Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı verdiyi bəyanat və iki ölkə arasında əldə olunan razılaşmalar Azərbaycan-Kamboca münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Ölkə Prezidenti yaxşı siyasi münasibətlərin olduğunu və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün Baş Nazirin Azərbaycana rəsmi səfərinin faydalı olduğunu diqqətə çatdırdı. Baş nazir ölkə Prezidenti İlham Əliyevə AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyi üçün təşəkkürünü bildirdi.
Qarşılıqlı əlaqələrin bəzi vacib sahələri müzakirə edildi. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı fürsət yaranacağı görüşdə diqqətə çatdırıldı. Rəsmi məlumatlara görə, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 3,25 milyon dollar, 2023-cü ilin yanvar-sentyabr aylarında isə 3,93 milyon dollar təşkil edib. Bu göstəricilər iqtisadi münasibətlərin genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu göstərir.
İkitərəfli münasibətlərin digər mühüm istiqaməti humanitar və təhsil əməkdaşlığıdır. Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki ölkə arasında mövcud olan tarixi əlaqələri göstərir. ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mübadiləsi bu sahədə yeni imkanlar yaradır. Təhsil mübadiləsinin genişləndirilməsi, tələbə və mütəxəssislər arasında əlaqələrin qurulması qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edə bilər. Eyni zamanda, Azərbaycanın ASAN xidmət modelinin Kambocada maraq doğurması ölkəmizin dövlət idarəçiliyi sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə paylaşılması baxımından əhəmiyyətlidir.
Dövlət başçısının sülh və təhlükəsizliyin beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı olduğu barədə fikirləri də iki ölkənin beynəlxalq münasibətlərə yanaşmasında ortaq məqamları önə çıxarır. Cənab Prezident İlham Əliyev AQEM sammitinin tezliklə Azərbaycanda keçirilməsinin üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətinin aydın təzahürü oluğunu vurğuladı. Bu önəmli beynəlxalq tədbirin Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcəyini bildirdi.
Çinarə Səfərova
Tarix üzrə fəlsəfə doktoru, ADAU İctimai fənlər kafedrasının dosenti (e.a.o.)