PDF Oxu

Siyasət

  • 542

Müstəqil xarici siyasət və əməkdaşlıq - ŞƏRH

Müstəqil xarici siyasət və əməkdaşlıq - ŞƏRH

15 oktyabr 2026-cı il tarixində Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ölkəmizin beynəlxalq arena və çoxtərəfli diplomatiyadakı artan nüfuzunun bariz təzahürüdür. Dövlət və hökumət başçılarının, eləcə də yüksək səviyyəli nümayəndə heyətlərinin iştirak etdiyi bu mötəbər sammit Asiya qitəsində dialoqun, qarşılıqlı etimadın və regional əməkdaşlığın dərinləşdirilməsi üçün strateji platforma rolunu oynayır. Azərbaycanın 2024–2026-cı illəri əhatə edən AQEM-ə sədrliyi ölkəmizin qlobal təşəbbüslərdəki fəallığını və regional inteqrasiyaya verdiyi mühüm töhfəni növbəti dəfə nümayiş etdirdi.

Coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında mühüm birləşdirici mərkəz funksiyasını uğurla yerinə yetirir. Ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində tərəfdaş dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə qurulmuş fəal əməkdaşlığı regionda sabitliyin və təhlükəsizlik sisteminin daha da möhkəmlənməsinə töhfə verir.Azərbaycan beynəlxalq münasibətlərdə suveren bərabərlik, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə söykənən müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Eyni zamanda, dövlətimiz beynəlxalq hüququn tətbiqində ikili standartlara və seçici yanaşmalara qarşı prinsipial, fəal və əsaslandırılmış mövqe ortaya qoyur.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən sonra davamlı şəkildə ikili standartlarla üzləşmişdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təqribən 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında qalmış, 1 milyon azərbaycanlı həm Qarabağ və Şərqi Zəngəzurdakı, həm də indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından qovularaq etnik təmizləməyə məruz qalmışdır.

Dövlətimizin başçısı diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi 30 il ərzində kağız üzərində qalmışdır. Məsələnin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti formal xarakter daşımış, faktiki olaraq mövcud vəziyyətin dondurulmasına xidmət etmişdir.Ermənistanın keçmiş rəhbərliyi olan müharibə cinayətkarları hələ də layiq olduqları cəzanı almayıblar.

Prezident bildirdi ki, Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən bu cinayətkar siyasəti davam etdirmiş, “Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatları və hərbi təhdidləri ilə regionda vəziyyəti kəskinləşdirmişdir. 2020-ci ilin yayında Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatlar Azərbaycan xalqının səbr kasasını doldurdu. 44 günlük Vətən müharibəsində Müzəffər Silahlı Qüvvələrimiz 300-dən çox şəhər və kəndi işğaldan azad etdi. Nəticədə, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Vətən müharibəsindən sonra keçən üç il ərzində Azərbaycan suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin Ermənistan atəşkəs dövründən öz hərbi potensialını bərpa etmək və Qərbdəki havadarlarının dəstəyi ilə Azərbaycana qarşı yenidən təhdidlər yaratmaq məqsədilə istifadə etməyə cəhd göstərmişdir.

2023-cü ilin sentyabrında baş verən növbəti təxribatlara cavab olaraq həyata keçirilən bir sutkadan da az müddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələri tamamilə darmadağın edilmişdir. Bununla da Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin etmiş, separatizmə birdəfəlik son qoyulmuşdur. Separatçı rejiminin rəhbərləri və müharibə cinayətkarları isə ədalət mühakiməsi qarşısında cavab vermək üçün Azərbaycan məhkəməsinə təhvil verilmişdir.

Azərbaycanın seçimi heç bir zaman müharibə olmamış, işğalçı tərəfə vaxtında beynəlxalq sanksiyaların tətbiq edilməməsi və cəzasızlıq mühiti Ermənistanı bu addımlara sövq etmişdir. Təcavüzkarın müddətsiz cəzasız qalması onun təxribatçı əməllərini artırsa da, Ermənistan və onun havadarları Azərbaycan xalqının sarsılmaz iradəsini və milli həmrəyliyini düzgün qiymətləndirə bilməmişlər.

Azərbaycan döyüş meydanında mütləq qələbə qazanmasına və 30 illik işğal dövrünün ağır nəticələrinə baxmayaraq, mülki əhalidən qisas almamış, yalnız döyüş meydanında layiqli cavab verməklə dərhal sülh gündəliyini irəli sürmüşdür. Artıq bir ildən çoxdur ki, regionda sülh şəraiti hökm sürür və hazırda əsas vəzifə bu sülhü qorumaq, onu regional sabitliyin sarsılmaz sütununa çevirməkdən ibarətdir.

Azərbaycanın AQEM-ə iki il ərzindəki sədrliyi dövründə təşkilatın gücləndirilməsi ana prioritet kimi saxlanılmış, nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində çoxtərəfli əməkdaşlıq fəal şəkildə təşviq olunmuşdur. Üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilən təşəbbüslər sayəsində AQEM institusional və hüquqi baxımdan daha da möhkəmlənmiş, üzvlərinin sırası genişlənmiş, regionda təhlükəsizlik ilə iqtisadi rifahın təmin olunması imkanları əhəmiyyətli dərəcədə güclənmişdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər