PDF Oxu

Siyasət

  • 551

Azərbaycan–Kamboca münasibətləri: dostluqdan qarşılıqlı faydalı əməkdaşlığa doğru - ŞƏRH

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi və təcrübə mübadiləsinin əhəmiyyətini bir daha diqqətə çatdırdı. Oktyabrın 12-də keçirilən görüşlər və səsləndirilən fikirlər Azərbaycan–Kamboca əlaqələrinin yeni istiqamətlər üzrə genişləndirilməsi üçün mühüm imkanların mövcud olduğunu göstərdi.
Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Kambocanın dost və tərəfdaş ölkələr olduğunu vurğulayaraq bildirdi ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda əməkdaşlıq iki ölkənin beynəlxalq məsələlərə dair dialoqunun inkişafına töhfə verir. Bu münasibətlər qarşılıqlı hörmətə, etimada və dövlətlərin suverenliyinə hörmət prinsipinə əsaslanır.
Müasir dövrdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi və humanitar sahələrdə də konkret nəticələrin əldə olunmasını tələb edir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanla Kamboca arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etdi. İki ölkə arasında bu istiqamətdə mövcud imkanların araşdırılması və praktiki əməkdaşlığın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olundu. Bu addım iqtisadi əlaqələrin canlandırılması, biznes dairələri arasında təmasların artırılması və qarşılıqlı investisiya imkanlarının reallaşdırılması baxımından əhəmiyyətlidir.
Dövlət başçısının bəyanatında diqqət çəkən mühüm məsələlərdən biri də Azərbaycanın innovativ dövlət xidmətləri modelinin beynəlxalq səviyyədə maraq doğurması idi. Prezident İlham Əliyev “ASAN xidmət” sisteminin səmərəliliyini vurğulayaraq bu modelin Kambocada da maraqla qarşılandığını bildirdi. Azərbaycan vətəndaş məmnunluğunu, şəffaflığı və operativliyi əsas götürən bu sistem vasitəsilə dövlət xidmətlərinin təşkilində uğurlu təcrübə formalaşdırıb. “ASAN xidmət” modelinə göstərilən maraq ölkəmizin yalnız siyasi və iqtisadi sahələrdə deyil, dövlət idarəçiliyi və rəqəmsal transformasiya istiqamətində də qabaqcıl təcrübəyə malik olduğunu nümayiş etdirir.
Azərbaycanın bu təcrübəsinin digər ölkələrlə bölüşülməsi beynəlxalq əməkdaşlığın yeni imkanlarını açır. “ASAN xidmət” modelinin Kambocada tətbiqi ilə bağlı maraq iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi sahəsində təcrübə mübadiləsinə şərait yarada bilər.
Bəyanatda təhsil, turizm, nəqliyyat, rəqəmsal inkişaf və humanitar əlaqələrin genişləndirilməsi məsələləri də ön plana çıxdı. Prezident İlham Əliyev vaxtilə Azərbaycanda təhsil almış kambocalı tələbələrin təcrübəsini xatırladaraq bu ənənənin bərpasının əhəmiyyətini vurğuladı. Təhsil sahəsində əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan–Kamboca münasibətlərinin möhkəm dostluq və qarşılıqlı dəstək üzərində qurulduğunu, eyni zamanda, bu əlaqələrin konkret iqtisadi və institusional nəticələrlə zənginləşdirilməsi üçün geniş potensialın mövcudluğunu göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq və bir-birinə dəstək ikitərəfli münasibətlərin mühüm dayaqlarındandır. “ASAN xidmət” kimi uğurlu təcrübələrin paylaşılması isə Azərbaycanın beynəlxalq nüfuzunun və müasir idarəçilik modelinin əhəmiyyətini bir daha təsdiqləyir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər