanın müasir inkişaf dövründəki ideoloji prinsipləri, elmi-intellektual potensialın artırılması və YAP-ın VIII Qurultayının tarixi əhəmiyyəti barədə geniş çıxış edib. Ə.Sucayev vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanın təşkilati və ideoloji baxımdan yenilənməsi yolunda strateji addımdır. O diqqətə çatdırıb ki, dördüncü sənaye inqilabı dövründə gənc alim və mühəndislərin üzərinə böyük məsuliyyət düşür. Ə.Sucayev gəncləri müasir elmi biliklərə yiyələnməyə, texnoloji layihələrdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşərək ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb.
Çıxış edənlər “H.Cavid pr. 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev və AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekan müavini, YAP fəalı Amin Məmmədov ərazi partiya təşkilatının fəaliyyət istiqamətləri, tələbə və müəllim heyətinin partiya həyatındakı fəallığı barədə məlumat veriblər. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ali təhsilin və elmin inkişafına göstərilən böyük diqqət və qayğı hər bir akademiki və tələbəni daha əzmlə çalışmağa sövq edir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik pedaqoji və ictimai fəaliyyətlərində əsas rəhbər tutacaqlarını və partiya ideyalarının yayılmasında fəal iştirak edəcəklərini bəyan ediblər.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.