PDF Oxu

Siyasət

  • 530

Nəsimi rayonunda YAP-ın VIII Qurultayından irəli gələn məsələlərə həsr olunmuş növbəti müşavirə keçirilib

image

13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Səməd Vurğun 112 ünvanında yerləşən (Nəsimi rayon Nəsimi Bələdiyyəsinin) ərazi partiya təşkilatının müşavirəsi keçirilib. Müşavirə «Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər»ə həsr olunub və Nəsimi Bələdiyyəsinin inzibati binasında baş tutub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirəni Nəsimi rayon Nəsimi Bələdiyyəsinin ərazi partiya təşkilatının sədr müavini, Nəsimi rayon Nəsimi Bələdiyyəsinin sədr müavini Rahib Hacıyev aparıb. O, Partiya Sədrinin qurultaydakı nitqinin həm ölkəmizin ictimai-siyasi həyatı, həm də partiyanın qarşıdakı fəaliyyəti üçün proqram xarakterli sənəd olduğunu bildirib.

Nəsimi rayon Nəsimi Bələdiyyəsinin Yerli İqtisadi Məsələlər üzrə Daimi Komissiyasının sədri Xalid Kərimov çıxışında Partiya Sədrinin nitqində qarşıya qoyulan vəzifələrdən danışıb. O bildirib ki, ideoloji iş formal yanaşmalardan uzaq, müasir tələblərə uyğun qurulmalı, sosial şəbəkələrdə fəallıq artırılmalı, tarixi yaddaş qorunmalı, gənclərlə iş gücləndirilməli, şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunmalıdır.

Nəsimi rayon Nəsimi Bələdiyyəsinin sədr müavini Söhrab Haşımov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı və Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı nitqi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. Bu, hər birimiz üçün böyük qürur mənbəyidir.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının məsləhətçisi Anar Vəliyev çıxışında Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi strateji istiqamətlərə toxunub. Natiq Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamlılığını, müstəqil xarici siyasətin və güclü iqtisadiyyatın Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsindəki rolunu xüsusi vurğulayıb.

Qurultayda səsləndirilən «Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi» fikrini xatırladan A.Vəliyev 1992-ci ildə Naxçıvanda keçirilən təsis qurultayından 2023-cü ilin sentyabrına qədər keçilən tarixi yola nəzər salıb. O, 1990-cı illərin acı həqiqətlərinin gənc nəslə çatdırılmasının vacibliyini də diqqətə çatdırıb.

Müşavirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər