Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi hazırlıq görülür
Bu il aprelin 7-dən 9-dək Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ciddi hazırlıq işləri aparılır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamına əsasən Bakı Forumunun sənədlərinin müzakirəsi, iştirakçıların tərkibinin dəqiqləşdirilməsi, proqramın və sessiyaların mövzularının hazırlanması və digər məsələlər barədə müzakirələrin aparılması məqsədilə YUNESKO, Avropa Şurası (AŞ), BMT-nin Sivilizasiyalar Alyansı, AŞ-nin Şimal-Cənub Mərkəzinin ümumi razılığı ilə fevralın 27-28-də Parisdə İşçi Qrupunun yekun iclasının keçirilməsi qərara alınıb. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Forumun əlaqələndiricisi Vasif Eyvazzadə, ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın YUNESKO və Avropa Şurası yanında daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Yekun iclasda Forumla bağlı bütün məsələlərin, xüsusilə açılış mərasimi və sessiyaların proqramı üzrə moderatorların və natiqlərin müəyyənləşdirilməsi, tədbirin yekun hesabatının hazırlanması, iştirakçıların tərkibi, təklif ediləcək layihə və proqramlar, mədəni proqram və s. kimi məsələlər müzakirə olunacaq.