44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda misli görünməmiş yenidənqurma, bərpa və dirçəliş salnaməsi yazılır. Bu nəhəng quruculuq prosesinin ən mühüm mərkəzlərindən biri də strateji coğrafi mövqeyi və zəngin potensialı ilə seçilən Füzuli rayonudur. Otuz ilə yaxın bir müddətdə düşmən tapdağı altında viran qalmış, yaşayış massivləri, sosial, iqtisadi və mülki infrastrukturu tamamilə yerlə-yeksan edilmiş Füzuli bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti, məqsədyönlü liderliyi və qətiyyətli siyasi iradəsi altında sıfırdan, müasir şəhərsalma standartlarına uyğun olaraq yenidən qurulur.
Füzulinin azad olunması ilə başlayan yeni inkişaf dövrü bölgənin təkcə xəritədə bərpa edilməsini deyil, həm də bütün Qarabağ regionunun mühüm nəqliyyat, logistika, sənaye və kənd təsərrüfatı qovşağına çevrilməsini təmin edir. İşğaldan dərhal sonra təməli atılan Zəfər yolu, ardınca inşa edilən Əhmədbəyli–Füzuli–Şuşa, Füzuli–Hadrut və Füzuli–Ağdam magistral avtomobil yolları bölgələrarası nəqliyyat əlaqələrinin bərpasında həlledici rol oynadı. Qısa müddətdə – cəmi 8 ay ərzində rekord sürətlə ərsəyə gələn Füzuli Beynəlxalq Hava Limanı isə Qarabağın dünyaya açılan hava qapısı olaraq həm regional inteqrasiyaya, həm də gələcək turizm və iqtisadi potensialın reallaşmasına güclü təkan verdi.
Şəhərin təsdiq olunmuş Baş planına uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr Füzulini modern, "yaşıl enerji" və "ağıllı şəhər" konsepsiyasına əsaslanan təhlükəsiz yaşayış məskəninə çevirir. Rayonun enerji təminatını tam dayanıqlı etmək üçün istifadəyə verilən müasir yarımstansiyalar, Aşağı Köndələnçay kimi mühüm su anbarlarının bərpası, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi sakinlərə yüksək həyat standartları bəxş edir. Eyni zamanda, Dövlətyarlı kəndində təməli atılan "Ağıllı kənd" layihəsi, istifadəyə verilən yeni çoxmənzilli yaşayış məhəllələri, 180 çarpayılıq müasir Füzuli Rayon Mərkəzi Xəstəxanası və təhsil ocaqları Füzulinin mülki infrastrukturunun etibarlı bünövrəsini təşkil edir.
Bölgədə həyata keçirilən genişmiqyaslı işlər həm də Horadiz–Ağbənd dəmir yolu və magistral avtomobil yolu kimi strateji layihələrlə tamamlanır ki, bu da Füzulinin Zəngəzur koridoru üzərində vacib tranzit məntəqəsinə çevrilməsini şərtləndirir. Paralel olaraq, rayonun zəngin kənd təsərrüfatı potensialının bərpası, torpaqların minadan təmizlənməsi və müasir aqrar komplekslərin yaradılması istiqamətində atılan addımlar Füzulinin iqtisadi müstəqilliyini və dayanıqlı inkişafını təmin edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Füzuliyə etdiyi mütəmadi və məzmunlu səfərlər, hər bir infrastruktur layihəsinin açılışında və təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi dövlətimizin bu torpaqlara verdiyi yüksək dəyərin təzahürüdür. Azad Füzulidə ucalan hər bir bina, çəkilən hər bir yol, bərpa olunan hər bir kənd və istifadəyə verilən hər bir strateji obyekt soydaşlarımızın öz doğma ocaqlarına etibarlı, təhlükəsiz və rahat şəkildə qayıdışını təmin edir, Böyük Qayıdışın real zəfər salnaməsini gözlər önünə sərir.
Münəvvər İsmayıllı
YAP Odubad rayon təşkilatının fəalı