PDF Oxu

Siyasət

  • 564

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəngilana üz tutan Zəfər yolu - ŞƏRH

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəngilana üz tutan Zəfər yolu - ŞƏRH

Zəngilanın azadlığı xalqımızın öz torpaqlarına bağlılığının, dövlətimizin sarsılmaz iradəsinin və Azərbaycan Ordusunun yenilməzliyinin təntənəsi idi. Zəngilana aparan yolun başlanğıcında xalqın tarixi yaddaşı, torpaqlarımızın işğalı ilə barışmayan milli ruh və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmi dayanırdı. Uzun illər ərzində doğma yurdlarından ayrı düşmüş zəngilanlıların ürəyində bir arzu yaşayırdı - bir gün yenidən öz torpaqlarına qayıtmaq, doğulduqları yerlərin havasını udmaq, ata-baba yurdlarında həyatın yenidən canlandığını görmək. Bu arzu sadəcə mənəvi istək deyildi - o, milli kimliyimizin, tarixi yaddaşımızın və torpağa bağlılığımızın ifadəsi idi. Azərbaycan dövləti isə bu məqsədə çatmaq üçün siyasi, diplomatik, iqtisadi və hərbi gücünü ardıcıl şəkildə möhkəmləndirirdi. Məhz bu prosesdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi xüsusi əhəmiyyət daşıyırdı. Onun müəyyənləşdirdiyi qətiyyətli siyasi xətt, ordunun müasirləşdirilməsi istiqamətində görülən işlər, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi tarixi Qələbənin əsasını təşkil edən amillər sırasında idi. Dövlət başçısının iradəsi ilə xalqın qətiyyəti bir məqsəd ətrafında birləşdi: işğal altında olan torpaqlarımız azad edilməli, ölkəmizin ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı idilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının bu iradəsinin real gücə çevrildiyi tarixi mərhələ oldu. Müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusu böyük peşəkarlıq, döyüş əzmi və qəhrəmanlıq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən hərbi əməliyyatlar düşmənin uzun illər ərzində yaratdığı müdafiə sistemlərinin yarılması, işğal olunmuş ərazilərin azad edilməsi və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu müharibə bir daha göstərdi ki, güclü dövlətçilik, hazırlıqlı ordu və xalqın birliyi milli məqsədlərin gerçəkləşməsində həlledici rol oynayır. Oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi həmin tarixi yolun mühüm qələbələrindən biri kimi yadda qaldı. Şəhərin azad olunması ilə yanaşı, Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri də düşmən işğalından xilas edildi. Bu hadisə hərbi baxımdan strateji əhəmiyyət daşımaqla bərabər, mənəvi baxımdan da böyük məna kəsb edirdi. Çünki Zəngilanın azadlığı Azərbaycan əsgərinin yalnız döyüş meydanındakı üstünlüyünü deyil, xalqımızın doğma torpaqlarına qayıtmaq əzminin sarsılmazlığını da təsdiqlədi. Zəngilan üzərində dalğalanan üçrəngli bayrağımız dövlət suverenliyimizin, milli qürurumuzun və gələcəyə inamımızın rəmzinə çevrildi. Zəngilan Zəfərinin arxasında, ilk növbədə, Vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı dayanır. Hər qarış torpaq uğrunda mübarizə aparan hərbçilərimiz öz şücaətləri ilə tarix yazdılar. Onların fədakarlığı, döyüş yoldaşlarına sədaqəti və Vətən sevgisi xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Qələbə şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və minlərlə hərbçimizin əzmi hesabına qazanıldı. Buna görə də Zəngilanın azadlığı haqqında danışarkən, ilk növbədə, canını Vətənə fəda edən qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilməlidir. Onların bizə əmanət etdiyi torpaqların qorunması və inkişaf etdirilməsi hər birimizin mənəvi borcudur. Zəngilanın azadlığı Azərbaycanın hərbi Qələbəsinin yaratdığı yeni reallıqların mühüm tərkib hissəsi oldu. Lakin bu tarixi hadisənin əhəmiyyəti yalnız müharibə meydanındakı uğurla ölçülmür. Azad edilmiş torpaqlarda həyatın yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, iqtisadi imkanların hərəkətə gətirilməsi və insanların doğma yurdlarına qayıdışının təmin edilməsi Qələbənin davam edən strateji məzmununu müəyyənləşdirir. Məhz buna görə Zəngilan bu gün təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın quruculuq iradəsinin, gələcəyə hesablanmış inkişaf siyasətinin və Böyük Qayıdışın mühüm ünvanlarından biridir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanda həyata keçirilən bərpa və quruculuq işləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rayonun nəqliyyat imkanlarının genişləndirilməsi, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və iqtisadi potensialının inkişaf etdirilməsi bölgənin gələcək tərəqqisi üçün möhkəm zəmin yaradır. Ağalı kəndində həyata keçirilən müasir yaşayış və idarəetmə həlləri ilə seçilən layihələr, eləcə də Zəngilanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi bu ərazinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş torpaqlarda müasir yaşayış məkanlarının yaradılması Azərbaycanın yalnız ərazilərini azad etmədiyini, həmin ərazilərdə davamlı və firavan həyat qurmaq əzmində olduğunu nümayiş etdirir. Böyük Qayıdışın mahiyyəti insanları doğma ünvanlarına qaytarmaqla bitmir. Bu proses həm də ailələrin gələcəyə inamının bərpası, sosial həyatın canlandırılması, məşğulluq imkanlarının yaradılması və milli-mədəni irsimizin yenidən dirçəldilməsi deməkdir. Zəngilanda hər yeni yaşayış evinin tikilməsi, hər yolun salınması, hər sosial obyektin istifadəyə verilməsi azadlığın gündəlik həyatdakı təcəssümüdür. Bir vaxtlar həsrət və ayrılıqla xatırlanan yurd yerlərinin yenidən yaşayış məkanına çevrilməsi xalqımızın qələbə əzminin sülhə və quruculuğa yönəlmiş davamıdır.

Zəngilanın coğrafi mövqeyi və iqtisadi potensialı da onun gələcək inkişafında mühüm rol oynayır. Rayonun Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşməsi, nəqliyyat əlaqələrinin genişləndirilməsi və regionlararası bağlantı imkanlarının inkişafı ona yeni perspektivlər qazandırır. Bu potensialdan səmərəli istifadə edilməsi Zəngilanı iqtisadi fəallığın, müasir logistikanın və regional əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevirə bilər. Beləliklə, şəhərin azadlığı ilə başlanan tarixi yol bu gün onun sosial-iqtisadi dirçəlişi və ölkəmizin ümumi inkişaf strategiyasına verdiyi töhfələrlə davam edir. Zəngilanın timsalında bir həqiqət aydın görünür: torpağın azadlığı hərbi qələbə ilə təmin olunur, onun əsl dirçəlişi isə dövlətin davamlı siyasəti, insanların zəhməti və gələcəyə inamı ilə möhkəmlənir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə Azərbaycan xalqına öz gücünü, birliyini və iradəsini nümayiş etdirmək imkanı verdi. Bu gün həmin Qələbənin nəticələrini qorumaq, azad edilmiş əraziləri inkişaf etdirmək və gələcək nəsillərə firavan Azərbaycan miras qoymaq qarşıda duran mühüm vəzifələrdəndir.

Bu gün Zəngilana aparan Zəfər yolu Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsi kimi yaşayır. Həmin yolun hər mərhələsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi dayanır. Zəngilanın azadlığı ilə tarixi ədalət bərpa edildi, onun dirçəlişi ilə isə yeni gələcəyin təməli qoyuldu. Doğma torpaqlarına qovuşan Zəngilan Azərbaycanın gücünün, birliyinin və quruculuq əzminin canlı ifadəsidir. Bu şəhərin hər yeni inkişaf mərhələsi bir həqiqəti təsdiqləyir - Vətənə bağlılıq, dövlətə sədaqət və milli iradə birləşəndə ən böyük arzular belə gerçəyə çevrilir.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər