"Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi, təbii ki, həm Azərbaycanın, həm də ümumiyyətlə, regionun taleyi baxımından mühüm nəticələr yaratmışdır". Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.Onun sözlərinə görə, ilk növbədə qeyd etməliyik ki, cənab Prezident İlham Əliyev prezident seçildikdən sonra daxili sabitliyin, dövlət quruculuğu prosesinin və müstəqilliyin gücləndirilməsi istiqamətində xüsusi strategiya müəyyənləşdirmiş və onu icra etmişdir: "Çünki gənc dövlət kimi Azərbaycan üçün həmin mərhələdə müstəqilliyimizi və daxili sabitliyimizi möhkəmləndirmək, dövlət quruculuğu prosesini bir qədər daha güclü şəkildə icra etmək çox vacib idi.Əsası əvvəl qoyulmuş iqtisadi layihələrin davam etdirilməsini və yeni iqtisadi layihələrin reallaşdırılmasını da burada xüsusi qeyd edə bilərik. Söhbət daha öncədən imzalanmış “Əsrin müqaviləsi”nin icrasından, neft istehsalından gedir. Həmçinin istehsal olunmuş neftin beynəlxalq bazarlara çıxarılması ilə bağlı Bakı-Tbilisi-Ceyhan kəmərinin əsası qoyulmuşdu, amma onun tamamlanması və onun vasitəsilə beynəlxalq bazarlara neft nəql edilməsi də mühüm əhəmiyyət daşıyırdı.Azərbaycanın təbii qaz potensialının ortaya qoyulmasını da qeyd etmək lazımdır. Halbuki əvvəlki mərhələlərdə bu məsələ, demək olar ki, çox az gündəmə gətirilirdi və ya ümumiyyətlə, gündəmə gətirilmirdi. Azərbaycan sadəcə neft deyil, həm də təbii qaz istehsal edən dövlətdir. Ölkə bununla yalnız öz ehtiyaclarını təmin etmir, həm də təbii qazı beynəlxalq bazarlara nəql edir. Beləliklə, Azərbaycan həm neft, həm də təbii qaz kontekstində beynəlxalq enerji bazarlarının əsas iştirakçılarından birinə çevrilmişdir.Biz bilirik ki, Azərbaycanın neft və qaz ehtiyatları dünyanın ən böyük ehtiyatlarına malik ölkələri ilə müqayisə edilə bilməz. Bu baxımdan, nə neft ehtiyatları, nə də təbii qaz ehtiyatları baxımından Azərbaycan ən böyük ölkələr sırasındadır. Amma düzgün enerji strategiyası sayəsində Azərbaycan təkcə öz enerji ehtiyatlarını təmin edən dövlətə deyil, həm də başqa dövlətlərin, dost və qardaş ölkələrin, qonşu dövlətlərin, eləcə də bir çox Avropa və qeyri-Avropa dövlətlərinin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli bir ölkəyə çevrilmişdir.Bu uğurlu enerji strategiyası sayəsində, xatırlayırsınızsa, daha əvvəlcədən müəyyənləşdirilmiş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri mövcud idi. Sonra Azərbaycan qardaş Türkiyə ilə birlikdə TANAP layihəsini reallaşdırdı. Daha sonra TAP layihəsi vasitəsilə Azərbaycanın enerji ehtiyatlarının daha geniş coğrafiyaya çatdırılması təmin olundu.İqtisadi layihələr içərisində onu da qeyd edə bilərik ki, Azərbaycan sərmayə qoyulan dövlət olmaqdan çıxaraq sərmayə qoyan dövlətə çevrildi. Burada ilk sırada qardaş Türkiyə gəlir, amma bu, yalnız qardaş Türkiyə ilə məhdudlaşmır. Azərbaycan digər qardaş və dost dövlətlərlə də birgə investisiya fondları yaradır, eyni zamanda xaricə sərmayə qoyan dövlətə çevrilmişdir.Nəqliyyat layihələri arasında, şübhəsiz ki, ilk böyük qlobal xarakterli layihə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi idi. Azərbaycanın logistika mərkəzinə çevrilməsi də çox önəmli oldu. Bütün bunlar həm ölkəmizin iqtisadi qüdrətinin artmasına töhfə verdi, həm də regional və qlobal müstəvidə Azərbaycanın mövqeyinin güclənməsinə yol açdı.Cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi, onun xarici siyasətində və ümumiyyətlə, siyasətində ən vacib istiqamətlərdən biri dövlətimizin qüdrətinin artırılması və ərazi bütövlüyümüzün təmin edilməsi idi. Bu istiqamətdə diplomatik uğurlarla bərabər, müasir ordu quruculuğunun və xalq-dövlət birliyi siyasətinin uğurla icra olunması nəticəsində ərazilərimizi işğaldan azad etdik.Cənab Prezidentimiz də bunu çox doğru olaraq mütəmadi şəkildə qeyd edir ki, yaxın tarixdə dünya miqyasında Azərbaycanın öz ərazilərini uğurla azad etməsinə bənzər başqa bir nümunə yoxdur.Bizim həm müstəqilliyimizi gücləndirməyimiz, həm ümumiyyətlə, uğurlu dövlət quruculuğumuz, həm də iqtisadi qüdrətimizi artırmağımız ona imkan verdi ki, Azərbaycan heç bir xarici dövlətin təzyiqini qəbul etməsin. Bu da, əslində, dünyada nümunəsi az olan hallardan biridir. Belə bir nümunə yoxdur ki, fərqi yoxdur, həmin dövlət yaxınlıqda, yoxsa uzaqda yerləşir, yaxud təzyiq göstərmək istəyən dövlətin siyasi, iqtisadi və hərbi gücü hansı miqyasdadır — Azərbaycan heç bir kənar gücün milli maraqlarımıza zidd tələbini qəbul etmir, Azərbaycana qarşı təzyiqləri qəbul etmir.Biz bunu 2008–2010-cu illərdə Qərb dövlətinin timsalında görmüşük. Cənab Prezidentin hakimiyyəti dövründə müxtəlif mərhələlərdə digər dövlətlərin, o cümlədən qonşu dövlətlərin təzyiqlərini də qəbul etməmişik. Azərbaycan dövləti bütün təzyiqlərə qarşı çıxıb və öz müstəqil siyasət kursunu davam etdirib.Bu da, məncə, cənab Prezidentin 2003-cü ildən etibarən həyata keçirdiyi uğurlu dövlət quruculuğu, xarici siyasət strategiyası və milli təhlükəsizlik konsepsiyasının nəticəsidir ki, Azərbaycan bunu edə bilir. Çünki Azərbaycan iqtisadi, siyasi, ərazi, əhali sayı və hərbi baxımdan dünyanın ən böyük dövlətləri arasında deyil. Amma məhz uğurlu dövlət quruculuğu, milli təhlükəsizlik strategiyası və xarici siyasət strategiyası sayəsində Azərbaycan elə bir nəticəyə nail ola bilib ki, Azərbaycandan hərbi, iqtisadi, siyasi və əhali sayı baxımından daha böyük dövlətlər belə onu öz mövqeyindən döndərə bilməyiblər.Bu uğurlar həm də Azərbaycana imkan verir ki, heç bir xarici təzyiqi qəbul etmədən müstəqil xarici siyasət kursunu davam etdirə bilsin".
Müəllif: Lətifə Musayeva