İyirmi yeddi illik həsrətə son qoyan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 25 oktyabr tarixi təqvimimizdə sadəcə bir gün deyil, milli qürurumuzun təməl daşlarından biridir. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş Qubadlı Şəhəri Günü xalqımızın sarsılmaz birliyinin, ordumuzun rəşadətinin və tarixi ədalətin bərqərar olmasının rəmzidir. Bu tarix, Şərqi Zəngəzurun qapısı sayılan strateji bir bölgənin qəhrəmanlıq dastanı, xalqımızın milli mənliyinin və dövlətimizin qüdrətinin nümayişidir.
1993-cü ilin avqustunda erməni işğalçılarının tapdağı altına düşən, viran edilən Qubadlı rayonu otuz ilə yaxın müddətdə görünməmiş vandalizmə məruz qaldı. Düşmən təkcə evləri, kəndləri deyil, buradakı qədim tarixi-mədəni abidələri, məscidləri, ziyarətgahları dağıtdı, bölgənin zəngin meşələrini və təbiətini məhv edərək ekoloji terror törətdi. Lakin qubadlılar heç vaxt öz doğma yurdlarına qayıtmaq ümidini itirmədilər və dövlətimizin gücünə hər zaman sarsılmaz inam bəslədilər.
2020-ci ilin payızında bu inam reallığa çevrildi. Qubadlı şəhəri öz əsl sahiblərinə qovuşdu. Bu şanlı qələbənin memarı, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevdir. Dövlət başçısının nümayiş etdirdiyi dəmir iradə, hərbi-diplomatik düha və sarsılmaz qətiyyət 44 günlük Vətən müharibəsində xalqımızı vahid yumruq ətrafında birləşdirdi. Cəbrayıl və Zəngilan istiqamətindən irəliləyən qəhrəman ordumuz Ali Baş Komandanın strateji tapşırıqlarını və hərbi taktikalarını yüksək peşəkarlıqla icra edərək, relyef baxımından olduqca mürəkkəb olan bu ərazidə düşmənin keçilməz hesab etdiyi müdafiə xətlərini və istehkamlarını darmadağın etdi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması xəbərini xalqa çatdıran Prezident İlham Əliyev bu zəfərlə Şərqi Zəngəzurun tamamilə dirçəlməsinə gedən yolu açdı və Azərbaycanın hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu qələbə müharibənin taleyini həll edən əsas strateji gedişlərdən biri oldu.
Müharibə bitdikdən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda genişmiqyaslı sürətli bərpa və yenidənqurma meydanına start verildi. Dövlət başçısının rayona mütəmadi səfərləri, yeni infrastruktur obyektlərinin, o cümlədən Qubadlı şəhərinin Baş planının təsdiqlənməsi, ilk yaşayış məhəllələrinin, müasir xəstəxana, inzibati mərkəz və məktəb binalarının təməlini şəxsən qoyması onun bu torpaqlara, bu bölgənin insanlarına verdiyi yüksək dəyərin bariz nümunəsidir. İşğal dövründə daşı daş üstündə qalmayan şəhərdə indi Prezidentin xüsusi diqqəti sayəsində regionun loqistika mərkəzinə çevriləcək müasir yollar çəkilir, yarımstansiyalar tikilir, kənd təsərrüfatı və sənaye potensialı yenidən canlandırılır. "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımızın öz doğma yurdlarında rahat və təhlükəsiz yaşaması üçün hər cür müasir "ağıllı şəhər" və "ağıllı kənd" elementləri tətbiq olunmaqdadır.
Bizə bu şanlı qələbəni yaşadan, başımızı dik, alnımızı açıq edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! Xalqımızı müzəffər, dövlətimizi qalib rütbəsinə ucaldan Ali Baş Komandanımıza və qəhrəman ordumuza eşq olsun! Qubadlı Şəhəri Günü mübarək olsun – Müzəffər Liderimizin rəhbərliyi ilə Şərqi Zəngəzurun intibahı əbədidir!
Sitarə Babayeva
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının məsləhətçisi