16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Ağstafa rayon təşkilatı tərəfindən “Gənclər və İdman idarəsi” Ərazi Partiya Təşkilatından olan partiya fəallarının iştirakı ilə 17 oktyabr “Füzuli şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd edib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi təsis edilib. Bu qərar Füzulinin azad olunmasının tarixi əhəmiyyətinin vurğulanması, şəhərin inkişafının və bərpasının diqqət mərkəzində saxlanılması baxımından mühüm məna daşıyır. Bu gün işğaldan azad edilmiş Füzulidə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərdə müasir infrastruktur yaradılır, yollar, yaşayış binaları və sosial obyektlər inşa olunur. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti bölgənin nəqliyyat imkanlarını genişləndirir, şəhərin iqtisadi və turizm potensialının inkişafına yeni imkanlar yaradır. Bütün bu işlər Böyük Qayıdış proqramının mühüm tərkib hissəsi kimi insanların doğma yurdlarına təhlükəsiz və dayanıqlı qayıdışına xidmət edir.
Daha sonra çıxış edən natiqlər – Ağstafa Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət İsmayılov , Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşları Tünzalə Namazova və Kifayət Əlisgəndərova bildiriblər ki, Füzulinin yenidən qurulması yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Şəhərin tarixi-mədəni irsinin qorunması, sosial həyatın canlandırılması, yeni iş imkanlarının yaradılması və sakinlərin rahat yaşayışının təmin olunması da əsas məqsədlərdəndir. Azad edilmiş torpaqlarda həyatın yenidən qurulması Azərbaycanın müharibədən sonrakı inkişaf strategiyasının mühüm istiqamətidir. 17 Oktyabr – Füzuli şəhəri günü hər bir azərbaycanlı üçün milli qürur və tarixi yaddaş günüdür. Bu əlamətdar tarix bizə Vətən uğrunda göstərilən qəhrəmanlığı, birliyin gücünü və azadlığın dəyərini xatırladır. Füzulinin dirçəlişi Azərbaycanın tarixi Zəfərinin davamı, gələcəyə inamının və quruculuq əzminin ifadəsidir.