PDF Oxu

Siyasət

  • 1 028

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi - ŞƏRH

image

Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsidir. Bu siyasət Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, ölkəmizin dünya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında bu səfərin iki ölkə arasındakı münasibətlərə müsbət təsir göstərəcəyinə və qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə inamını ifadə edib. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Laos arasında əlaqələrin möhkəmləndirilməsi üçün siyasi iradə və geniş imkanlar mövcuddur. Əsas məsələ bu imkanlardan səmərəli istifadə etmək, mövcud münasibətləri konkret layihələr və qarşılıqlı fayda verən təşəbbüslərlə zənginləşdirməkdir.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu qeyd edib. Bu müddət ərzində tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdiriblər. Parlamentlərarası münasibətlərin inkişafı, hər iki ölkədə dostluq qruplarının yaradılması və hakim siyasi partiyalar arasında əməkdaşlıq əlaqələrin müxtəlif istiqamətlərdə genişləndiyini göstərir
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məsələlərdən biri Azərbaycan ilə Laos arasında iqtisadi münasibətlərin mövcud potensialına uyğun inkişaf etdirilməsidir. Dövlət başçısı iki ölkə arasındakı hazırkı ticarət dövriyyəsinin nə potensialı, nə də tərəflərin niyyətlərini əks etdirdiyini bildirib. Bu yanaşma iqtisadi əlaqələrin yeni mərhələyə keçirilməsi üçün əlavə imkanların araşdırılmasının vacibliyini ortaya qoyur.
Azərbaycan tərəfi Laos tərəfindən konkret investisiya layihələri təqdim ediləcəyi təqdirdə həmin təşəbbüslərə maraqla yanaşmağa hazır olduğunu bildirib. Bu mövqe iqtisadi əməkdaşlığın ümumi bəyanatlarla kifayətlənməməsi, real layihələr, qarşılıqlı maraqlar və ölçülə bilən nəticələr əsasında inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir
Prezident İlham Əliyev qeyd edib ki, bu sahələrdə nəticə əldə etmək üçün imkanlarla yanaşı, qarşılıqlı iradə də mövcuddur. Əsas məqsəd həmin imkanları konkret təşəbbüslərə çevirmək və əməkdaşlığın iqtisadi baxımdan səmərəli olmasını təmin etməkdir.

Azərbaycan ilə Laos arasında müzakirə edilən mühüm məsələlərdən biri də nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsidir. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat-logistika layihələrinin artıq reallaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin müəyyənləşdirilməsi, müxtəlif istiqamətlərdən yüklərin cəlb olunması və daşımaların həcminin artırılması üzərində iş aparıldığını bildirib.
Bəyanatda siyasi münasibətlərin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, təhsil və humanitar mübadilə, kənd təsərrüfatı, enerji və mina təhlükəsi ilə mübarizə kimi məsələlər ön plana çıxıb. Əsas diqqət mövcud potensialın konkret layihələr və qarşılıqlı fayda verən təşəbbüslər vasitəsilə reallaşdırılmasına yönəlib.
Laos Prezidentinin rəsmi səfəri, keçirilən görüşlər və qəbul edilən sənədlər Azərbaycan–Laos münasibətlərinin yeni istiqamətlər üzrə inkişafı üçün zəmin yaradır. Qarşıdakı dövrdə əldə olunmuş razılaşmaların ardıcıl icrası, biznes dairələri arasında əlaqələrin genişlənməsi və humanitar təşəbbüslərin həyata keçirilməsi əməkdaşlığın real nəticələrini müəyyən edəcək.
Beləliklə, oktyabrın 13-də səsləndirilən bəyanat Azərbaycan ilə Laos arasında ənənəvi dostluq münasibətlərinin müasir dövrün çağırışlarına uyğun olaraq daha geniş əməkdaşlıq gündəliyi ilə zənginləşdirilməsi niyyətini ifadə edir. Bu gündəliyin uğuru isə qarşılıqlı etimadın qorunmasından, konkret layihələrin hazırlanmasından və razılaşmaların praktik nəticələrə çevrilməsindən asılı olacaq.

Gündüz Alıkişiyev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər