15 oktyabr 2026-cı il tarixdə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı beynəlxalq münasibətlərin aktual məsələlərini, Azərbaycanın müstəqil xarici siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi hadisələri regionda sülhün möhkəmləndirilməsi perspektivlərini əhatə edib. Çıxışında beynəlxalq hüququn aliliyinin təmin olunması, münaqişələrə münasibətdə ikili standartların aradan qaldırılması və beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizmlərinin yaradılması məsələlərini xüsusi vurğulanıb. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın keçdiyi tarixi yolu, üzləşdiyi çətinlikləri və milli suverenliyini bərpa etmək əzmini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın əlverişli coğrafi mövqeyinə, beynəlxalq əməkdaşlıq imkanlarına və regional təhlükəsizliyin təmin edilməsindəki roluna toxunub. Avropa ilə Asiyanın qovşağında yerləşən ölkəmizin siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə qurduğu əlaqələr onun beynəlxalq mövqeyini gücləndirən amillər sırasındadır. Ölkə başçısı vurğulayıb ki, “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Bu fikir Azərbaycanın yalnız coğrafi baxımdan deyil, həm də iqtisadi və siyasi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını ifadə edir. Müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda qurulan münasibətlər regionda qarşılıqlı etimadın və təhlükəsizliyin möhkəmləndirilməsinə gətirib çıxarır.
Dövlət başçısı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini də diqqətə çatdıraraq bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. Onun çıxışında beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinə qarşı prinsipial mövqe xüsusi yer tutub. Prezident Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən beynəlxalq münasibətlər sistemində ikili standartlarla üzləşdiyini qeyd edib. Çıxışda diqqətə çatdırılıb ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında qalıb, bir milyona yaxın azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Bu tarixi faktlar təkcə Azərbaycanın üzləşdiyi humanitar fəlakətin miqyasını deyil, həm də beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində mövcud olmuş problemləri göstərir. Prezident BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş ərazilərdən erməni qüvvələrinin çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun illər icra edilməməsini xatırladıb. Prezidentin çıxışında xüsusi vurğulanıb ki, beynəlxalq hüquq yalnız sənədlərdə əks olunan prinsiplər toplusu olaraq qalmamalı, onun müddəalarının həyata keçirilməsi üçün real və işlək mexanizmlər mövcud olmalıdır.
Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun mürəkkəb mərhələlərini xatırladan Prezident İlham Əliyev Ermənistanın əvvəlki və hazırkı rəhbərliyinin siyasətinə, işğal dövründə baş vermiş hadisələrə və beynəlxalq ictimaiyyətin həmin proseslərə münasibətinə toxunub.
Dövlət başçısı 2020-ci ildə baş vermiş Vətən müharibəsinin Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altında olan çoxsaylı şəhər və kəndləri azad edib, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılıb. Lakin ölkənin suverenliyinin tam bərpası məsələsi hələ həllini tapmamışdı. Sonrakı dövrdə Azərbaycanın bu istiqamətdə sülh yolu ilə nəticə əldə etmək cəhdlərinə baxmayaraq, regionda gərginlik davam edib. Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrinə toxunaraq bildirib: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu.” Bu hadisə Azərbaycanın dövlət suverenliyinin bütün ərazisində təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünü bərpa etmək, separatizmə son qoymaq və ölkənin bütün ərazilərində konstitusiya quruluşunu təmin etmək olub.
Ölkə başçısı həmçinin Azərbaycan əleyhinə təhdidlər səsləndirmiş şəxslərin hazırda Azərbaycan məhkəməsi qarşısında cavab verməsinə diqqət çəkib. Hərbi Qənimətlər Parkında nümayiş etdirilən texnikanı və Bakıda yaradılmış Zəfər Parkı ilə Zəfər Muzeyini Azərbaycanın tarixi Qələbəsini anlamaq baxımından mühüm məkanlar kimi qeyd olunub.“Müharibə bizim seçimimiz olmayıb” deyən ölkə başçısının çıxışında müharibənin səbəbləri, onun qarşısının alınması imkanları və sülhün əldə olunması məsələləri xüsusi yer tutub. Prezident İlham Əliyev Azərbaycanın uzun illər davam edən işğala və onun doğurduğu ağır nəticələrə baxmayaraq, sülhə üstünlük verdiyini bildirib. Ölkəmizin başçısı bildirib ki, Azərbaycanın təcrübəsi göstərir ki, münaqişələrin həllində yalnız diplomatik bəyanatlarla kifayətlənmək mümkün deyil. Ədalətli və davamlı sülh üçün dövlətlərin hüquqları qorunmalı, qəbul edilmiş beynəlxalq öhdəliklər yerinə yetirilməli və bütün tərəflərə eyni prinsiplərlə yanaşılmalıdır.
Dövlət başçısı Azərbaycanın AQEM-ə ikiillik sədrliyi dövründə təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Bu müddətdə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüslər irəli sürülüb. Dövlət başçısının qeyd etdiyi kimi, üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən tədbirlər AQEM-in regional dialoq və qarşılıqlı fəaliyyət platforması kimi imkanlarını genişləndirib. Təşkilatın üzvlərinin sayının artması və institusional əsaslarının möhkəmlənməsi onun Asiyada təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlaşmanın təşviqində rolunu artırıb.
Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər ölkəmizin çoxtərəfli diplomatiyaya verdiyi önəmi, dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq problemlərin dialoq yolu ilə həllinə yönəlmiş fəaliyyətini nümayiş etdirir.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müstəqil xarici siyasətinin əsas istiqamətlərini, tarixi Qələbəsinin mahiyyətini və regionda davamlı sülhə dair mövqeyini əks etdirir. Dövlət başçısının diqqətə çatdırdığı məsələlər arasında beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyünə hörmət, ikili standartlara qarşı mübarizə və beynəlxalq təşkilatların məsuliyyətinin artırılması xüsusi yer tutur.
7-ci Zirvə görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin, təşkilat daxilində fəal mövqeyinin və Bakının mühüm diplomatik mərkəz kimi rolunun nümunəsidir.
Qadir İbrahimov
YAP Culfa rayon təşkilatının sədri