Münaqişənin həlli beynəlxalq hüquqa uyğun tənzimlənməlidir
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Mir" Dövlətlərarası Teleradio Şirkətinə müsahibə verib. Dövlət başçısı müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi və onun sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinə aydınlıq gətirib.
"Münaqişənin dinc yolla həlli şansı nə dərəcədə böyükdür" sualına cavabında dövlət başçısı deyib: "Azərbaycan sülh prosesinin tərəfdarıdır və mənim sözlərimə başlıca sübut odur ki, təqribən 20 il müddətində biz danışıqlar prosesindəyik. 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılmış, 1994-cü ildə atəşkəs haqqında qərar qəbul olunmuşdur və o vaxtdan danışıqlar aparılır, ancaq təəssüf ki, heç bir nəticəsi yoxdur.
Buna görə də biz, ilk növbədə, sülh danışıqlarının tənzimləməyə gətirib çıxaracağına ümid bəsləyir və danışıqlar prosesində fəal iştirak edirik. Təbii ki, tənzimləmə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır, çünki bunun başqa əsası, sadəcə, ola bilməz".
Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün dünya, bütün ölkələr tərəfindən tanınıb. Azərbaycan BMT-yə üzv qəbul ediləndə sərhədlərimiz məhz mövcud çərçivədə tanınıb.
Azərbaycan Prezidenti bildirib ki, indi danışıqlar masası üzərindəki format bundan ibarətdir. Əlbəttə, burada müəyyən məqamlar vardır, lakin qlobal mənada söhbət bu prinsiplərdən gedir. Əgər bunlar təmin edilərsə, əlbəttə, lap yaxın vaxtlarda biz irəliləyiş barədə danışa bilərik. Əks halda, regionda vəziyyətin sonrakı inkişafı müxtəlif ssenarilər üzrə gedə bilər.
Azərbaycan Prezidenti onu da vurğulayıb ki, son 19 ildə vasitəçilərin fəaliyyəti heç bir nəticə verməyib: "Danışıqların müxtəlif formatları olmuşdur, müəyyən mərhələlərdə müəyyən irəliləyiş olmuşdur, lakin hər dəfə ya Ermənistanda baş verən müəyyən faciəli hadisələrlə, yaxud da əvvəllər artıq razılaşdırılmış məsələlər barədə Ermənistanın mövqeyinin dəyişməsi ilə əlaqədar bu danışıqlar ya düyünə düşmüş, ya da pozulmuşdur.
Biz ümid edirik ki, həmsədr ölkələr- onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür- hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslardan daha çox istifadə edəcəklər".
Məlum olduğu kimi, vasitəçilərin təklifi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz.
İstənilən anda Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq normaları əsasında, istənilən yolla bərpa etmək istəyəndə, hüquqi əsas həlledici rol oynayacaq. Beləliklə, bugünkü vəziyyət, yəni beynəlxalq hüquq normaları əsasında həllini gözləyən münaqişə ilə bağlı proseslər müsbət istiqamətdə davam edir. Çünki BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra bu illər ərzində müxtəlif beynəlxalq təşkilatlarda vacib qərarlar qəbul edilib.
Əlbəttə, beynəlxalq təşkilatların qərarları çox önəmlidir, lakin bu sənədlərin tələblərinin məcburi icrasının təmin edilməsində problemlər var. Dünya birliyi və beynəlxalq aləm beynəlxalq hüquq normaları əsasında formalaşıb və fəaliyyət göstərir. Birləşmiş Millətlər Təşkilatı və digər təşkilatların nizamnaməsi, məramı ədalət, demokratiya, hüquq normaları üzərində qurulub, ona görə də istənilən formada münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır.
Münaqişənin həllində tərəflər arasında hərbi, iqtisadi güc balansının da böyük rolu var. Qüdrətli Azərbaycan qarşısında zəif Ermənistan. Bu faktor danışıqlar masasında şərtləri, əslində, kimin diqtə etməli olduğunu göstərir.
Burada hərbi güc balansının da önəmli rolu var. Azərbaycan Silah Qüvvələrinin getdikcə qüdrətlənməsi erməniləri və onların havadarlarını narahat edir. Hazırda həm Minsk Qrupunun həmsədrləri, həm də Yerevan hərbi ssenarinin tətbiqinə qarşı çıxır və problemin dinc yolla nizamlanması üçün danışıqları davam etdirməyə çağırırlar.
Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların təsir imkanlarından faydalanmağa səy göstərir. Bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun münaqişənin həllində hər hansı fərqli situasiyaya hazır olmadığından xəbər verir.
Azərbaycan Prezidenti sülh danışıqlarının pozulmasının nəyə gətirib çıxaracağını qarşı tərəfə və beynəlxalq birliyə aydın şəkildə izah edib. İndi seçim Ermənistandadır: ya sülh yolu ilə problem həll ediləcək, ya da Azərbaycan güc yolu ilə öz ərazilərini işğaldan azad edəcək.