PDF Oxu

Siyasət

  • 544

Azərbaycan-Laos münasibətləri: qarşılıqlı etimad və inkişaf perspektivləri - ŞƏRH

image

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlığın qurulması, qarşılıqlı maraqların uzlaşdırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan özünün fəal və çoxşaxəli xarici siyasəti ilə müxtəlif regionlarda yerləşən ölkələrlə əlaqələrini genişləndirir, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Laos Xalq Demokratik Respublikası ilə münasibətlər də bu siyasətin mühüm istiqamətlərindən biridir.
Oktyabrın 13-də Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında əlamətdar hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı göstərdi ki, tərəflər mövcud əlaqələrin qorunub saxlanılması ilə yanaşı, əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsində də maraqlıdırlar. Dövlət başçılarının görüşləri zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar gələcək münasibətlərin istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.
Azərbaycan və Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən müddət ərzində ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlaşma və dəstək nümayiş etdirib, siyasi dialoqun davamlılığını təmin ediblər. Parlamentlərarası əlaqələrin inkişafı, dostluq qruplarının fəaliyyəti və hakim partiyalar arasında əməkdaşlıq da ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Bu əlaqələr qarşılıqlı hörmətə əsaslanan siyasi tərəfdaşlığın formalaşmasına əlverişli şərait yaradıb.
Səfərin diqqətçəkən nəticələrindən biri iki ölkə arasında Birgə Bəyanatın qəbul edilməsi və bir sıra sənədlərin mübadiləsi olub. Bu sənədlər qarşılıqlı niyyətlərin ifadəsi olmaqla yanaşı, gələcək əməkdaşlığın praktiki məzmun qazanması üçün də mühüm əhəmiyyət daşıyır. Əsas məsələ əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, qarşılıqlı təşəbbüslərin konkret layihələrə çevrilməsi və yeni əməkdaşlıq imkanlarından səmərəli istifadə edilməsidir.
İqtisadi sahədə münasibətlərin genişləndirilməsi xüsusi aktuallıq daşıyır. Mövcud ticarət dövriyyəsinin ölkələrimizin potensialını tam əks etdirməməsi bu istiqamətdə böyük imkanların olduğunu göstərir. Biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, investisiya təşəbbüslərinin təşviqi və Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Laos biznes-forumu iqtisadi əməkdaşlığa yeni təkan verə bilər. Energetika, kənd təsərrüfatı, mədənçilik və nəqliyyat sahələrində qarşılıqlı təcrübə mübadiləsi də perspektivli istiqamətlər sırasındadır.
İki xalq arasında humanitar əlaqələrin genişləndirilməsi də gələcək əməkdaşlığın vacib hissəsidir. Azərbaycan və Laos arasında təhsil sahəsində mövcud ənənələrin yenidən canlandırılması, tələbə mübadiləsinin və təqaüd imkanlarının artırılması xalqlarımızın bir-birini daha yaxından tanımasına imkan verəcək. Mədəniyyət və turizm sahələrində əməkdaşlıq isə qarşılıqlı münasibətlərin ictimai əsaslarını daha da möhkəmləndirə bilər.
Prezident İlham Əliyevin Laosun Azərbaycan üçün dost ölkə olduğunu vurğulaması münasibətlərin siyasi mahiyyətini və qarşılıqlı etimadın əhəmiyyətini ifadə edir. Bu dostluğun gələcək inkişafı üçün həm siyasi iradə, həm də konkret əməkdaşlıq imkanları mövcuddur.
Əminliklə demək olar ki, Laos Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin yeni mərhələyə yüksəlməsi üçün mühüm zəmin yaradıb. Qarşılıqlı maraqlara, hörmətə və əməkdaşlıq istəyinə söykənən münasibətlərin bundan sonra daha geniş sahələri əhatə etməsi Azərbaycan-Laos tərəfdaşlığının gələcək inkişafına mühüm töhfə verəcək.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər