PDF Oxu

Siyasət

  • 881

Məktəb dini və ideoloji mübahisələrin deyil, bilik və gələcəyin məkanıdır - ŞƏRH

image

Cəmiyyətin inkişafı yalnız iqtisadi nailiyyətlər və müasir infrastrukturla ölçülmür. Bu inkişafın davamlılığı, ilk növbədə, yetişən nəslin dünyagörüşündən, hüquqi düşüncəsindən, milli-mənəvi dəyərlərə münasibətindən və dövlət qarşısında məsuliyyət hissindən asılıdır. Məhz buna görə məktəblərdə tətbiq olunan qaydalar, o cümlədən vahid geyim tələbləri ətrafında yaranan müzakirələrə emosional deyil, düşünülmüş və məsuliyyətli yanaşmaq vacibdir.
Məktəbli forması təhsil mühitinin vahidliyini ifadə edən, şagirdlər arasında sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasını məhdudlaşdıran və məktəbə məxsusluq hissini gücləndirən amillərdən biridir. Şagird məktəbə hansı geyimdə gəlməsindən daha çox, hansı bilikləri mənimsəməsi, necə davranması və gələcəkdə cəmiyyətə hansı töhfəni verməsi ilə dəyərləndirilməlidir. Vahid geyimin məqsədi uşaqların fərdi şəxsiyyətini eyniləşdirmək deyil, onların təhsil aldığı mühitdə ümumi qayda və intizamı təmin etməkdir.
Son günlər məktəbli geyimi ətrafında müzakirələrin dini müstəviyə keçirilməsi isə məsələnin mahiyyətini kölgədə qoymamalıdır. Azərbaycan Konstitusiyası dövlətin dünyəvi xarakterini təsbit edir, ümumi təhsil haqqında qanunvericilik isə milli və ümumbəşəri dəyərlərin qorunması ilə yanaşı, dünyəvi təhsil prinsipini də müəyyənləşdirir. Dünyəvi təhsil elmi biliyə, məntiqə, dünyagörüşünə və hüquqi prinsiplərə əsaslanan təhsil deməkdir. Bu prinsip dinə qarşı münasibət kimi təqdim edilməməlidir. Eyni zamanda, dini mövzuların məktəbdəki ümumi qaydalara əməl edilməməsi üçün əsas kimi irəli sürülməsi də düzgün yanaşma deyil.
Dövlət-din münasibətlərində əsas məsələ hər kəsin hüquq və azadlıqlarına hörmət etməklə qanunların tələblərini qorumaqdır. İnsanların dini etiqadına hörmət göstərilməsi vacib olduğu kimi, dövlət təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarına riayət olunması da hüquqi məsuliyyətin tərkib hissəsidir. Bu anlayışları bir-birinə qarşı qoymaq, məsələni dini mənsubiyyətlər üzərindən mübahisəyə çevirmək cəmiyyət daxilində anlaşılmazlıqları dərinləşdirə bilər. Ən doğru yol hüquqi tələbləri dəqiq izah etmək, valideynləri məlumatlandırmaq və yaranan sualları qanuni müraciət mexanizmləri vasitəsilə həll etməkdir.
Burada valideynlərin məsuliyyəti xüsusi vurğulanmalıdır. Övladın təhsilə davamiyyətini təmin etmək, onun məktəbdə müəyyən olunmuş qaydalara əməl etməsinə kömək göstərmək valideynlik vəzifəsinin mühüm hissəsidir. Uşaqları böyüklərin siyasi, dini və ya ideoloji mübahisələrinə cəlb etmək, onları emosional qarşıdurmanın iştirakçısına çevirmək isə onların təhsil və psixoloji rifahına mənfi təsir göstərə bilər. Məktəb qarşıdurmanın deyil, dialoqun; təzyiqin deyil, maarifləndirmənin; süni ayrılıqların deyil, ortaq məqsədlərin məkanı olmalıdır.
Müəllimlərin və məktəb rəhbərliklərinin üzərinə də mühüm vəzifə düşür. Qaydalar izah edilməli, şagirdlərə və valideynlərə hörmətlə yanaşılmalı, hər hansı fikir ayrılığı təhqirə, təhdidə və ya qarşıdurmaya çevrilmədən həll olunmalıdır. Qanunun tələblərini qorumaqla insan ləyaqətinə hörmət etmək bir-birini istisna edən deyil, bir-birini tamamlayan prinsiplərdir.
Azərbaycanın gələcəyi savadlı, düşünən, milli dəyərlərinə bağlı və qanunlara hörmət edən gənclərdən asılıdır. Buna görə də məktəbli geyimi məsələsini dini qarşıdurma mövzusuna çevirməkdənsə, onun təhsil mühitində nizam-intizam, bərabərlik və məsuliyyət yaratmaq məqsədini düzgün izah etmək lazımdır. Dövlətin müəyyən etdiyi qanuni qaydalara əməl etmək, dini hisslərə hörmətlə yanaşmaq və uşaqların təhsil hüququnu hər cür qarşıdurmadan üstün tutmaq cəmiyyətimizin ortaq marağıdır.
Məktəbin qapısından içəri daxil olan hər bir uşaq mübahisələrin deyil, biliyin, ümidin və gələcəyin ardınca gəlməlidir. Biz böyüklərin ən mühüm vəzifəsi isə həmin gələcəyi sağlam düşüncə, qarşılıqlı hörmət və qanunun aliliyi üzərində qurmaqdır.

Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər