PDF Oxu

Siyasət

  • 479

Zəngilan – tarixi Zəfərin, milli qürurun və Böyük Qayıdışın ünvanı - ŞƏRH

Zəngilan – tarixi Zəfərin, milli qürurun və Böyük Qayıdışın ünvanı - ŞƏRH

20 Oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinin, milli iradəsinin və doğma torpaqlara qayıdış əzminin təntənəsidir.

Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan özünün zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi və əməksevər insanları ilə seçilən diyardır. Araz çayının sahilində yerləşən bu qədim torpaq ölkəmizin ayrılmaz hissəsi olmaqla yanaşı, milli tariximizin və mənəvi yaddaşımızın da mühüm ünvanlarından biridir. Bu gün Zəngilanın adı çəkiləndə göz önündə yalnız gözəl təbiət mənzərələri deyil, həm də ağır sınaqlardan keçmiş bir elin dözümü, mübarizəsi və yenidən dirçəlişi canlanır.

1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Zəngilan uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə soydaşımızın taleyində ağrılı bir səhifəyə çevrildi. İşğal nəticəsində rayonun yaşayış məntəqələrinə, tarixi-mədəni irsinə və təsərrüfatına ciddi ziyan dəydi. On minlərlə insan doğma ev-eşiyini tərk etmək məcburiyyətində qaldı. Zəngilanlılar illərlə Vətən həsrəti ilə yaşasalar da, torpaqlarına qayıdacaqlarına olan inamlarını itirmədilər. Bu inam xalqımızın yaddaşında qorunub saxlanılan Vətən sevgisinin, milli birliyin və tarixi ədalətə bağlılığın ifadəsi idi. Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyümüzün bərpasını əsas məqsədlərindən biri kimi müəyyənləşdirdi. Güclü ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi gələcək Zəfərin əsaslarını formalaşdırdı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Qırx dörd gün davam edən müharibə xalqımızın iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin siyasi əzmini bütün dünyaya nümayiş etdirdi.

2020-ci il oktyabrın 20-də Azərbaycan xalqı daha bir tarixi qələbə xəbərinə sevindi. Həmin gün Zəngilan şəhəri və rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndləri işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müjdəni xalqa çatdıraraq Zəngilanın azadlığını elan etdi. Bu xəbər illərlə doğma yurdun həsrəti ilə yaşayan zəngilanlıların qəlbində böyük sevinc və qürur hissi yaratdı.

Zəngilanın azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyətə malik hadisə idi. Bu qələbə Azərbaycan Ordusunun uğurlu əməliyyatlarının davamı olmaqla, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri kimi tarixə düşdü.

Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan gücləndi, müdafiə qabiliyyətini artırdı və milli maraqlarını qətiyyətlə müdafiə etmək imkanlarını genişləndirdi.

Vətən müharibəsində əldə edilən qələbə Azərbaycan xalqının birliyinin və dövlət-xalq-ordu həmrəyliyinin nə qədər böyük gücə malik olduğunu göstərdi. Azərbaycan vətəndaşları siyasi baxışlarından və sosial mövqelərindən asılı olmayaraq vahid məqsəd ətrafında birləşdilər. Hər kəsin ürəyində bir arzu vardı: işğal altında olan torpaqlarımız azad edilsin, üçrəngli bayrağımız doğma şəhər və kəndlərimizdə dalğalansın, məcburi köçkünlər öz evlərinə qayıtsınlar.

Zəngilanın azad olunması bu ümummilli arzunun gerçəkləşməsinin mühüm mərhələsi idi. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs fədakarlığı və qazilərimizin şücaəti bu qələbənin təməlində dayanır. Zəngilan Şəhəri Günü münasibətilə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə minnətdarlığımızı bildirmək hər birimizin mənəvi borcudur.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilib. Bu qərar tarixi qələbənin əbədiləşdirilməsi, milli yaddaşın qorunması və gələcək nəsillərin Vətən sevgisi ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Zəngilanın adı yalnız hərbi qələbə ilə deyil, həm də genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı çəkilir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, infrastrukturun yenidən qurulması, müasir yaşayış məntəqələrinin yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin qarşıya qoyduğu mühüm vəzifələrdəndir.

Zəngilanın dirçəlişi göstərir ki, Azərbaycan azad edilmiş torpaqlara yalnız keçmişin ağrılarını aradan qaldırmaq üçün deyil, gələcəyin müasir və dayanıqlı inkişaf məkanlarını yaratmaq məqsədilə qayıdır. Burada qurulan hər yeni ev, çəkilən hər yol, yaradılan hər sosial obyekt Böyük Qayıdışın real nəticələridir.

Doğma yurda qayıdış Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi mənəvi məna daşıyır. Çünki torpaq yalnız coğrafi məkan deyil. Torpaq insanın uşaqlıq xatirələri, ailə ocağı, ata-baba məzarı, milli kimliyi və mənəvi bağlılığıdır. Zəngilanlılar üçün doğma yurda qayıtmaq bütün bu dəyərlərlə yenidən qovuşmaq deməkdir.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər