PDF Oxu

Siyasət

  • 588

Azərbaycan–Kamboca münasibətləri: yeni əməkdaşlıq perspektivləri və strateji tərəfdaşlıq imkanları

image

Azərbaycan Respublikasının xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq tərəfdaşlıq imkanlarından səmərəli istifadə edilməsi mühüm istiqamətlərdən biridir. Bu baxımdan, Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi xüsusi əhəmiyyət daşıyır. 12 oktyabr 2026-cı il tarixində Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olmuşdur.
Azərbaycan ilə Kamboca arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur. Ötən dövr ərzində iki ölkə arasında siyasi dialoq formalaşmış, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək ənənələri inkişaf etmişdir. Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü zamanı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunmuş, tərəflər əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını nümayiş etdirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayaraq, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, mövcud potensialdan istifadə etməklə qarşılıqlı ticarət və investisiya sahələrində böyük irəliləyişə nail olmaq mümkündür. Prezidentin ifadə etdiyi kimi, “İkitərəfli ticarət əlaqələrində böyük canlanmaya şahid olacağıq” fikri Azərbaycan–Kamboca əməkdaşlığının gələcək istiqamətlərini və qarşıya qoyulan məqsədləri aydın şəkildə əks etdirir.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi mövcud siyasi münasibətlərin səviyyəsinə və iqtisadi potensiala uyğun deyil. Bununla belə, hər iki ölkənin bazar imkanları, sənaye sahəsində əməkdaşlıq perspektivləri və investisiya əlaqələrinin inkişafı üçün əlverişli şərait mövcuddur. Bu imkanlardan səmərəli istifadə etmək məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunmuşdur. İşçi qrupunun əsas vəzifəsi ticarət və investisiya sahələrində əməkdaşlığın praktiki istiqamətlərini müəyyənləşdirmək, sahibkarlar arasında əlaqələri genişləndirmək və konkret layihələrin həyata keçirilməsinə şərait yaratmaqdır.
Səfər çərçivəsində Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə biznes forumunun keçirilməsi də iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Sənaye istehsalı, birgə müəssisələrin yaradılması, turizm, nəqliyyat, rəqəmsal transformasiya və təhsil əməkdaşlığın perspektivli istiqamətləri kimi müəyyənləşdirilmişdir. Tərəflər arasında məsafənin və qarşılıqlı məlumat çatışmazlığının əməkdaşlıq üçün maneəyə çevrilməməsi, işgüzar dairələr arasında birbaşa təmasların artırılması xüsusi əhəmiyyət daşıyır.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında üç sənədin mübadiləsi olmuşdur. Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə həyata keçirilən bu mərasim iki ölkə arasında iqtisadi, diplomatik və təhsil sahələrində əməkdaşlığın hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
İmzalanmış sənədlər aşağıdakılardır:
Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu.
Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş.
Bu sənədlər ticarət dövriyyəsinin artırılması, biznes subyektləri arasında əməkdaşlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması və təhsil əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaradır. Xüsusilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin iqtisadi subyektlər üçün daha əlverişli əməkdaşlıq şəraitinin formalaşmasına töhfə verəcəyi gözlənilir.
Görüş zamanı müzakirə olunan məsələlər arasında hər iki ölkə üçün ümumi problem olan mina təhlükəsi xüsusi yer tutmuşdur. Azərbaycan və Kamboca uzun illərdir mina çirklənməsinin yaratdığı ciddi humanitar və sosial-iqtisadi çətinliklərlə üzləşirlər. İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, genişmiqyaslı bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına da mane olur.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanın əraziləri işğaldan azad edildikdən sonra mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olduğunu və ya xəsarət aldığını qeyd etmişdir. Bu fakt mina probleminin nə qədər ciddi və uzunmüddətli nəticələrə malik olduğunu göstərir. Tərəflər mina təhlükəsinin aradan qaldırılması istiqamətində təcrübə və bilik mübadiləsinin, mütəxəssis hazırlığının və müvafiq sahədə əməkdaşlığın əhəmiyyətini vurğulamışlar. Kambocanın mina təmizlənməsi sahəsində topladığı təcrübə ilə Azərbaycanın bu sahədəki ehtiyacları arasında əməkdaşlıq üçün imkanlar mövcuddur.
Beləliklə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar gələcək üçün möhkəm zəmin yaradır. Mina təhlükəsinə qarşı birgə fəaliyyət, təhsil əlaqələrinin inkişafı və humanitar əməkdaşlıq isə tərəfdaşlığın yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını nümayiş etdirir.

Anar Alışov

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri

Digər xəbərlər