14 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı tərəfindən “Beyləqan şəhər SMD-4” Ərazi partiya təşkilatında partiya fəallarının iştirakı ilə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında növbəti mühüm mərhələnin başlanğıcını ifadə edən müstəsna siyasi hadisə kimi diqqəti cəlb edir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən qurultayın əhəmiyyəti yalnız partiyanın fəaliyyətinin növbəti hesabat dövrünün yekunlaşdırılması ilə məhdudlaşmır. Bu Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu, ölkənin qarşısında tamamilə yeni imkanların və eyni zamanda fərqli çağırışların dayandığı bir tarixi mərhələdə keçirilməsi baxımından xüsusi mənaya malikdir.
VIII Qurultaya qədər keçilən mürəkkəb və şərəfli yola nəzər saldıqda, Azərbaycan dövlətçiliyinin son onilliklərdəki inkişaf xəttini aydın görmək mümkündür. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ağır ictimai-siyasi şəraitin doğurduğu tarixi zərurətdən meydana gəlmişdi. Həmin dövrdə ölkənin qarşısında duran təməl vəzifələr dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi idi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranması sıradan bir siyasi təşkilatın təsis olunması deyil, cəmiyyətin güclü dövlətçiliyə, milli maraqları əsas götürən siyasi xəttə olan dərin tələbatının real ifadəsi idi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu çıxışının əsas fonunda Zəfərin yaratdığı yeni reallıqlar və postmüharibə dövrünün vəzifələri, illər ərzində formalaşdırılmış iqtisadi dayanıqlılıq, güclü hərbi potensial, çevik diplomatiya və milli həmrəylik sistemi dayanır.
Tədbirdə YAP Beyləqan rayon təşkilatının sədr müavini, Qurultay nümayəndəsi Niyaməddin Əsgərov, “Beyləqan şəhər SMD-4” Ərazi partiya təşkilatının sədri Faiq Abbasov, Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Fərhad Əliyev, Abonent xidmətləri şöbəsinin müdiri Vahid Həsənov, Nəqliyyat şöbəsinin müdiri Etibar Ağayev, çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas istiqamətlərini əhatə edir. Azərbaycan artıq regional proseslərin sadəcə iştirakçısı deyil, Cənubi Qafqazın siyasi və təhlükəsizlik gündəliyini müəyyən edən əsas güc mərkəzidir. Bu baxımdan VIII Qurultayın mahiyyətini "qələbədən sonra məsuliyyət mərhələsi" kimi xarakterizə etmək olar. Qələbəni dövlətin uzunmüddətli, dayanıqlı inkişaf modelinə çevirmək böyük siyasi məsuliyyət tələb edir.
YAP üzvləri, fəalları və veteranları bu mərhələdə cəmiyyətlə dövlət arasında sağlam siyasi kommunikasiya yaradan, yeni nəsli dövlətçilik ideyaları ətrafında birləşdirən aparıcı qüvvə rolunu davam etdirməlidir.