Beynəlxalq münasibətlər sistemində hər bir dövlətin yeri onun yalnız malik olduğu coğrafi ərazisi və ya əhalisinin sayı ilə deyil, eyni zamanda apardığı müstəqil xarici siyasət və strateji imkanları ilə ölçülür. Bu gün dünyada böyük dəyişikliklər yaşanır. Belə bir vaxtda Azərbaycan öz yolu ilə inamla irəliləyir və beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirir. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan artıq beynəlxalq aləmdə sıradan bir tərəfdaş deyil, öz sözünü deyən və ciddi nəzərə alınan “orta güc” dövlətinə çevrilib. Beynəlxalq aləmdə “orta güc” anlayışı xarici təzyiqlərdən azad olmaq və öz regionunda prosesləri yönəltmək deməkdir. Azərbaycan bu statusu güclü iqtisadiyyatı, tam bərpa etdiyi suverenliyi, mütəşəkkil ordusu, müstəqil diplomatiyası və qlobal ticarət yollarındakı mövqeyi sayəsində qazanıb. Ölkəmiz Çindən Avropaya uzanan və Asiya ilə Avropanı birləşdirən ən qısa ticarət yolu — Orta Dəhlizin mərkəzində dayanır. Orta Dəhliz (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu) Çindən başlayan, Mərkəzi Asiyadan keçərək Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropaya uzanan müasir İpək Yoludur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələt) və Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində hər gün tonlarla yük ölkəmizdən maneəsiz və təhlükəsiz şəkildə keçir.
Dövlətimizin diplomatiyaya xüsusi diqqət yetirməsi və yürütdüyü etibarlı xarici siyasət xətti beynəlxalq aləmdə böyük etimad doğurur. Məhz bu etimadın nəticəsidir ki, Azərbaycan son illərdə dünyanın ən nüfuzlu təşkilatlarında öz yerini möhkəmləndirir və tarixdə ilk dəfə yaşanan uğurlara imza atır. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, region ölkələri ilə sıx siyasi, iqtisadi və nəqliyyat əlaqələri qurub. Bu sıx münasibətlər sayəsində tarixdə nadir bir addım atıldı və ölkəmiz Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasına tamhüquqlu üzv kimi qəbul edildi. Bu şura Mərkəzi Asiyanın 5 əsas dövlətini — Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanı bir araya gətirən ali siyasi platformadır. Platformanın məqsədi regionda ticarət, nəqliyyat və təhlükəsizlik sahəsində birgə qərarlar qəbul etməkdir. Xarici siyasətdə əldə edilən bu kimi böyük diplomatik uğurların bünövrəsində isə daxildə yürüdülən güclü və məqsədyönlü dövlət siyasəti dayanır. Çünki beynəlxalq aləmdə öz sözünü deməyin əsas şərti ölkə daxilindəki sabitlik, iqtisadi inkişaf və xalqın rifahıdır. Tarixi qələbədən sonra azad edilmiş torpaqlarımızda misli görünməmiş bərpa və quruculuq işlərinə başlanılıb. “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Uzun illər doğma torpaqlarından ayrı düşmüş ailələrin yenidən öz evlərinə qovuşması ölkəmizin həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, milli birliyimizin təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr yalnız yaşayış evlərinin bərpası ilə məhdudlaşmır. Müasir infrastrukturun yaradılması, yolların çəkilməsi, elektrik, su və qaz təchizatının təmin edilməsi, məktəblərin, tibb müəssisələrinin və digər sosial obyektlərin tikintisi həmin ərazilərdə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda bütün bu kimi tədbirlər məşğulluğun təmin olunması və sosial rifahın yüksəldilməsi üçün mühüm zəmin yaradır. Dövlət başçısı çıxışında Azərbaycanın qarşısında duran əsas vəzifələrdən birinin hərbi gücün daha da artırılması olduğunu vurğulayıb. Çünki regional sabitliyin və qazanılan tarixi uğurların təməlində məhz sarsılmaz ordu dayanır. Ölkəmiz hər gün istənilən hərbi təxribata layiqli cavab verməyə hazır olmaqla yanaşı, daxili inkişaf prioritetlərini də uğurla icra edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun bərpası, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, vətəndaşların rifahının yüksəldilməsi dövlət siyasətinin ana xəttini təşkil edir. Bu gün hər bir azərbaycanlı gənc öz dövlətinin gücü ilə qürur duymaqla yanaşı, bu gücün tərkib hissəsinə çevrilməyə çalışmalıdır. Vətənini, torpağını sidq-ürəkdən sevmək, şanlı tariximizə və milli-mənəvi dəyərlərimizə sadiq qalmaq hər bir gəncin mənəvi borcudur. Eyni zamanda müasir dünyada “orta güc” olan bir dövlətin gəncliyi də yüksək təhsili və vətənpərvərliyi ilə fərqlənməlidir. Müstəqil Azərbaycanın qazandığı tarixi nailiyyətləri beynəlxalq miqyasda layiqincə təmsil etmək, milli dəyərlərimizi qorumaq və bu zəngin irsi gələcək nəsillərə ötürmək vətəninə bağlı, milli ruhlu gənclərimizin mühüm vəzifəsidir.
Bayramova Fatimə
YAP Yasamal rayon təşkilatının fəalı